“Biz küçə mübarizələri başlatmaqla bu hakimiyyəti aşındırmışıq” - Köçəryan

2026/01/1769690188.jpg
Oxunub: 400     23:14     07 Mart 2026    
“Biz küçə mübarizələri başlatmaqla və digər küçə mübarizələrində aktiv iştirak etməklə bu hakimiyyəti aşındırmışıq”.

Ordu.az xəbər verir ki, bunu “Böyük siyasət” podkastının ilk buraxılışında Ermənistanın ikinci prezidenti, “Hayastan” alyansının lideri Robert Köçəryan deyib.

“Sosioloji sorğulara baxdıqda görürük ki, təxminən 1,5-2 il əvvəl insanların 60 faizi hələ seçimini etməmişdi. Onların əhəmiyyətli hissəsi “Vətəndaş Müqaviləsi” partiyasından məyus olan, lakin hələ kimə səs verəcəyinə qərar verməyən insanlar idi. İndi həmin insanların faizi kifayət qədər kiçikdir: təxminən 25-30 faiz. Biz bəlkə də müəyyən dərəcədə özümüzü aşındıraraq digər siyasi qüvvələr üçün meydanı təmizləmişik. Və yaxşıdır ki, başqa qüvvələr var. Söhbətimiz zamanı artıq demişəm: əvvəllər parlamentə 5-6 partiya daxil olurdu, indi isə cəmi 3 partiyanın daxil olması normal deyil. Hesab edək ki, bizim səylərimiz, küçə mübarizəmiz hakimiyyət dəyişikliyi üçün yaxşı imkan yaradıb”, - deyə Köçəryan bildirib.

Ermənistanın ikinci prezidenti qeyd edib ki, siyasi qüvvələrin təqdim etdiyi seçkiqabağı proqramları izləyir və onların yaxşı olduğunu düşünür, lakin sual yaranır: bunları kim həyata keçirə bilər?

“Bunu edə biləcəyini sübut etmiş, qabiliyyətli insan, mübariz olduğunu sübut etmiş siyasi komandamı, yoxsa bu istəyi olan, lakin hələ təcrübəsi olmayan və praktiki baxımdan siyasi mübarizədə hələ özünü göstərməyən tamamilə yeni insanlar? İndi biz özümüzü siyasi qüvvə kimi, mən isə özümü qabiliyyətli, bunu iki dəfə etmiş, böhran vəziyyətində kifayət qədər ciddi uğurlara imza atmış və bunu üçüncü dəfə də edə biləcək bir lider kimi mövqeləndirməliyik. Seçicilərimizə mesajımız bu olmalıdır”, - deyə o qeyd edib.

Köçəryan həmçinin 2018-ci ildən sonra niyə Ermənistana qayıtdığı məsələsinə də toxunub, belə ki, o, Nikol Paşinyandan müxtəlif kanallar vasitəsilə Ermənistanda onu həbs gözlədiyi barədə xəbərdarlıqlar almışdı.

“Bu, xarakter məsələsidir. Belə çıxardı ki, mən qoyub qaçmışam, qorxmuşam. Bu, rasional qərar deyildi və mən bunu bilirdim. Mənim xaricdə çox rahat yaşamaq üçün bütün imkanlarım var idi və kifayət qədər yaxşı pul qazanırdım, heç bir problemim olmazdı. Bir səbəbə görə gəldim: həmişə sahib olduğum imicim gəlməmək barədə düşünməyə mənə icazə vermədi. Qorxduğum, qoyub qaçdığım barədə rəy yarana bilərdi. Gəldim, mübarizəyə qoşuldum. Mən öz mənimsədiyim dəyərlər sisteminə xəyanət edə biləcək insan deyiləm. Hesab edirəm ki, mənim kimi bir adam Ermənistana gəlməyib mübarizə aparmaya bilməzdi”, - deyə sabiq erməni prezident bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin