Ordu.az xəbər verir ki, bunu “Şant” televiziya kanalına müsahibəsində İranın Ermənistandakı səfiri Xəlil Şirğolami deyib.
Səfirə “İranın qiymətləndirməsinə görə bu müharibənin əsl məqsədi nədir və bu ssenari onlar üçün əvvəlcədən proqnozlaşdırıla bilərdimi?” sualı verildikdə o cavab verib: “Biz danışıqlara çox ciddi və səmimi niyyətlə başlamışdıq və onları eyni ciddiyyətlə davam etdirdik. Cenevrədə keçirilən son mərhələdə İran tərəfi prinsipial və hərtərəfli razılaşmaya yaxınlaşmaq və bu razılaşmanın əsaslarını yaratmaq məqsədilə çox praktik və cəlbedici təkliflər paketi təqdim etmişdi. Danışıqlardan sonra Amerika tərəfinin bəyanatlarına baxsanız, görərsiniz ki, onlar da danışıqların yaxşı istiqamətdə getdiyini qeyd etmişdilər. Lakin cənab Tramp təəssüf ki, ətrafındakı bəzi müharibə həvəskarı şəxslərin, o cümlədən daim münaqişələri qızışdırmağa və xərclər yaratmağa çalışan Netanyahunun təsiri ilə bu təcavüzkar müharibəyə qoşuldu. Bu xərclər Amerika xalqının cibindən ödənilir, lakin “sionist rejim”in maraqlarına xidmət edir.
Diplomatik proses normal şəkildə davam etdiyi bir vaxtda onlar qəfil şəkildə İrana hücum etdilər. Əlbəttə, biz hadisələrin belə inkişaf ehtimalını istisna etmirdik, buna görə də silahlı qüvvələrimiz tam hazır vəziyyətdə idi. Biz həmçinin xəbərdarlıq etmişdik ki, ABŞ-nin İrana qarşı hücum həyata keçirmək üçün istifadə edəcəyi hər hansı ərazi və ya ölkə bizim üçün qanuni hədəfə çevriləcək.
Biz real və səmimi danışıqlar prinsiplərinə sadiq qaldıq, lakin məhz onlar bu prinsiplərə xəyanət edərək bu təcavüzkar müharibəni başladılar”.
İranın xarici işlər naziri Abbas Əraqçinin atəşkəs ehtimalını rədd etdiyini və münaqişənin daimi şəkildə başa çatmalı olduğunu bildirdiyini xatırladan suala cavab olaraq Şirğolami deyib: “Bu mövqe 12 günlük müharibənin təcrübəsinə əsaslanır. Həmin müharibənin ikinci günü cənab Trampın səsləndirdiyi qeyd-şərtsiz təslim şüarı bir neçə gün sonra qeyd-şərtsiz atəşkəsə çevrildi. Onlar atəşkəs üçün müraciət etdilər, çünki İsrail rejimi ağır zərbələr alırdı və İranın gücündən təəccüblənmişdilər. İran xoş niyyət nümayiş etdirərək bunu qəbul etdi. Təcrübə göstərdi ki, kövrək atəşkəs işləyə bilməz, çünki düşmən hər an və hər dəfə öz təcavüzünü davam etdirə bilər. Buna görə də indi mövqeyimiz belədir ki, əgər atəşkəs olmalıdırsa, birincisi İrana qarşı “sionist rejim”in və Amerikanın təcavüzü dayandırılmalıdır, ikincisi isə atəşkəs üçün aydın hüquqi və institusional mexanizm müəyyən edilməlidir. Bu mexanizm daha çox BMT və BMT Təhlükəsizlik Şurası çərçivəsində formalaşmalı, yazılı sənədə çevrilməli və təcavüzkarın kim olduğu müəyyən edilməlidir.
Yəni beynəlxalq ictimaiyyət kimlərin təcavüzkar olduğunu qəbul etməli və həmin təcavüzkarlar qınanmalıdır.
Həmçinin təcavüzkarların İran İslam Respublikasına vurduğu zərərlər və kompensasiyalar məsələsi də dəqiqləşdirilməlidir. Əgər atəşkəs və ya sülh olacaqsa, bu etibarlı beynəlxalq sənədə çevrilməlidir ki, onlar istədikləri vaxt öz düşmən və təcavüzkar hərəkətlərini yenidən təkrarlaya bilməsinlər. Bu bizim prinsipial mövqeyimizdir.
Atəşkəslə bağlı yenidən məlumatlar yayıldığına görə İran İslam Respublikası bildirir ki, buna etibar edə bilməz. Siz atəşkəsdən danışırsınız, çünki təzyiq altına düşmüsünüz, çünki İranın liderini və hərbi komandanlarını öldürməklə nail olacağınızı düşündüyünüz məqsədlərə çata bilməmisiniz və İran İslam Respublikasının atəş gücündən təəccüblənmisiniz.
Fars körfəzində yerləşən aviabazalarınızda bir neçə trilyon dollar dəyərində kapitalınız məhv edilib, çoxlu ölən və yaralananlarınız var və indi atəşkəsdən danışmağa gəlmisiniz.
Nə qədər lazım olsa, İran bu hücuma qarşı özünü müdafiə etməyə hazırdır. Bizim zaman baxımından heç bir məhdudiyyətimiz yoxdur”.
Alpər Mövludoğlu
Ordu.az