Ordu.az xəbər verir ki, bunu Ermənistanın Hərbi Sənaye Komitəsinin sabiq sədri, “Hayakve” birliyinin idarə heyətinin üzvü Avetik Kerobyan deyib.
“ABŞ və İsrailin bu gün istifadə etdiyi silahlar əslində ötən əsrdən məlum olan silahlardır. İranın istifadə etdiyi vasitələr də ABŞ və İsrail silahları üzərində ciddi üstünlüyə malik deyil. Bu gün gördüyümüz yeganə şey klassik hava hücumundan müdafiənin iflasıdır. Hətta yavaş uçan Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı ABŞ, İsrail və ABŞ bazalarının yerləşdiyi ölkələr hələ də klassik Hava Hücumundan Müdafiə (HHM) sistemlərindən istifadə edir. Lakin təxminən iki-üç gün əvvəl Ukrayna təcrübəsinin tətbiqi barədə, PUA-ya qarşı PUA prinsipi ilə daha ucuz və daha effektiv antidron müdafiəsi haqqında danışılmağa başlandı.
İndiyədək bir neçə milyon dollar dəyərində raketlə on minlərlə dollar dəyərində olan ağır PUA-ları vururdular, bəzən dəymirdi, bəzən dəyirdi, amma HHM raketləri çox tez tükənirdi”, - deyə o qeyd edib.
Kerobyan bildirib ki, yəni bu gün müdafiə hücumdan xeyli baha başa gəlir.
“İsrail və ABŞ hücum silahlarına çox böyük xərclər çəkirlər. Məsələn, bir “Tomahawk” raketinin qiyməti bir neçə milyon dollardır. Bu baxımdan ABŞ və İsrail demək olar ki, cəzasız fəaliyyət göstərirlər, çünki İranın ciddi hava hücumundan müdafiəsi yoxdur. Bununla yanaşı başqa taktiki üsullar da görünür: məsələn, beton üzərində çəkilmiş saxta hədəflər, on minlərlə şişmə və ya ucuz konstruksiyalardan hazırlanmış hədəflər. Onlar təkcə görünüş və ölçü baxımından deyil, həm də daxili metal konstruksiyalarla hücum edən tərəfi aldada bilər. Belə görünə bilər ki, orada helikopter və ya təyyarə dayanıb. Həmçinin HHM vasitələrinin maketləri ola bilər ki, radiodalğa siqnalları yayaraq hücum edən tərəfi çaşdırsın və o, oraya özündən on dəfələrlə bahalı silah atsın”, - deyə Kerobyan bildirib.
O qeyd edib ki, ABŞ-nin silah ehtiyatı demək olar ki, tükənməzdir. “İrana gəlincə, ABŞ ilk növbədə İranın hərbi sənaye kompleksini hədəfə alıb. İsfahan, Tehran və Şiraz ətrafında böyük zərbələr endirilib. Şübhəsiz ki, bəzi yeraltı bazalar, zavodlar və anbarlar məhv edilib. ABŞ demək olar ki, tükənməz kəşfiyyat imkanlarına malikdir və onların zərbələri müəyyən effektivlik göstərir. Yəni təkcə birbaşa təhlükəni deyil, həmin təhlükənin bərpa olunması imkanlarını da məhv edirlər”, - deyə o qeyd edib.
Ermənistana yönəlmiş mümkün təhlükələrdən danışarkən Kerobyan bildirib ki, əgər ölkənin HHM sistemi yoxdursa, o ölkə faktiki olaraq məğlub sayılır. “Ən əvvəl HHM-i inkişaf etdirməyi bacarmalısan. Heç olmasa strateji obyektləri, komanda məntəqələrini, idarəetmə mərkəzlərini qorumaq lazımdır.
Ən yaxşısı isə mümkün qədər onları yeraltına yerləşdirməkdir. Ermənistanda bu, əslində mümkündür, amma çox az iş görülür. Eyni zamanda relyefdən də istifadə etmək lazımdır. Məsələn, əgər Alagöz dağını dörd tərəfdən radarlarla əhatə etsən, ölkənin ən azı 60-70%-ni radiolokasiya örtüyü ilə təmin etmək olar.
Bizdə hələ də elə çoxtəbəqəli HHM sistemi yoxdur ki, uzaqmənzilli HHM vasitələrimizi və strateji obyektlərimizi qoruya bilək. Digər tərəfdən, öz aviasiyamızın qorunması istiqamətində də çox az iş görülür. Əgər Ermənistanın xəritəsini “Google” xəritəsində açsaq, həmin dörd ədəd “Su-30” təyyarəsinin harada yerləşdiyini aydın görmək olar. Onların anqarları yaşıl rəngdə Şirak hava limanının yanında xəritədə göstərilib.
Əlbəttə, Ermənistanın coğrafiyasını nəzərə alsaq, aviasiyanı qorumaq çox çətindir. Ən uzaq nöqtə belə sərhəddən cəmi 65-67 km məsafədədir. Bu isə raket-artilleriya sistemlərinin əlçatanlığındadır, Ermənistanın istənilən nöqtəsinə yaylım atəşi açmaq mümkündür. Amma bu o demək deyil ki, biz əlimizi qoyub zərbəni gözləməliyik. Bütün vasitələrdən istifadə etmək, ehtiyat aerodromlar yaratmaq, anqarları yeraltına yerləşdirmək, maskalamaq və elə imkanlar qurmaq lazımdır ki, təyyarələr təkcə hərbi aerodromlara deyil, zahirdən seçilməyən başqa yerlərə də enə bilsin”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az