İİKK sözçüsü: “İran silahlı qüvvələri bölgədən bir litr belə neft ixracına icazə verməyəcək”

2026/03/1773129641.jpg
Oxunub: 337     11:58     10 Mart 2026    
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) sözçüsü Əli Məhəmməd Naini bildirib ki, ABŞ və onun müttəfiqlərinin təzyiqlərindən asılı olmayaraq, əlavə göstəriş verilənədək İran silahlı qüvvələri bölgədən bir litr belə neftin ixracına icazə verməyəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

“Nə müharibənin gedişinə, nə də onun nə vaxt başa çatacağına artıq başqaları qərar verir. Müharibənin gedişi və sonu indi İranın əlindədir. Regionun taleyini amerikalılar deyil, İran qüvvələri müəyyən edir”, - deyə Naini bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın İran silahlı qüvvələrinin gücünün tükənmək üzrə olduğu barədə iddiaları reallığa uyğun deyil.

Naini həmçinin bildirib ki, İranın raket zərbələrinin azalması barədə yayılan məlumatlar doğru deyil. Onun sözlərinə görə, İran raketləri daha da güclənib və onların döyüş başlıqlarının çəkisi artıq bir tondan çoxdur.

Bundan əlavə, İİKK sözçüsünün sözlərinə görə, qarşı tərəfin sursat ehtiyatları tükənmək üzrədir və ABŞ-nin Fars körfəzindəki əsas hərbi obyektlərinə ziyan dəyib.

Naini ABŞ-nin neft qiymətlərini məhdudlaşdırmaq cəhdlərini müvəqqəti və təsirsiz tədbirlər kimi qiymətləndirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin