Ukrayna qüvvələri Voronejdə hərbi yarımkeçirici zavoduna zərbə endirib

2024/01/659e9-1704892496.jpg
Oxunub: 241     15:12     22 İyun 2026    
Ukrayna hərbçiləri Rusiyanın Voronej şəhərində yerləşən VZPP-S zavoduna zərbə endiriblər.

Ordu.az xəbər verir ki, bu barədə “Exilenova+” monitorinq kanalı məlumat yayıb.

Məlumata görə, müəssisə yarımkeçirici cihazlar, inteqral mikrosxemlər və güc modullarının istehsalı ilə məşğul olan Rusiyanın aparıcı müəssisələrindən biridir.

Hadisədən sonra yerli sakinlər sosial şəbəkələrdə hücumun nəticələrini əks etdirən çoxsaylı görüntülər paylaşıblar.

Bildirilir ki, zavod “X-101” qanadlı raketləri, “İsgəndər-K” və “Kalibr” raket kompleksləri, həmçinin “S-400” və “Pantsir” hava hücumundan müdafiə sistemləri üçün elektron komponentlər istehsal edir.

Söhbət təyyarə və raketlərin kompüter sistemlərində, nişangah və radiolokasiya vasitələrində istifadə olunan tranzistor blokları, matrislər və diodlardan gedir.

Voronej vilayətinin qubernatoru Aleksandr Qusev daha əvvəl regionda raket təhlükəsi elan edildiyini açıqlamışdı. Rusiya rəsmiləri zavoda endirilən zərbə ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.

Rusiyanın “Radar po vsey Rossii | BPLA” “Telegram” kanalı isə ilkin məlumata görə hücumun “Storm Shadow” raketləri ilə həyata keçirildiyini yazıb.

“Exilenova+” kanalının məlumatına əsasən, zavod əməkdaşlarının təxliyəsi üçün kifayət qədər vaxt olmayıb.

Hadisə nəticəsində ölən və yaralananlarla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin