“Past”: Səlahiyyətlərin aşılması ilə vaxtından əvvəl seçkiqabağı kampaniya

2026/03/1773122863.jpg
Oxunub: 308     10:01     10 Mart 2026    
Paşinyan və onun partiyasının üzvləri “partiyadaxili təbliğat” adı altında əslində tam mənası ilə seçkiqabağı kampaniya aparırlar.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Səlahiyyətlərin aşılması ilə vaxtından əvvəl seçkiqabağı kampaniya” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, Ermənistan Mərkəzi Seçki Komissiyası iyunun 7-də keçiriləcək seçkilərin təqvimini təsdiqləyib.

“Həmin təqvimə görə seçkiqabağı təşviqat dövrü mayın 8-də başlayır və iyunun 5-i saat 24:00-da başa çatır. Və bununla da bitir.

Amma Nikol Paşinyan və hakim partiya seçkiqabağı təşviqata mayın 8-dən iki ay əvvəl, bu ayın əvvəlindən başlayıblar. Hüquqşünaslar və bir çox siyasi xadimlər bunu qanunun kobud şəkildə pozulması hesab edirlər.

Lakin bu, problemin yalnız bir tərəfidir. Bu kampaniya zamanı demək olar ki, hamı canlı yayımda inzibati resursların açıq şəkildə sui-istifadə edildiyini görür. Bundan əlavə, Paşinyanın Baş nazir səlahiyyətlərindən sui-istifadə etməsi və onları aşması da müşahidə olunur. Məsələn, bir yerdə konkret bir şəxsin uşaq bağçasına müdir təyin olunmaması barədə göstəriş verir ki, bu da Baş nazirin səlahiyyətləri çərçivəsinə daxil deyil. Başqa bir yerdə isə birləşdirilmiş icmanın rəhbərinə yaşayış məntəqəsinin rəhbərini təyin etməyə “icazə” verir ki, bu da onun səlahiyyətlərinə daxil deyil. Üstəlik müxtəlif vədlər verir”, - deyə KİV bildirib.

Müəllif sual verib ki, əgər Paşinyan “Vətəndaş Müqaviləsi” partiyasının idarə heyətinin sədri kimi çıxış edirsə, niyə Baş nazir “kostyumu” ilə görünür?

“Əgər bu sadəcə partiyadaxili səfərdirsə, niyə - yenə də Baş nazir “kostyumu” ilə başqa vətəndaşlarla görüşür? Əgər bu, Baş nazirin regionlara səfəridirsə, niyə məhz indi, yaxud niyə partiyadaxili təşviqat adı altında və 50 hakim partiya üzvü ilə birlikdə baş tutur? Bir sözlə, bütün bu ziddiyyətlər bir şeyi göstərir, Nikol Paşinyan rəsmi seçki kampaniyasının başlanmasından iki ay əvvəl artıq kampaniyaya başlayıb. Üstəlik bunun təmin edilməsi üçün polis qüvvələri, digər dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının əməkdaşları və personalı da cəlb olunur. Və bu qanunidirmi? Əgər digər siyasi qüvvələr də “partiyadaxili təşviqat” adı ilə meydana çıxsa, hüquq-mühafizə orqanları və digər dövlət qurumları onlara da eyni şəkildə kömək edəcəklərmi? Yoxsa əksinə...”

P.S. Qeyd edək ki, bəzi yaşayış məntəqələrində küçələrdə artıq hakim partiyanın təşviqat plakatları asılıb. Hansı vəsaitlərlə, kimin hesabına və ümumiyyətlə niyə olduğuna hələ qayıdacağıq”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin