Səudiyyə Ərəbistanı ilk dəfə “Eurofighter Typhoon”un ağır texniki xidmətini ölkə daxilində tamamlayıb

2026/06/1782110838.jpg
Oxunub: 180     10:45     22 İyun 2026    
Səudiyyə Ərəbistanı müdafiə sənayesinin lokallaşdırılması proqramı çərçivəsində növbəti mühüm mərhələni uğurla başa vurub.

Ordu.az xəbər verir ki, Taif şəhərində yerləşən Kral Fəhd Hərbi Hava Bazasında fəaliyyət göstərən texniki xidmət mərkəzi Kral Səudiyyə Hərbi Hava Qüvvələrinə məxsus “Eurofighter Typhoon” qırıcısının 2500 uçuş saatı üçün nəzərdə tutulan ağır texniki xidmət proqramını ilk dəfə ölkə daxilində həyata keçirib.

Məlumata görə, 180 gün davam edən texniki xidmət işlərinin tamamilə Səudiyyə Ərəbistanında yerinə yetirildiyi, prosesdə iştirak edən mütəxəssislərin isə 80 faizinin Səudiyyə vətəndaşları olduğu bildirilib.

İndiyədək “Eurofighter Typhoon” qırıcılarının ən mürəkkəb texniki xidmət və modernləşdirmə işləri əsasən Avropadakı sertifikatlaşdırılmış mərkəzlərdə aparılırdı.

Taifdə həyata keçirilən bu layihə Səudiyyə Ərəbistanının həmin sahədə texniki imkanlarının yeni səviyyəyə yüksəldiyini nümayiş etdirib.

Ağır texniki xidmət prosesi zamanı təyyarənin konstruktiv hissələri sökülərək ətraflı yoxlanılıb, kritik sistemlər sınaqdan keçirilib və zəruri komponentlər dəyişdirilib. İşlər tamamlandıqdan sonra təyyarə yenidən sertifikatlaşdırılıb və döyüş tapşırıqlarını yerinə yetirmək üçün istifadəyə qaytarılıb.

Səudiyyəli müdafiə eksperti Süleyman Əl-Muqimin sözlərinə görə, bu müəssisə “Eurofighter Typhoon” üçün belə səviyyədə ağır texniki xidmət göstərmək səlahiyyətinə malik Avropadan kənardakı yeganə sertifikatlaşdırılmış mərkəzdir. Hazırda Kral Səudiyyə Hərbi Hava Qüvvələrinin silahlanmasında 72 ədəd “Eurofighter Typhoon” qırıcısı mövcuddur. Onlardan 71-i aktiv istismar olunur və hamısı Taifdə yerləşən 2-ci Hava Qanadının tərkibində xidmət göstərir.

Yəmən sərhədinə yaxın yerləşən baza əməliyyat fəaliyyətində intensiv istifadə olunduğundan qırıcıların uçuş saatları sürətlə artır. Buna görə də ağır texniki xidmət imkanlarının ölkə daxilində yaradılması logistik baxımdan böyük əhəmiyyət daşıyır.

“BAE Systems” və “Al-Salam Aircraft” arasında imzalanmış sazişlər çərçivəsində Səudiyyə Ərəbistanında texniki xidmət və modernləşdirmə infrastrukturunun qurulması, texnologiya transferi və minlərlə səudiyyəli texnikin hazırlanması nəzərdə tutulurdu.

İlk 2500 saatlıq ağır texniki xidmət proqramının uğurla tamamlanması Səudiyyə Ərəbistanının Vision 2030 strategiyası çərçivəsində hərbi xərclərin 50 faizinin lokallaşdırılması hədəfi baxımından mühüm mərhələ hesab olunur.

Bununla yanaşı, Ər-Riyadın əlavə 48 ədəd “Eurofighter Typhoon” qırıcısının alınması ilə bağlı danışıqlar apardığı da məlumdur.

Mümkün müqavilə imzalanacağı təqdirdə Səudiyyə Ərəbistanının “Eurofighter Typhoon” parkı 120 təyyarəyə çatacaq və ölkədaxili texniki xidmət mərkəzinin iş yükü əhəmiyyətli dərəcədə artacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistanı   Eurofighter-Typhoon  


Bizi "telegram"da izləyin