Türkiyə PUA-larından istifadə edən ilk ölkə olmadı. Lakin bu sistemlərdən ən effektiv istifadə edən və onların hansı imkanlara malik ola biləcəyi barədə yeni doktrinalar formalaşdıran ən mühüm mərkəzlərdən birinə çevrildi. Bu prosesdə əvvəlcə müşahidə və zərbə tipli PUA-lar kəşfiyyat, müşahidə və məlumat toplama tapşırıqlarında istifadə olundu. Daha sonra Türkiyə mühəndislərinin hazırladığı sursatlar bu sistemlərə inteqrasiya edildi. Məhz həmin andan etibarən onlar döyüş meydanında oyunun qaydalarını dəyişən amillərdən birinə çevrildi.
Bu gün gəldiyimiz nöqtədə Türkiyə istehsalı olan müşahidə və zərbə tipli PUA-ların yalnız “hədəfi aşkar et və məhv et” konsepsiyasından çox daha geniş imkanlara malik ola biləcəyinin siqnalları verilir. Bir neçə gün əvvəl başa çatan “Denizkurdu-II” təlimində yerinə yetirilən bir tapşırıq yaxın gələcəkdə bizi nələrin gözlədiyini göstərməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Türkiyə PUA-ları radioelektron hücum həyata keçirə biləcək
Təlim çərçivəsində TCG ANADOLU gəmisində yerləşdirilən “Bayraktar” TB-3 zərbə tipli PUA ASELSAN istehsalı olan ANTİDOT podları ilə havaya qalxdı.
Burada qısa olaraq həmin podlardan bəhs edək. ANTİDOT 2-U/ES 100 podu elektron dəstək təmin edir. O, düşmən radarlarının yerini müəyyən edə və digər kritik məlumatları əldə edə bilir.
İstifadə olunan digər pod isə ANTİDOT 2-U/EA 200 olub. Bu pod radioelektron hücum həyata keçirə bilir. Yəni o, təkcə düşmən vasitələrinin yerini müəyyən etmir, həm də onları sıxışdıra, fəaliyyətlərini məhdudlaşdıra və ciddi şəkildə qarışdıra bilir.
Burada xüsusi vurğulanmalı məqam ondan ibarətdir ki, dünyada ilk dəfə gəmidən havaya qalxan bir zərbə tipli PUA radioelektron hücum qabiliyyətinə malik olub. Bu, təkcə Türkiyə üçün deyil, Ankaranın dostları və müttəfiqləri üçün də son dərəcə mühüm imkanların qapısını açır.
Türkiyə Hərbi Dəniz Qüvvələri böyük imkan əldə etdi
Bəhs etdiyimiz radioelektron dəstək və radioelektron hücum tapşırıqlarının insansız sistemlərlə yerinə yetirilməsi böyük yenilikdir. Türkiyə Hərbi Dəniz Qüvvələri bu vəzifələri havadan icra etmək üçün əvvəllər dəniz patrul təyyarələrindən və sualtı qayıqlara qarşı mübarizə helikopterlərindən istifadə edirdi. Hərbi Hava Qüvvələri isə müxtəlif xüsusi təyinatlı təyyarələrdən yararlanırdı.
Lakin hər iki halda insan amilinin riskə atılması kimi ciddi çatışmazlıq mövcud idi. Ya tapşırığın xarakterinə görə çox böyük risk götürərək düşmənə həddindən artıq yaxınlaşmalı olurdunuz, ya da kifayət qədər yaxınlaşa bilmədiyiniz üçün istənilən nəticəni əldə edə bilmirdiniz.
Türkiyə bu problemə həll yolu tapdı. Son dərəcə inkişaf etmiş və demək olar ki, lələk qədər yüngül podlar hazırladı. Bu podları öz platformalarına inteqrasiya etməklə çox mühüm bir ilkə imza atdı.
Onların yüngül olması vacib amildir. Çünki PUA nə qədər az yüklə havaya qalxarsa, havada qalma müddəti və uçuş mənzili də bir o qədər artır.
Hazırda bu podlarla təchiz olunmuş Türkiyə zərbə tipli PUA-ları təkcə dənizdəki düşmən gəmilərinə qarşı istifadə olunmayacaq. Ada və adacıqlar kimi ərazilərdə kritik hədəflərin aşkar edilməsi və məhv edilməsində, sahillərdə yerləşən strateji nöqtələrin vurulmasında da son dərəcə effektiv imkanlar əldə ediləcək.
TCG ANADOLU və zərbə tipli PUA-ların birlikdə fəaliyyətini təlim zamanı izləyən NATO komandanları da heyranlıqlarını açıq şəkildə ifadə etmişdilər.
NATO-da bunu ABŞ və Türkiyədən başqa bacaran ölkə yoxdur
Məlum olduğu kimi, Türkiyə yaxın gələcəkdə NATO sammitinə ev sahibliyi edəcək. Ankaraya gələcək dövlət başçılarının və nümayəndə heyətlərinin diqqəti həm də Türkiyə müdafiə sənayesinə yönələcək. Dənizdə yerləşən bir gəmidən zərbə tipli PUA qaldıraraq radioelektron hücum həyata keçirə bilən yeganə ölkənin Türkiyə olması bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Bundan əlavə, insansız sistemlərə elektron dəstək və ya radioelektron mübarizə podları inteqrasiya edə bilən ölkələrin sayı da çox azdır. Açıq mənbələrdə yer alan məlumatlara görə, Türkiyə və ABŞ-dən başqa bu qabiliyyətə malik olduğunu nümayiş etdirən NATO üzvü yoxdur.
Bu vəziyyət radioelektron dəstək və radioelektron hücum vəzifələrini yerinə yetirə bilən Türkiyə zərbə tipli PUA-ları üçün başda Avropa olmaqla dünyanın müxtəlif bölgələrində ciddi ixrac potensialı yaradır.
Ankara ortaya qoyduğu bu yol xəritəsi ilə zərbə tipli PUA-nı, onun sursatlarını, radioelektron mübarizə podlarını, qabaqcıl sensorlarını və kameralarını öz gücü ilə istehsal edə bildiyini bütün dünyaya nümayiş etdirir. Beləliklə, Türkiyənin qapısını döyən ölkələr hazır və tam formalaşmış bir ekosistemlə qarşılaşırlar.
Sonda Türkiyənin yaxın gələcəkdə bu sahədəki digər hədəfinə də toxunaq. BAYKAR tərəfindən hazırlanan AKINCI platformasına radioelektron mübarizə və radioelektron hücum sahəsində ən qabaqcıl sistemlərin inteqrasiyası üzrə işlər davam edir. Bu layihə tamamlandıqdan sonra Türkiyə HAVA-SOJ kimi son dərəcə mühüm bir vəzifəni PUA vasitəsilə yerinə yetirməyi bacaran nadir ölkələrdən birinə çevriləcək.
Sevinc Əliyeva
Ordu.az