Sülh dövrünün sənayesi müharibə tempinə dözmür: ABŞ niyə raket istehsalını artıra bilmir?

2026/06/Ekran-1782108019.jpg
Oxunub: 299     10:12     22 İyun 2026    
ABŞ-də raket istehsalına təsir edən təchizat zənciri məhdudiyyətləri struktur xarakter daşıyır. Bu problemləri sadəcə daha çox maliyyə ayırmaqla həll etmək mümkün deyil.

ABŞ-nin Yaxın Şərqdə apardığı müharibələrdən qaynaqlanan ən ciddi problemlərdən biri onun hava hədəflərini məhv etmək üçün istifadə olunan önləyici raket ehtiyatlarının sürətlə tükənməsidir. Tramp administrasiyası dövründə Yaxın Şərqdə aylarla davam edən əməliyyatlar, yəni əvvəlcə Yəməndə husi üsyançılarına qarşı “Operation Rough Rider”, daha sonra İrana qarşı daha genişmiqyaslı “Operation Epic Fury” əməliyyatı, həmçinin 7 oktyabrdan sonrakı dövrdə İsrailin hava hücumundan müdafiə sistemlərinə davamlı dəstək qabaqcıl önləyici raketlərin ABŞ müdafiə sənayesinin onları əvəz edə biləcəyindən qat-qat sürətli şəkildə sərf olunmasına səbəb olub.

Amerikalıların əksəriyyəti raket istehsalı sürətindən narahat olmasa da, problem əhəmiyyətsiz deyil. Əksinə, vəziyyət o qədər ciddidir ki, ABŞ-nin azalmış raket ehtiyatları artıq daha geniş strateji planlaşdırmaya və qüvvələrin yerləşdirilməsi ilə bağlı qərarlara, xüsusilə Asiyada, təsir göstərir.

Sursat çatışmazlığının səbəbi sənaye darboğazlarıdır

Aydındır ki, ABŞ Müharibə Nazirliyi raketlərin istifadə tempi və ya mövcud ehtiyatlarının həcmi ilə bağlı məlumatları açıqlamır. Bununla belə, Yaxın Şərqdə raket istifadəsi ilə bağlı məlumatlar və ABŞ müdafiə şirkətlərinin istehsal imkanları əsasında vəziyyətin ümumi mənzərəsini təsəvvür etmək mümkündür.

SM-2 və SM-6

Məlum olur ki, ən ciddi ehtiyat bərpası problemi ilə üzləşən raketlər, ehtimal ki, Hərbi Dəniz Qüvvələrinin əsas önləyici vasitələri olan SM-6 və SM-2 raketləridir. Bu raketlər aviadaşıyıcıları, esminesləri, amfibiya qruplarını və digər mühüm dəniz obyektlərini qoruyur.

Son müharibələr zamanı Qırmızı dənizdə və Fars körfəzində fəaliyyət göstərən ABŞ esminesləri ballistik raketlərə, qanadlı raketlərə və kamikadze tipli Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı dəfələrlə kütləvi raket buraxılışları həyata keçiriblər. İstifadə tempi davamlı deyil. Məlumatlara görə, təkcə “Operation Epic Fury” zamanı yüzlərlə raket sərf olunub.

Digər tərəfdən, SM-6 raketinin əsas istehsalçısı olan RTX (Raytheon) ildə cəmi 125-200 raket istehsal edir. Başqa sözlə, ABŞ İran əleyhinə məhdud strateji fayda verən bir neçə aylıq kampaniya zamanı bir neçə illik istehsal gücünü sərf edib.

PAC-3 (Patriot) raketləri

Əsasən ABŞ Quru Qoşunlarının istifadəsində olan PAC-3 MSE ehtiyatları da ciddi təzyiq altındadır. PAC-3 (əsas buraxılış platforması olan MIM-104 “Patriot” hava hücumundan müdafiə sistemi ilə əlaqədar daha çox “Patriot raketi” kimi tanınır) ABŞ-nin ballistik raketlərə və qabaqcıl hava təhdidlərinə qarşı ən mühüm önləyici raketidir.

Lakin “Lockheed Martin” hazırda ildə yalnız 550-650 “Patriot” raketi istehsal edir və bu raketlər təkcə Yaxın Şərq üçün deyil, dünyanın müxtəlif bölgələrində yerləşən ABŞ qüvvələri üçün nəzərdə tutulur.

Ukrayna müharibəsi artıq Bayden administrasiyası dövründə ABŞ-ni NATO müttəfiqlərinə göndərilməsi nəzərdə tutulan PAC-3 raketlərini Ukraynaya yönəltməyə məcbur etmişdi. Yaxın Şərqdəki mövcud böhran vəziyyəti daha da ağırlaşdırıb.

Raket çatışmazlığı PAC-3 istehsalına böyük həcmdə yeni investisiyaların yatırılmasına və istehsalın digər ölkələrə verilməsi kimi yaradıcı həllərin tətbiqinə səbəb olub. “Lockheed Martin” raket istehsalını Yaponiyaya lisenziyalaşdırıb ki, sonradan həmin məhsullar yenidən ABŞ-yə ixrac olunsun.

AIM-120 AMRAAM

Ümumi təyinatlı “hava-hava” raketi olan AIM-120 AMRAAM da təzyiq altındadır.

Problem ondadır ki, AMRAAM raketindən demək olar ki, hər kəs istifadə edir. Bu raket ABŞ Hərbi Hava Qüvvələrinin və Hərbi Dəniz Qüvvələrinin qırıcı təyyarələrini, NATO və Sakit okean regionundakı müttəfiq hava qüvvələrini, Ukraynanın hava hücumundan müdafiə sistemlərini və NASAMS batareyalarını təchiz edir.

Bu istifadəçilərin hamısı eyni istehsal xəttindən yararlanır. AMRAAM raketinin istehsalçısı olan RTX ildə təxminən 1200 raket istehsal edir. Şirkət 2028-ci ilə qədər istehsal gücünü iki dəfə artırmağı planlaşdırır və bu məqsədlə yeni istehsal xətlərinə investisiya yatırıb.

Çatışmazlığı azaltmaq üçün Pentaqonun tərəfdaş ölkələrdən köhnə AMRAAM ehtiyatlarını əldə etmə imkanlarını araşdırdığı bildirilir.

ABŞ niyə sadəcə daha çox raket istehsal etmir?

Əsas məhdudiyyət maliyyə deyil, sənaye imkanlarıdır. Bir sıra vacib komponentlərin istehsalını sürətlə artırmaq çətindir və bu da bütün raket təchizat zəncirində darboğaz yaradır.

Bərk yanacaqlı raket mühərrikləri

Konstruksiyalarının fərqli olmasına baxmayaraq, demək olar ki, bütün qabaqcıl önləyici raketlər eyni yüksək dərəcədə mərkəzləşdirilmiş raket mühərriki istehsal sektorundan asılıdır. Bu mühərrikləri istehsal etmək çətindir və yüksək ixtisaslı insan resursu tələb edir.

İxtisaslı işçi qüvvəsi

Bir çox raket komponentlərinin istehsalı xüsusi hazırlıq keçmiş texniki mütəxəssislər tələb edir və onların hazırlanması illərlə vaxt aparır. Problem yalnız peşəkar biliklə məhdudlaşmır. Həssas vəzifələrdə çalışan bir çox mütəxəssis istehsal sirlərini ABŞ-nin rəqiblərinə ötürməyəcəklərini təmin etmək üçün ciddi təhlükəsizlik yoxlamalarından keçməlidirlər. Bu isə hökumətin məhdud araşdırma resurslarına əlavə yük yaradır.

Dəqiq istehsal avadanlıqları

Bir çox komponent öz növbəsində istehsalı bahalı olan və ayrıca təchizat zənciri problemlərinə malik qabaqcıl avadanlıqlardan asılıdır. Bu avadanlıqların istehsalı artırılsa da, onların hazırlanması vaxt tələb edir və bir gecədə genişləndirilə bilməz.

Nəticə etibarilə, ABŞ müdafiə sənayesi qəfil müharibə şəraitində sürətli istehsal artımı üçün deyil, sülh dövründə tədrici satınalmalar üçün optimallaşdırılıb.

Pentaqonun sursat böhranına həlli: Daha çox pul

Vaşinqton vəziyyətə yalnız yaxşı bildiyi üsulla, yəni daha çox maliyyə ayırmaqla reaksiya verir. Son müdafiə büdcələrində satınalma xərcləri əhəmiyyətli dərəcədə artırılıb. SM raketləri üçün ayrılan vəsait 2026-cı maliyyə ilindəki 1,26 milyard dollardan 2027-ci maliyyə ilində 8,5 milyard dollara yüksəlib. Məqsəd ehtiyatları bərpa etməklə yanaşı, gələcək istehsal imkanlarını genişləndirməkdir.

Təəssüf ki, raket ehtiyatlarını tez bir zamanda bərpa etmək mümkün deyil. Dünyadakı bütün maliyyə vəsaiti ayrılsa belə, SM-6 raketlərinin 2025-ci ildən əvvəlki ehtiyat səviyyəsinə qaytarılması 2028 və ya 2029-cu ilə qədər mümkün olmayacaq. PAC-3 raketləri üçün bu müddət 2029-cu ilin ortalarına, THAAD sistemi üçün 2029-cu ilin sonlarına, İrana qarşı əməliyyatlarda geniş istifadə olunan “Tomahawk” qanadlı raketi üçün isə təxminən 2030-cu ilə qədər uzanır.

Bir çox qabaqcıl önləyici raketin komponent istehsalından son təhvilə qədər olan dövrü təxminən iki il çəkir. Bu gecikmənin strateji nəticələri olduqca əhəmiyyətlidir. Pentaqonun Sakit okean regionu ilə bağlı planları əsasən SM-6 raketlərinə, “Patriot” sistemlərinə və THAAD komplekslərinə əsaslanır. Çinlə mümkün münaqişə zamanı bu silahlar həlledici əhəmiyyət daşıyacaq.

Yaxın Şərqdə istifadə edilən hər bir önləyici raket Sakit okean regionunda mövcud olmayacaq bir raket deməkdir. Buna görə də milyonlarla dollar dəyərində olan önləyici raketlərdən ucuz PUA-ların məhv edilməsi üçün istifadə olunması strateji baxımdan itki hesab edilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Raket   Operation-Epic-Fury  


Bizi "telegram"da izləyin