JF-17 “Thunder”: Silah bazarını yenidən formalaşdıran 30 milyon dollarlıq qırıcı təyyarə

2026/02/Ekran-1771608960.jpg
Oxunub: 1313     14:34     23 Fevral 2026    
Pakistanın JF-17 təyyarəsi ilkin qiymət baxımından üçdəbir qədər ucuz və davamlı istismar xərcləri daha aşağı olmaqla Qərb qırıcıları ilə təxminən eyni dərəcədə effektiv görünür.

Pakistanın JF-17 “Thunder” (və ya FC-1 “Xiaolong”) yüngül, əlverişli, tək mühərrikli, çoxməqsədli döyüş təyyarəsidir və Pakistan Aviasiya Kompleksi ilə Çinin “Chengdu” Təyyarə Korporasiyası tərəfindən birgə hazırlanıb. Bu təyyarə manevr qabiliyyəti üçün nəzərdə tutulub və bu imkanı təmin etmək üçün müasir avionik komplekslə təchiz edilib.

Təyyarə həmçinin görmə xəttindən kənar məsafədə (BVR) yüksək effektiv raket imkanlarına malikdir. Hazırda bu təyyarənin üç versiyası mövcuddur (“Block III” ən müasir və sonuncu variantdır).

Daha da önəmlisi isə JF-17 döyüş şəraitində sınaqdan keçib və Qərb istehsalı olan qabaqcıl döyüş təyyarələrinə qarşı uğur nümayiş etdirib. Bunun səbəbi Pakistan Hərbi Hava Qüvvələrinin (HHQ) bu təyyarələrdən qonşu Hindistanla son müharibəsində istifadə etməsidir.

JF-17 “Thunder” haqqında

İstifadəyə verildiyi il: 2007
İstehsal olunan say: 110-dan çox
Uzunluq: 49 fut (14,93 m)
Qanad açılımı: 31 fut (9,45 m)
Mühərriklər: Rusiya istehsalı “Klimov” RD-93 (“Block I” və II), RD-93MA (“Block III”)
Maksimum sürət: 1.190 mil/saat (1.910 km/saat)/“Mach 1,8”
Döyüş radiusu: 560 mil (900 km)
Xidmət tavanı: 55.500 fut (16.930 m)
Silahlanma: SD-10 “hava-hava” raketləri (görmə xəttindən kənar, BVR), PL-5EII (qısa mənzilli) raketlər, LS-6 süzülən bombalar, C-802AK gəmi əleyhinə raketlər və GBU seriyalı lazerlə idarə olunan bombalar
Ekipaj: 1


Pakistanın “Thunder”ləri Hindistanı (və dünyanı) necə sarsıtdı?

2025-ci ilin may ayında, mübahisəli Kəşmir bölgəsinin Hindistana nəzarət edən hissəsində baş verən hadisədən sonra Hindistan HHQ Pakistan əleyhinə müxtəlif Qərb və Rusiya istehsalı döyüş təyyarələrini işə saldı. Pakistan HHQ isə Çin istehsalı PL-15 “hava-hava” raketləri ilə silahlanmış JF-17-ləri döyüşə göndərdi. Çoxlarının təəccübünə səbəb olaraq, JF-17-lər hamının daha qabaqcıl hesab etdiyi Hindistan təyyarələrinə qarşı əsasən uğurlu oldu.

JF-17 “hava-hava” önləmə, yerüstü hədəflərə zərbə, gəmi əleyhinə və kəşfiyyat missiyaları üçün hazırlanıb. “Block I” və II kifayət qədər bacarıqlı qırıcılar olsa da, “Block III” ən təsirli variantdır. O, AESA radarı, holoqrafik geniş bucaqlı başüstü displey, təkmilləşdirilmiş elektrik siqnalları ilə idarəetmə sistemi və infraqırmızı axtarış və izləmə (IRST) sistemi ilə təchiz olunub.

Pakistanın may ayında Hindistanla hava toqquşmaları (burada JF-17-lər Çin istehsalı J-10C-lərlə yanaşı fəaliyyət göstərirdi) İslamabada əvvəllər malik olmadığı bir üstünlük verdi: real döyüş şəraitində etibarlılıq. Bu məqam hətta “Reuters” agentliyinin son məqaləsində də qeyd olunmuşdu. Bu isə hər hansı reklam və ya müdafiə sərgisində nümayişdən qat-qat önəmlidir. Unutmayaq ki, Pakistan yalnız JF-17-dən istifadə etmək istəmir. O, bu təyyarəni ixrac etmək istəyir. Daha böyük qonşu ilə müharibədə qalib gəlmək və ya ən azı hamının gözləntilərinə zidd olaraq bərabər nəticə göstərmək təyyarənin işlədiyini sübut edir. Üstəlik, JF-17 ucuzdur, əlçatanlığı yüksəkdir və “dəyərlər”ə əsaslanan Qərb platformalarından fərqli olaraq siyasi baxımdan çevik təchizat şəbəkəsinə malikdir. “Reuters”in qeyd etdiyi kimi, bu inkişaf Türkiyənin “Bayraktar” TB2 pilotsuz uçuş aparatının Suriya, Liviya və Ukraynadakı döyüşlərdə özünü sübut etməsindən sonrakı vəziyyəti xatırladır.

Döyüşdə sınaqdan keçmiş platformalar ixrac üçün qızıl dəyərindədir

JF-17 Pakistan sistemi olsa da, onun Çinin aparıcı aerokosmik şirkətlərindən biri ilə birgə hazırlandığını unutmaq olmaz. Əslində, JF-17 və ümumilikdə Pakistanın müdafiə ixrac sənayesi Çin hərbi-sənaye kompleksinə kommersiya qapısı rolunu oynayır.

Bundan əlavə, “Chengdu” Təyyarə Korporasiyası ilə Pakistan Aviasiya Kompleksi arasındakı əməkdaşlıq modeli digər xarici ölkələrə ixrac üçün də nümunəyə çevrilə bilər.

Pakistanın JF-17-ni almağa maraq göstərən ölkələrin əksəriyyəti Qlobal Cənub ölkələridir. Bu dövlətlər siyasi baxımdan həssasdır (bu səbəbdən “inkişaf etməkdə olan” kimi xarakterizə olunurlar), üsyanlar və ya daxili sabitsizliklə üzləşirlər, tez-tez Qərb dövlətlərinin sanksiyalarına və ya diplomatik məhdudiyyətlərinə məruz qalırlar və əhalisinin əksəriyyəti müsəlmandır.

Beləliklə, Pakistan bu ölkələrə dini yaxınlıq, Yaxın Şərq ordularına uzun müddət təlim keçmə təcrübəsi, habelə təlim, məsləhətçi, avadanlıq və insansız sistemləri birlikdə təqdim etməyə hazır olduğunu təklif edir. Azərbaycan da Pakistanın JF-17 “Thunder” təyyarələrini əldə edib. Bu, HHQ-nin döyüş qabiliyyətini artırır, manevr qabiliyyəti yüksək və istismarı sərfəli bir platforma təmin edir, həm təlim, həm də əməliyyatlarda regiondakı strateji mövqeyimizi gücləndirir.

Pakistanın JF-17-lərini almaq istəyən istənilən inkişaf etməkdə olan ölkə üçün əsas məqam budur: JF-17-nin qiyməti 30-40 milyon dollar arasındadır, halbuki daha çox Qərb istehsalı döyüş təyyarələrinin qiyməti 90-120 milyon dollar arasında dəyişir. Birdən-birə yalnız ən varlı və inkişaf etmiş ordular üçün əlçatan olan yüksək səviyyəli imkanlar daha kiçik büdcəli ölkələr üçün də mümkün olur. Əslində, Pakistanın JF-17-ləri qlobal silah bazarında ciddi dəyişiklik yaradan amildir.

Düşünün: bir Qərb qırıcısının qiymətinə nəzəri olaraq üç JF-17 almaq mümkündür. Üstəlik, bir çox Qərb təyyarələrindən fərqli olaraq, JF-17 istismar baxımından xeyli asandır, texniki xidməti daha ucuzdur və hətta yerli şəraitdə saxlanıla bilər. Qərb sistemlərində olduğu kimi sonradan sanksiya tətbiq ediləcəyi qorxusu da yoxdur.

Pakistanın yüksəlişinin arxasında Çinin səssiz rolu

Pakistanın JF-17-ləri qlobal miqyasda satmaq istəyi qarşısında əsas məhdudiyyət ölkənin müdafiə sənaye bazasının istehsal gücüdür. Onlar ildə təxminən 20 JF-17 istehsal edirlər. İstehsalı iki dəfə artıraraq ildə 40-a çatdırmaq düşündüklərindən daha çətin ola bilər və bu rəqəm digər silah ixrac edən ölkələrlə müqayisədə yenə də nisbətən aşağıdır.

Məhz burada Pakistanın Çinlə ittifaqı ön plana çıxır. Çin alət avadanlığı, kapital və digər vacib komponentlərlə Pakistanın JF-17 istehsalını artıra bilər. Özəl sektorun pilotsuz uçuş aparatı istehsalı da daha sürətlə genişlənə bilər. Bundan əlavə, potensial qlobal müştərilərdən artan tələbat Pakistanın müdafiə sənaye bazasının davamlı şəkildə genişləndirilməsini və JF-17 istehsal xəttinin böyüməsini zəruri edir.

Lakin Pakistan tam müstəqil ixracatçı deyil, daha böyük Çin ixrac şəbəkəsinin lisenziyalı hissəsidir və hər hansı yekun satışdan əvvəl Pekinlə məsləhətləşməlidir. Buna görə Çin sanksiyaya məruz qalmış dövlətlərə və ya Çinin qlobal diplomatik strategiyasını çətinləşdirən potensial müştərilərə satışın qarşısını ala bilər.

Bu baxımdan həm Liviya, həm də Sudan Çin üçün həssas istiqamətlərdir və Pekin ehtimal ki, Pakistanda istehsal olunsa da Çin lisenziyası ilə hazırlanan JF-17 kimi təyyarənin bu ölkələrə satılmasına etiraz edər.

Qərb orta səviyyəli silah bazarını niyə itirir?

Pakistanın qlobal silah ixrac bazarında yüksəlişi daha böyük və uzunmüddətli bir tendensiyanın göstəricisidir. Əslində, Qərb müdafiə şirkətləri aşağı və orta səviyyəli silah bazarını itirirlər. Yüksək qiymətli, gec çatdırılan və çoxsaylı uyğunluq tələbləri olan sistemlər sürətli, ucuz və siyasi baxımdan çevik təchizatçıları olan sistemlərlə rəqabət apara bilmir. Türkiyə, Cənubi Koreya və indi də Pakistan bu boşluğu doldurur. Bütün bunlar ABŞ-nin təsirini bir-bir müqavilə ilə sarsıdır.

Lakin potensial satışlardan yalnız Pakistan faydalanmır. Çin də fayda əldə edir. Pakistan Çinlə uyğunlaşmış, Qlobal Cənuba əlverişli və döyüşdə sınaqdan keçmiş sistemlər təqdim edən orta səviyyəli silah mərkəzinə çevrilir. Beləliklə, Pakistan Çin üçün strateji güc multiplikatoruna və Qərb nəzarətindən kənarda mövcud olan paralel qlobal silah ekosisteminin simvoluna çevrilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   JF-17   Thunder  


Bizi "telegram"da izləyin