Rus KİV-i: Erməni üsulu ilə diversifikasiya: rus sərhədçiləri Türkiyə ilə sərhəddə yerləşən “Axurik” postunu tərk ediblər

2026/03/1773131011.jpg
Oxunub: 509     12:21     10 Mart 2026    
Rus sərhədçiləri Ermənistan-Türkiyə sərhədində yerləşən “Axurik” keçid məntəqəsindən çıxarılıb və bundan sonra orada Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları xidmət aparır. Bu barədə Ermənistan hökumətinin 2025-ci il proqramının icrasına dair hesabatında bildirilir.

Ordu.az xəbər verir ki, bu barədə “Vpoanalytics.com” nəşri “Erməni üsulu ilə diversifikasiya: rus sərhədçiləri Türkiyə ilə sərhəddə yerləşən “Axurik” postunu tərk ediblər” başlıqlı məqlaəsində yazıb.

Nəşr qeyd edib ki, hesabatda deyilir: “2025-ci il martın 1-dən etibarən Ermənistan-Türkiyə dövlət sərhədində yerləşən “Marqara” nəzarət-buraxılış məntəqəsi yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin qoşunları ilə təmin edilib. 2026-cı ilin əvvəlindən isə Ermənistan-Türkiyə dövlət sərhədində yerləşən “Axurik” keçid məntəqəsi də yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin qoşunları ilə təmin olunub. Hazırda Ermənistanın dövlət sərhədində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin tam nəzarəti altında olmayan heç bir fəaliyyət göstərən nəzarət-buraxılış məntəqəsi yoxdur”.

Müəllif yazıb ki, “Axurik” keçid məntəqəsi Gümrü şəhərinin qərbində, Rusiyanın 102-ci hərbi bazasının yerləşdiyi ərazidə, sərhədyanı Axuryan şəhəri və eyniadlı su anbarının yaxınlığında yerləşir. Ermənistan-Türkiyə sərhədinin ümumi uzunluğu təxminən 400 km təşkil edir.

“Bir gün əvvəl Türkiyə ilə aktiv dialoqdan danışan Nikol Paşinyan rus tərəfinin çıxarılması planlarının olmadığını bildirmiş və bunun təhlükə yaratmadığını qeyd etmişdi. Bununla belə istisna edilmir ki, seçkilərdən sonra hakim “Vətəndaş Müqaviləsi” partiyası üçün nəticələr kifayət qədər əlverişli olarsa, bu xətt yenidən dəyişdirilə bilər.

Rusiyanın “Telegram” kanallarından biri xatırladır: “Ermənistan hakimiyyəti artıq dəfələrlə bəyan edib... Gümrüdəki hərbi baza mövzusu Paşinyan tərəfindən Kreml ilə danışıqlarda bir növ xırda “ticarət aləti” kimi fəal şəkildə istifadə olunur. Ermənistan iqtisadi baxımdan Rusiyadan asılı olaraq qalır, lakin onun xarici siyasət istiqaməti sürətlə dəyişir”.


Daha əvvəl, 2024-cü ilin yayında Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin hərbçiləri “Zvartnots” hava limanındakı keçid məntəqəsini tərk etmişdilər. 2025-ci ilin yanvarından isə Ermənistan-İran sərhədində yerləşən (Mehri hissəsində) keçid məntəqəsindən də çıxarılmışdılar”, - deyə nəşr bildirib.

KİV yazıb ki, beləliklə, hazırda Ermənistanın dövlət sərhədində fəaliyyət göstərən heç bir keçid məntəqəsi milli sərhəd xidmətinin tam nəzarətindən kənarda deyil.

“Ermənistan Milli Təhlükəsizlik Xidməti xatırladır ki, “əvvəllər rus sərhədçiləri ikitərəfli razılaşmalara əsasən uzun müddət Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədinin ayrı-ayrı hissələrinin mühafizəsini təmin ediblər. Funksiyaların ötürülməsi mərhələli şəkildə həyata keçirilir və Ermənistanın öz dövlət sərhədləri üzərində suveren nəzarətinin gücləndirilməsi ilə bağlı proseslərin bir hissəsidir”.

Media Ermənistan tərəfinin Rusiyadan uzaqlaşmağa yönəlmiş bu addımını məmnuniyyətlə qarşılayıb. Onların qeyd etdiyinə görə, “Ermənistandan rus sərhədçilərinin çıxarılması məsələsi erməni-rus münasibətlərinin gündəliyində dönüş nöqtələrindən biridir. 2024-cü ilin iyulunda erməni tərəfinin tələbi ilə üç onillikdən sonra rus sərhədçiləri “Zvartnots” beynəlxalq hava limanını tərk etdilər. Onların xidmətinin başa çatması haqqında protokol Ermənistan sərhəd qoşunlarının komandanı və Ermənistandakı FTX Sərhəd İdarəsinin rəhbəri tərəfindən imzalanıb. Qərblə fəal yaxınlaşma fonunda Ermənistan hakimiyyətinin belə addımı Kreml üçün, yumşaq desək, xoşagəlməz siqnal idi”.

Türkiyə tərəfinin aktivliyini nəzərə alsaq (artıq “Marqara” keçid məntəqəsi ətrafında tikinti işlərinə başlayıb), rus sərhədçilərinin “Axurik” postundan çıxarılması qərarının Ermənistan-Türkiyə sərhədinin açılması planları ilə əlaqəli olması da istisna edilmir”, - deyə nəşr bildirib.

Müəllifin sözlərinə görə, buna dolayısı ilə erməni KİV-lərində yayılan məlumatlar da işarə edir.

“Bildirilir ki, hazırda “Türkiyə ilə birlikdə Türkiyə istiqamətində dəmir yolu xəttinin texniki vəziyyətinin qiymətləndirilməsi həyata keçirilir”. Söhbət 1993-cü ilin yazından Ankara tərəfindən bağlanmış Gümrü (keçmiş Aleksandropol, sonra Leninakan) - Axuryan - Doğukapı - Qars dəmir yolu xəttindən gedir. Bu xətt 1912-1992-ci illərdə fəaliyyət göstərmişdi (1942-45 və 1947-53-cü illərdə sovet-türk münasibətlərinin kəskinləşməsi dövründə fasilələrlə).

Bundan əlavə, fevralın sonunda Rusiyanın nəqliyyat nazirinin müavini Dmitri Zverevin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistan tərəfi ilə görüş keçirib. Ermənistanın ərazi idarəetməsi və infrastruktur nazirinin müavini Armen Simonyanın rəhbərlik etdiyi görüşdə avtomobil, hava və dəmir yolu nəqliyyatı, həmçinin rəqəmsallaşma sahələrində rus-erməni əməkdaşlığının geniş məsələləri müzakirə olunub. Ermənistan ərazisində dəmir yolu hissələrinin bərpasına xüsusi diqqət yetirilib”, - deyə məqalədə qeyd edilib.

Nəşr bildirib ki, rus danışıqlar qrupunda “Rusiya Dəmir Yolları” şirkətinin baş direktorunun birinci müavini Sergey Pavlov da iştirak edib. O, əvvəllər bu şirkətin xaricdə infrastruktur layihələrini həyata keçirən törəmə müəssisəsinə rəhbərlik edib.


“Bu fonda müşahidəçilər hesab edirlər ki, Paşinyanın istəklərinə uyğun olaraq Ermənistanın Naxçıvan və Türkiyə ilə əlaqəsini təmin edəcək Arazdəyən və Axurik dəmir yolu keçidlərində işlər tezliklə başlaya bilər. Paşinyan daha əvvəl “Rusiya Dəmir Yolları” şirkəti ilə konsessiya müqaviləsinin yenidən nəzərdən keçirilə biləcəyinə də işarə etmişdi (əlbəttə ki, İrana qarşı aqressiya planlara düzəliş etməsə).

Yanvarın ortalarında Ermənistan hökumətinin rəhbəri Türkiyə ilə sərhəddə bir neçə yeni körpü keçidinin tikilə biləcəyini də açıqlamışdı. Ehtimal olunur ki, onlardan biri Armavir vilayətində “Marqara” keçid məntəqəsi yaxınlığında, digəri isə Şirak vilayətində “Axurik” keçid məntəqəsi yaxınlığında tikiləcək.

Paşinyan, həmçinin bu ərazilərdə və Arazdəyəndə (Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə) müasir gömrük və sərhəd terminallarının tikilməsinin zəruri olduğunu qeyd edib və İcevan - Qazax hissəsində (Azərbaycanla şimal-şərq sərhədi) yeni infrastruktur layihələrinin həyata keçirilməsini də istisna etməyib”, - deyə KİV bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin