Avtomobil benzinindən sonra Rusiyada kiçik aviasiya üçün yanacaq qıtlığı da başlayıb

2026/06/1782126403.jpg
Oxunub: 190     15:05     22 İyun 2026    
Rusiyada avtomobil benzini çatışmazlığından sonra kiçik aviasiya üçün istifadə olunan yanacağın da qıtlığı müşahidə olunmağa başlayıb.

Ordu.az xəbər verir ki, “An-2” təyyarələrinin operatorları assosiasiyası vəziyyətin pisləşməsi fonunda aviasiya kerosini və aviasiya benzininin qiymətlərinə dövlət nəzarətinin tətbiq edilməsini təklif edib.

Assosiasiyanın prezidenti Vladimir Antonovun “Kommersant” qəzetinə verdiyi məlumata görə, iri sərnişin aviaşirkətlərində yanacaq xərcləri ümumi məsrəflərin üçdə birindən çoxunu təşkil etdiyi halda, kiçik aviasiyada bu göstərici daha yüksəkdir.

Onun sözlərinə görə, bu vəziyyət daşımaların iqtisadi səmərəliliyini azaldır, xidmətlərə tələbatın və sərnişin axınının azalmasına səbəb olur.

Rusiya Nəqliyyat Nazirliyinə göndərilən məktubda xüsusilə aviasiya benzini bazarında vəziyyətin mürəkkəbləşdiyi qeyd olunub.

Bildirilib ki, qiymətlərin artması səbəbindən bazar iştirakçıları bəzən keyfiyyəti aşağı olan avtomobil yanacağından istifadə etməyə məcbur qalırlar.

“LightAir” aviaşirkətinin baş direktoru Dmitri Toropov aviasiya benzininin qiymət artımının kerosinlə müqayisə oluna biləcəyini, lakin onun əlçatanlığı probleminin daha da dərinləşdiyini bildirib.

Onun sözlərinə görə, iri hava limanları arasında aviasiya benzini yalnız Ufa və Volqoqradda mövcuddur.

Digər hava limanlarında isə kiçik aviasiya operatorları yanacağı xüsusi qablarda özləri daşımağa və ya özəl aeroklublardan əldə etməyə çalışırlar.

Aviasiya İşçiləri Assosiasiyasının icraçı direktoru Vadim Siqanaş vəziyyətin hələ kritik həddə çatmadığını, lakin bir ay ərzində ciddi problemə çevrilə biləcəyini vurğulayıb.

Kiçik Aviasiya Müəssisələri Assosiasiyasının şura sədri Sergey Detenişev isə qiymətlərə dövlət müdaxiləsinin vəziyyəti daha da ağırlaşdıra biləcəyini bildirib. Onun sözlərinə görə, qiymətlər inzibati qaydada aşağı salına bilər, lakin bu halda bazarda yanacaq ümumiyyətlə olmaya bilər.

“Kommersant”ın məlumatına görə, iri sərnişin aviaşirkətləri də yaranmış vəziyyətdən narahatdır. Mənbələr bildiriblər ki, iyunun əvvəlindən etibarən bir sıra regionlarda hava gəmilərinə marşrut dəyişikliyi və ya əlverişsiz hava şəraiti üçün nəzərdə tutulmuş əlavə yanacaq verilməsi dayandırılıb ki, bu da qıtlığın ilk əlamətlərindən biri hesab olunur.

Daha əvvəl Rusiya hökuməti daxili bazarda sabitliyi qorumaq məqsədilə aviasiya kerosininin ixracını 2026-cı il noyabrın 30-dək qadağan edib. Bu qərar mart ayının sonundan qüvvədə olan benzin ixracı qadağasından sonra qəbul olunub.

“Reuters” agentliyinin məlumatına görə, iyun ayında Ukrayna pilotsuz uçuş aparatlarının Rusiya neft emalı zavodlarına mütəmadi hücumları nəticəsində ölkədə benzin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz azalıb.

Məlumatda bildirilir ki, Kirişi, Moskva, Nijni Novqorod, Ryazan və Yaroslavldakı iri neft emalı zavodlarına endirilən zərbələrdən sonra Rusiyanın mərkəzi hissəsində emal fəaliyyəti demək olar ki, dayanıb.

Bu müəssisələr ölkədə istehsal olunan avtomobil benzininin 30 faizdən çoxunu, dizel yanacağının isə təxminən 25 faizini təmin edirdi.

Rusiya hökuməti yaranmış çatışmazlığı Belarusdan tədarükün artırılması, dəniz yolu ilə idxalın başlanması və yanacaq keyfiyyət standartlarının “Avro-3” səviyyəsinə endirilməsi hesabına aradan qaldırmağa çalışır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Yanacaq   Qıtlıq  


Bizi "telegram"da izləyin