Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “İqtisadi artım köpüyü: Dolların ucuzlaşması necə “rəqəm manipulyasiyasına” çevrildi?” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, Paşinyanın partiyasının ən fəal təbliğatçılarından biri iqtisadiyyat naziridir. O, aktiv şəkildə statuslar yazır, manipulyasiya edir və insanları çaşdırır.
“Bir neçə gün əvvəl o, hakimiyyət illərində erməni mənşəli məhsulların ixracının kəskin artması ilə bağlı rəqəmlər dərc etmişdi.
“Erməni mənşəli məhsulların ixracı 2017-ci ildə 2 milyard dollar, 2025-ci ildə isə 4,46 milyard dollar təşkil edib. Artım 2,2 dəfədən çox olub. Buraya reeksport və qızıl daxil deyil”, - deyə iqtisadiyyat naziri yazmışdı.
Reeksport və qızılın olub-olmaması hələ ayrıca müzakirə mövzusudur. Lakin hətta reeksport və qızılı nəzərə almasaq belə, aydındır ki, bu rəqəmlərin arxasında iqtisadiyyat nazirinin “rəqəm manipulyasiyası” dayanır”, - deyə KİV bildirib.
Nəşr qeyd edib ki, əvvəla, burada müqayisə olunmayan rəqəmlər var.
“Çünki dolların bugünkü məzənnəsi 2017-ci ilin məzənnəsindən əhəmiyyətli dərəcədə fərqlənir. İxrac olunan malların dəyəri dramla hesablanır və sadəcə həmin dövrün məzənnəsinə görə dollara çevrilir.
Məsələni aydınlaşdırmaq üçün qeyd edək ki, 2017-ci ildə dolların məzənnəsi təxminən 485 dram, 2025-ci ildə isə təxminən 380 dram səviyyəsində olub. Şərti olaraq desək, 2017-ci ildə 1 milyon dollar ixrac etmək üçün 485 milyon dram dəyərində məhsul lazım idisə, bu gün 380 milyon dram dəyərində məhsul kifayətdir. Yəni 105 milyon dram daha az.
Təkcə bu amilin hesabına erməni mənşəli məhsulların ixrac göstəricilərinə təsir təxminən 21-22 faiz təşkil edir.
Başqa sözlə, elan edilən 4,46 milyard dollarlıq ixracın 21-22 faizi əslində “hava”dır.
Bu rəqəm erməni mənşəli məhsulların real artımı nəticəsində deyil, sadəcə dollarla hesablamanın dəyişməsi nəticəsində yaranıb. Əgər dolların dəyəri dəyişməsəydi, elan olunan ixrac göstəricisi 21-22 faiz daha aşağı olardı”, - deyə məqalədə qeyd edilib.
KİV bildirib ki, dolların ucuzlaşması nə qədər böyük olsaydı, bu rəqəm də süni şəkildə bir o qədər yüksək görünərdi.
“Amma bu, erməni mənşəli məhsulların real ixracının artması demək deyil ki, burada əsas məsələ də məhz budur.
Nəticə etibarilə problem “rəqəm manipulyasiyası” ilə artım göstərmək deyil, real məhsul ixracını artırmaqdır. Təəssüf ki, bu hakimiyyət üçün rəqəm manipulyasiyası həmişə daha vacib olub.
Bir çox insanlar məzənnə dəyişikliklərinin ixrac göstəricilərinə (yalnız göstəricilərə) necə təsir etdiyini bilmədiyi üçün bu cür primitiv üsullarla cəmiyyəti aldatmağa çalışırlar. Halbuki reallıq tamam başqadır: təkcə dollar məzənnəsinin dəyişməsi nəticəsində erməni mənşəli məhsulların ixracı süni şəkildə təxminən 1 milyard dollar artmış kimi görünür. Amma bu sadəcə riyazi artımdır, həmin 1 milyardın arxasında real məhsul yoxdur. Dollar ucuzlaşıb və bunun nəticəsində ixracın dollar ifadəsində həcmi süni şəkildə artıb.
Bu vəziyyət təkcə ixraca aid deyil. İqtisadiyyat naziri Ermənistanın ÜDM-i barədə danışarkən də eyni manipulyasiyanı edir. O bildirir ki, 2017-ci ildə Ermənistanın ÜDM-i 11,5 milyard dollar idi, 2025-ci ildə isə 29,2 milyard dollara çatıb, yəni 2,5 dəfədən çox artıb. Və ya adambaşına düşən ÜDM 2017-ci ildə 3869 dollar idisə, 2025-ci ildə 9474 dollara yüksəlib: təxminən 2,5 dəfə artım”, - deyə nəşr bildirib.
Müəllif yazıb ki, bütün bu rəqəmlərin arxasında da dollar məzənnəsinin dəyişməsinin təsiri dayanır.
“Məzənnə təsiri çıxarıldıqdan sonra bu göstəricilər 21-22 faiz daha aşağı olacaq. Lakin həqiqəti demək təbii ki, iqtisadiyyat nazirinin hesablamalarına daxil deyil. Məqsəd vətəndaşlarda daha böyük iqtisadi artım təəssüratı yaratmaqdır.
Hər halda, yenidən erməni mənşəli məhsulların ixracına qayıdaq. Gördüyünüz kimi, təkcə məzənnə dəyişməsi nəticəsində bu göstərici təxminən 1 milyard dollar “artım” göstərib. Bu amilin təsirini çıxsaq, iqtisadiyyat nazirinin dediyi 4,46 milyard dollardan 3,46 milyard dollar qalacaq. Belə olan halda artım 2017-ci illə müqayisədə nəinki 2,2 dəfə, hətta iki dəfə belə olmayacaq.
Hətta başqa amilləri nəzərə almasaq belə, belə çıxır ki, 8 il ərzində erməni mənşəli məhsulların ixracı dəyər ifadəsində təxminən 74-75 faiz artıb. Əgər geriyə baxıb müqayisə etsək, görərik ki, ondan əvvəlki 8 ildə, yəni əvvəlki hakimiyyət dövründə erməni mənşəli məhsulların ixracı daha sürətlə artmışdı: 2009-cu ildə 710 milyon dollardan 2017-ci ildə 2 milyard dollara çatmışdı. Yəni 8 ildə artım 2,8 dəfə olmuşdu”, - deyə məqalədə bildirilib.
KİV vurğulayıb ki, amma məsələ bununla bitmir.
“Ermənistandan ixrac olunan bəzi məhsulların qiymətləri bu müddət ərzində xarici bazarlarda kəskin şəkildə artıb. Bu xüsusilə mədən xammalı məhsullarına (mis, molibden və s.) aiddir. Qiymət artımı nəticəsində həmin məhsulların ixracı nominal dəyər baxımından xeyli yüksəlib. 2017-ci ildə 692 milyon dollar olan ixrac 2025-ci ildə 1 milyard 213 milyon dollara çatıb. Halbuki fiziki həcm baxımından, məsələn, mədən məhsullarında ən böyük paya malik olan mis konsentratının istehsalı bu müddətdə hətta azalıb. 2017-ci ildə 428 min ton istehsal olunmuşdusa, 2025-ci ildə bu göstərici 300 min tona düşüb.
Qiymət artımının təsiri bir çox digər məhsulların ixrac göstəricilərində də mövcuddur. Buna görə də son 8 ildə erməni mənşəli məhsulların real ixracının nə qədər artdığını müəyyən etmək üçün iqtisadiyyat naziri müqayisələri məhsulların fiziki həcmi ilə aparmalıdır. O zaman bəlkə də məlum olacaq ki, bir çox erməni mənşəli məhsulların ixracı fiziki həcm baxımından hətta azalıb”, - deyə nəşr yazıb.
Alpər Mövludoğlu
Ordu.az