Almaniya tank istehsalçısı KNDS-nin 40 faiz səhmini satın alır

2026/06/Ekran-1781552921.jpg
Oxunub: 188     20:29     22 İyun 2026    
Almaniya hökuməti Fransa-Almaniya birgə müəssisəsi olan KNDS tank istehsalçısının 40 faiz səhmini alacağını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Almaniya Kansler Aparatının yaydığı məlumatda bildirilib.

Açıqlamada qeyd olunub ki, Almaniya və Fransa hökumətləri KNDS-nin strategiyası və idarə olunması ilə bağlı ortaq razılığa gəliblər.

Məlumata görə, Almaniya hökuməti şirkətin 40 faizlik səhmini əldə edəcək. Bildirilib ki, bu investisiya şirkətin strateji əhəmiyyəti nəzərə alınaraq Almaniyanın milli maraqlarının qorunmasına xidmət edir.

Açıqlamada hər iki dövlətin səhmdarlıq vəziyyətini və onun mümkün inkişaf istiqamətlərini mütəmadi şəkildə nəzərdən keçirəcəyi vurğulanıb. Həmçinin qeyd olunub ki, razılaşma gələcəkdə KNDS-nin birjada yerləşdirilməsi üçün də zəmin yaradır.

Sənəddə bu addımın qlobal miqyasda sürətlənən silahlanma və texnoloji rəqabət şəraitində daha suveren və müstəqil Avropa konsepsiyasına xidmət etdiyi bildirilib.

Razılaşmanın qüvvəyə minməsi üçün Almaniya Federal Məclisinin (Bundestaq) Büdcə Komissiyasının təsdiqi tələb olunur.

Hökumətin sözçüsü Stefan Kornelius bildirib ki, bu investisiya Almaniyada milli sənaye əlavə dəyərinin artırılmasına, texnoloji suverenliyin gücləndirilməsinə, təhlükəsizlik maraqlarının qorunmasına və kritik texnologiyaların təmin olunmasına imkan verəcək.

İqtisadiyyat və Enerji naziri Katerina Rayxe isə qeyd edib ki, gələcəkdə Almaniya və Fransa Avropanın müdafiə qabiliyyəti üçün mühüm əhəmiyyət daşıyan şirkətin inkişafı ilə bağlı qərarları bərabər hüquqlarla qəbul edəcəklər.

KNDS 11 il əvvəl Almaniyanın KMW şirkəti ilə Fransanın dövlət müdafiə şirkəti Nexter-in birləşməsi nəticəsində yaradılıb.

Şirkət əsasən “Leopard” və “Boxer” kimi döyüş tanklarının istehsalı ilə tanınır.

Hazırda şirkətin yarısı Fransa dövlətinə, digər yarısı isə Almaniyanın Wegmann ailə holdinqinə məxsusdur. Lakin ailə holdinqinin şirkətdən çıxaraq onu birjada yerləşdirməyi planlaşdırdığı bildirilir.

Almaniya hökuməti müdafiə sənayesində təsir imkanlarını və balansı qorumaq məqsədilə aylardır bu səhmlərin əldə olunması üçün diplomatik və maliyyə təşəbbüsləri həyata keçirirdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Tank   KNDS  


Bizi "telegram"da izləyin