Qadınlar uzun illər dəstək və təminat vəzifələrində xidmət etsələr də, son dövrdə həyata keçirilən işə qəbul kampaniyaları, sosial şəbəkələrdə yayımlanan elanlar və dövlət mediasının materialları göstərir ki, Rusiya xüsusilə Pilotsuz Uçuş Aparatı (PUA) və digər texniki ixtisaslar üzrə qadınları hərbi xidmətə cəlb etməyə çalışır.
PUA-ların döyüş meydanında geniş tətbiqi müharibənin xarakterini dəyişdirərək ənənəvi piyada hücumlarını getdikcə daha baha başa gələn əməliyyatlara çevirib. Rusiya qüvvələri buna uyğunlaşaraq, adətən cəmi bir neçə əsgərdən ibarət kiçik hücum qruplarından istifadə edir və Ukrayna mövqelərinə sızmağa çalışır. Nəticədə itkilər yüksək olaraq qalır və bu, Kremlin davamlı şəkildə yeni canlı qüvvə mənbələri axtarmasına səbəb olur.
“Onlar hər ay 30-35 min hərbçi itirirlər. Son bir ildə bu itkilərin xarakteri də dəyişib: onların təxminən 63 faizi həlak olanlar, 37 faizi isə ağır yaralananlardır. Bunlar bərpası mümkün olmayan çox böyük itkilərdir”, - Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Ukraynanın 47-ci Mexanikləşdirilmiş Briqadasının keçmiş zabiti Mikola Melnik bildirib: “Ümumilikdə Rusiya taktikası belə bir yanaşmaya əsaslanır: əgər yüz nəfərdən üçü hədəfə çatıb möhkəmlənə bilsə, sonradan onların ətrafında əlavə qüvvələr toplamaq mümkün olacaq”.
Eyni zamanda Rusiya PUA bölmələrinə və fiziki gücdən daha çox texniki bacarıqlar tələb edən digər ixtisaslaşmış hərbi sahələrə böyük sərmayə yatırıb. Bu dəyişikliklər qadınların əvvəllər onlar üçün daha az əlçatan olan əməliyyat vəzifələrində xidmət etməsi üçün əlavə imkanlar yarada bilər.
Qadınlar uzun illərdir Rusiya ordusunda xidmət edirlər, lakin əsasən dəstək və təminat funksiyalarında çalışıblar. Rusiyanın müdafiə naziri Sergey Şoyqu 2023-cü ilin mart ayında bildirmişdi ki, Ukraynada döyüş əməliyyatlarında təxminən 1100 qadın iştirak edir, ümumilikdə isə Rusiya Silahlı Qüvvələrində 39 min qadın xidmət edir.
Döyüş meydanından yayılan məlumatlar göstərir ki, bəzi qadınlar getdikcə ön xətt döyüş tapşırıqlarına cəlb olunur. 2025-ci ilin oktyabrında Ukraynanın “Atəş” partizan hərəkatı Rusiyanın 506-cı Motoatıcı Alayının Pokrovsk yaxınlığında artan canlı qüvvə itkilərini kompensasiya etmək məqsədilə hücum bölmələrinə qadınları cəlb etməyə başladığını iddia etmişdi. Təxminən həmin dövrdə Ukraynanın 110-cu Mexanikləşdirilmiş Briqadası iki rus qadın hərbçinin hücum əməliyyatında iştirak etdiyini və sonradan PUA zərbələri nəticəsində məhv edildiyini bildirdiyi videogörüntüləri yayımlamışdı.
Bu məlumatlar göstərir ki, Rusiya komandanlığı döyüş meydanındakı itkiləri kompensasiya etmək yolları axtardıqca qadınlar əvvəllər əsasən kişilərin üstünlük təşkil etdiyi vəzifələrdə görünməyə başlayırlar.
Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin əlavə baş elmi işçisi Samuel Bendettin sözlərinə görə, Rusiya ordusunda genişlənən PUA qüvvələri yeni tip şəxsi heyətə tələbat yaradır.
“Mən hesab edirəm ki, Rusiya ordusu İnsansız Sistemlər Qüvvələrində xidmət üçün ən bacarıqlı, yüksək hazırlıqlı və texnoloji biliklərə malik şəxsləri cəlb etmək istəyir. Hazırda Rusiyada bu tələblərə cavab verən çoxlu qadın var”, - Bendett bildirib.
Uzun illərdir Rusiya Prezidenti Vladimir Putin ənənəvi dəyərləri və klassik gender rollarını Rusiya kimliyinin əsas dayaqlarından biri kimi təqdim edir. Lakin uzunmüddətli tükəndirmə müharibəsinin tələbləri hərbi işə qəbul sistemini cəmiyyətin daha geniş təbəqələrinə, o cümlədən əvvəllər döyüş vəzifələrində az təmsil olunan qruplara üz tutmağa məcbur edir.
Qadınlar hələ də Rusiya PUA operatorlarının kiçik hissəsini təşkil etsələr də, dövlət mediası son dövrlər qadın pilotlara, qadınlar üçün təşkil olunan PUA təlim proqramlarına və onlara yönəlmiş işə qəbul kampaniyalarına daha çox yer ayırır.
Bunun ən diqqətçəkən nümunələrindən biri BARS-SARMAT könüllü birləşməsinin tərkibində fəaliyyət göstərən tam qadınlardan ibarət “Night Witches 2.0” bölməsidir. 2024-cü ildə yaradılan bu bölmə qadınları PUA əməliyyatları və digər insansız sistemlər üzrə xidmətə cəlb edir.
Bu tendensiya adi hərbi işə qəbul mexanizmləri ilə məhdudlaşmır. 2026-cı ilin iyun ayında Rusiyanın tanınmış PUA inkişaf platforması olan “Archangel Project” PUA sahəsində çalışan qadınların iştirakı ilə zarafat xarakterli “gözəllik müsabiqəsi” təşkil edib. Kampaniya Rusiyanın genişlənən PUA ekosistemində qadınların daha çox görünməsini və texniki bacarıqlara malik şəxslərin cəlb olunması səylərini nümayiş etdirirdi.
Bendett əlavə edib ki, bu kampaniyanın məqsədi həm də PUA qüvvələrini uzun illərdir şəxsi heyətə qarşı zorakılıq, qeyri-nizamnamə münasibətləri və pis rəftar ittihamları ilə üzləşən ümumi hərbi sistemdən fərqləndirməkdir. Rusiyanın elit “Rubicon” PUA bölməsindən qaçaraq ölkəni tərk etmiş keçmiş operator Miroslav Simonov bildirib ki, burada PUA mütəxəssisləri daimi nəzarət altında saxlanılır, gözləntiləri doğrultmadıqları halda isə piyada hücum bölmələrinə göndərilməklə hədələnirdilər.
Bununla belə, qadınların daha çox cəlb edilməsi Rusiya ordusunun uzun illər formalaşmış zorakılıq və pis rəftar imicinə görə çətin ola bilər. 2023-cü ildə Rusiyanın “Sever.Realii” nəşri ön cəbhəyə yaxın ərazilərdə xidmət etmiş qadın müqaviləli hərbçinin ifadəsini dərc edib. O bildirib ki, qadın hərbçilər təzyiq, təqib və zabitlərlə münasibət qurmağa məcburetmə halları ilə üzləşirlər.
“Fərdin həyatı və hüquqları həmişə dövlətin qələbə, böyüklük və imperiya genişlənməsi məqsədlərinə tabe edilir”, - deyə “MakGill” Universitetinin siyasi elmlər üzrə dosenti Mariya Popova bildirib.
Onun sözlərinə görə, korrupsiya da döyüş əməliyyatlarına, daha dəqiq desək, kimin ölümcül tapşırıqlara göndərilməsinə təsir göstərir. “Komandirlərinə pul ödəyə bilməyən həssas hərbçilər məhz geri dönüşü olmayan, əsl ətçəkənə çevrilmiş əməliyyatlara göndərilirlər”, - deyə Popova qeyd edib.
Qadınların daha geniş şəkildə hərbi xidmətə cəlb edilməsi həm hərbi zərurətin, həm də canlı qüvvəyə strateji resurs kimi yanaşma ənənəsinin göstəricisidir. Rusiya ordusu son dövrlər ağır yaralanmış hərbçiləri, o cümlədən ciddi xəsarət almış və bəzi sənədləşdirilmiş hallarda qoltuqağacı ilə hərəkət edən əsgərləri yenidən döyüşə göndərir.
Qadınların daha çox işə cəlb olunması uzunmüddətli tükəndirmə müharibəsinin yaratdığı təzyiqi də əks etdirir. Rusiya hücum əməliyyatlarını davam etdirsə də, şəxsi heyətini daim yeniləmək zərurəti ilə üz-üzə qalır.
Sevinc Əliyeva
Ordu.az