Moldovanın Aİ-yə üzvlüyü "ləyaqətə əsaslanan proses" çərçivəsində irəliləyəcək

2023/10/651c5-1696358269.jpg
Oxunub: 229     19:14     22 İyun 2026    
Brüsseldə Avropa İttifaqı(Aİ)-Moldova sammitindən sonra keçirilən birgə mətbuat konfransında Aİ liderləri ölkənin Avropaya inteqrasiyasına dəstəklərini təsdiqləyib, lakin danışıqların daha da irəliləməsi üçün konkret müddət açıqlamayıblar.

Ordu.az "Report"a istinadən xəbər verir ki, Moldova Prezidenti Maya Sandu ölkənin bütün danışıqlar klasterlərinin açılmasına hazır olduğunu və prosesin sürətlə irəliləməsinə ümid etdiyini bildirib.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen isə Brüsselin artıq bütün danışıqlar klasterlərinin açılmasını tövsiyə etdiyini vurğulayıb.

Lakin jurnalistlərin qalan klasterlərin elə iyul ayında açılmasını gözləməyin mümkün olub-olmaması ilə bağlı suallarına birbaşa cavab verilməyib.

Bunun əvəzinə fon der Lyayen və Aİ Şurasının sədri Antonio Koşta dəfələrlə təkrar ediblər ki, Moldovanın üzvlüyü "ləyaqətə əsaslanan proses" (merit-based process) çərçivəsində irəliləyəcək.

Mətbuat konfransındakı bəyanatlara əsasən, söhbət Avropaya inteqrasiyanın sürətləndirilməsindən çox, prosesin mümkün ləngiməsi ilə bağlı narahatlıqları aradan qaldırmaq cəhdindən gedirdi.

Avropa liderləri Moldovanı üzvlüyə ən uğurlu namizədlərdən biri hesab etdiklərini və zəruri meyarlar yerinə yetirildikcə irəliləməyə hazır olduqlarını açıq şəkildə bildirsələr də, müddətlərlə bağlı istənilən konkret öhdəliklərdən çəkiniblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moldova    


Bizi "telegram"da izləyin