Ordu.az xəbər verir ki, bu barədə “Eurasianet.org” nəşri “SEPAH təhdidi Azərbaycanın İsrail ilə strateji tərəfdaşlığına diqqət çəkir” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, martın 5-də Azərbaycanın Naxçıvan muxtar ərazisinə pilotsuz uçuş aparatı hücumundan sonra Azərbaycan-İran gərginliyi kəskin artıb. Martın 7-də İranın İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli qurum olan “Xatəm əl-Ənbiya” tikinti konqlomeratı Azərbaycan-İsrail əlaqələrinə diqqət çəkərək bəyanat yayıb və Bakının İsrail ilə əlaqələri kəsmədiyi halda yeni hücumlarla üzləşəcəyini bildirib.
Bəyanatda deyilir: “İranın qonşusu olan müsəlman ölkə kimi biz Azərbaycan Respublikasına bildiririk ki, regionda sabitliyin pozulmasının qarşısını almaq və həm öz xalqını, həm də İranın təhlükəsizliyini risk altına qoymamaq üçün bu ölkədən “sionistlər”i çıxarmalıdır”.
Müəllif yazıb ki, Azərbaycan bu təhdidə özünəməxsus sərt mövqe ilə cavab verib.
“Martın 5-də Naxçıvana edilən zərbələrdən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, əgər belə hücum yenidən baş versə, İran Azərbaycanın dəmir yumruğunu hiss edəcək. Martın 7-də isə dövlətə yaxın media “Xatəm əl-Ənbiya”nın təhdidini lağa qoyub.
Martın 8-də “Caliber” xəbər platformasında dərc edilən şərhdə deyilir: “Hərbi infrastrukturu real vaxt rejimində məhv edilən bir ölkə suveren qonşusuna ultimatum verməyə başlayırsa, bu, reallıqla əlaqəsini itirmiş rejimin aqoniya vəziyyətinin klinik mənzərəsidir”.
Şərhdə Azərbaycanın İsrail ilə əlaqələrinin əhəmiyyəti də azaldılmağa çalışılıb. Orada deyilir: “Azərbaycan tərəfi rəsmi səviyyədə dəfələrlə vurğulayıb ki, ölkə ərazisində üçüncü tərəflərin hərbi mövcudluğu yoxdur və Bakı heç vaxt öz ərazisinin xarici qüvvələr tərəfindən qonşu dövlətlərə, o cümlədən İrana qarşı istifadə olunmasına icazə verməyəcək”.
Bu bəyanat texniki baxımdan doğru ola bilər, lakin son onillik ərzində Azərbaycan və İsrail arasında yaxın strateji tərəfdaşlıq formalaşıb. Bu tərəfdaşlığın təhlükəsizlik ölçüsünün əhatə dairəsi adətən məxfi saxlanılır. Məlum olan odur ki, hər iki ölkə İran İslam Respublikasına qarşı ehtiyatlı yanaşmanı bölüşür və İsrail 2020-2023-cü illərdə baş vermiş Qarabağ müharibəsinin ikinci mərhələsi zamanı Azərbaycana silah və ekspert dəstəyi göstərməkdə mühüm rol oynayıb”, - deyə məqalədə qeyd edilib.
KİV bildirib ki, İsrail 2016-2020-ci illər arasında Azərbaycanın aldığı silahların, o cümlədən pilotsuz uçuş aparatlarının təxminən 70 faizini təmin edib.
“Bu dövr Qarabağ müharibəsinin ikinci mərhələsinin başlandığı 2020-ci ili də əhatə edir. Eyni zamanda Azərbaycan İsraili neftlə təmin edir və ötən yay dövlət enerji şirkəti SOCAR İsrailin “Tamar” təbii qaz yatağında 10 faizlik pay əldə edib.
Regional müşahidəçi Reyçel Avraham martın 6-da “Jewish News Syndicate”də dərc olunan şərhində yazıb ki, Azərbaycan-İsrail tərəfdaşlığı praqmatizmə, ehtiyatlılığa və uzunmüddətli planlaşdırmaya əsaslanan diqqətlə formalaşdırılmış münasibətləri təmsil edir. O qeyd edib: “Siyasi küləklərlə tez-tez dəyişən ittifaqların mövcud olduğu regionda Bakı ilə Qüds arasındakı əlaqələrin sabitliyi məhz onların sakit və mərhələli şəkildə qurulması ilə seçilir”.
Martın 5-dən etibarən İran qarşısında sərt müdafiə mövqeyi saxlanılsa da, bir çox müşahidəçi hesab edir ki, İlham Əliyev və digər Azərbaycan rəsmiləri Tehran ilə genişmiqyaslı qarşıdurmadan qaçmağa çalışır. Eyni zamanda İranın ali rəhbərliyinin də Naxçıvana pilotsuz uçuş aparatı hücumu nəticəsində yaranmış zərəri məhdudlaşdırmaq istədiyi görünür”, - deyə nəşr qeyd edib.
Məqalədə vurğulanıb ki, martın 8-də İran Prezidenti Məsud Pezeşkian hadisəni müzakirə etmək üçün İlham Əliyevə zəng edib.
“O, Azərbaycanın tələb etdiyi rəsmi üzr istəmədən yayınsa da, hadisə ilə bağlı tam araşdırma aparılacağını vəd edib. Azərbaycan Prezidentinin mətbuat xidmətinin yaydığı bəyanatın tonu İlham Əliyevin bu telefon danışığından razı qaldığını göstərir.
Hazırda əsas sual Pezeşkianın və ya Tehrandakı digər mərkəzi hakimiyyət nümayəndələrinin İranın bütün hərbi qurumları adından danışa bilib-bilməyəcəyidir. “Xatəm əl-Ənbiya”nın bəyanatı İran İslam Respublikasının mürəkkəb, qapalı və hazırda müharibənin təsiri altında olan siyasi sistemində radikal qrupların müstəqil şəkildə hərəkət edə biləcəyini göstərir. Pezeşkian-İlham Əliyev telefon danışığı hələlik ikitərəfli gərginliyi azaltmış kimi görünür, lakin bu, Azərbaycanın ərazisinə yeni İran hücumunun baş verməyəcəyinə zəmanət verməyə bilər”, - deyə nəşr bildidirib.
Sevinc Əliyeva
Ordu.az