Mərkəzi Asiyada geosiyasi qırılma: Daşkənd “Rusiyanın ön otağı” olmaqdan imtina edir

2026/06/thumb-1782107011.jpg
Oxunub: 342     09:47     22 İyun 2026    
2026-cı il iyunun 20-də Özbəkistanda “Volkswagen AG Uzbekistan” istehsal xətti istifadəyə verilib. Təntənəli mərasim Özbəkistan və Almaniya prezidentləri Şavkat Mirziyoyev və Frank-Valter Ştaynmayerin iştirakı ilə keçirilib. Almaniya son illərdə Özbəkistanda mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib.

Özbəkistanla Almaniya arasında illik ticarət dövriyyəsi 1,4 milyard dollara çatıb. Son iki ildə Özbəkistan iqtisadiyyatının müxtəlif sahələrinə Almaniya investisiyaları 2 milyard dollar həddini keçib.

“Turan Union”un məlumatına görə, Almaniya Prezidenti Ştaynmayerin Daşkəndə səfəri miqrasiya və hərəkətlilik haqqında sazişin imzalanması ilə yadda qalıb ki, bu da Almaniya tərəfinə özbək mütəxəssislərinin potensialından istifadə etmək imkanı verəcək. Həmin mənbənin məlumatına görə, hazırda 400 min özbək alman dili öyrənir, 2 mindən çox tələbə isə Almaniyanın ali təhsil müəssisələrində təhsil alır. Tərəflər Səmərqənddə Almaniya-Özbəkistan Tətbiqi Elmlər Universiteti yaratmaq niyyətindədirlər.

Almaniya Prezidentinin Özbəkistana səfəri, şübhəsiz ki, simvolik xarakter daşıyır. Ştaynmayer təcrübəli diplomatdır və uzun müddət Almaniyanın Xarici İşlər Nazirliyinə rəhbərlik edib. Berlin bununla Mərkəzi Asiyaya doğru “pəncərə” açır. Ötən il Fransa Prezidenti Emmanuel Makron Qazaxıstana səfər edib.

Xüsusilə Almaniya ilə Özbəkistan arasında miqrasiya və hərəkətlilik haqqında sazişin imzalanması diqqət çəkir. Mərkəzi Asiya ölkələri üçün otuz ildən artıq müddətdə əmək miqrasiyasının yeganə istiqaməti Rusiya olub. Bu gün Almaniya özbəkistanlı təkcə fiziki əmək işçilərini deyil, həm də texnokrat mütəxəssisləri, hətta həkimləri qəbul etməyə hazırdır.

Rəsmi Berlinin bu siyasəti, şübhəsiz ki, Özbəkistanın geosiyasi istiqamətinin “qərbləşməsinə” kömək edəcək, Almaniya investisiyaları isə yeni keyfiyyətə malik ticarət-iqtisadi münasibətlər formalaşdıracaq. Özbəkistanda nə “narıncı inqilab”, nə də “Maydan” baş verib və Şavkat Mirziyoyev qətiyyən “sorosçu” deyil. Sadəcə, Mərkəzi Asiya “Rusiyanın ön otağı” kompleksini aradan qaldırır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mərkəzi-Asiya   Rusiya   Özbəkistan  


Bizi "telegram"da izləyin