Bürgenştokda 18 saatlıq gərginlik: Trampın “vətənə qayıda bilməyəcəksiniz” xəbərdarlığı və ABŞ-İran marafonu

2026/06/1782155249.jpg
Oxunub: 381     23:14     22 İyun 2026    
İsveçrənin kurort şəhəri Bürgenştokda keçirilən İran-ABŞ danışıqları ümumilikdə on səkkiz saat davam edib. İsrailin “Ynet” nəşrinin istinad etdiyi ərəb mənbələrinin məlumatına görə, iyunun 22-də İranın yüksək səviyyəli nümayəndələri Tehrana yollanıblar, ABŞ-nin vitse-prezidenti Cey Di Vens isə İsveçrədə qalmaqda davam edir.

Bundan bir gün əvvəl nüfuzlu beynəlxalq KİV-lər İran nümayəndə heyətinin “ABŞ prezidenti Donald Trampın onların inadkarlıq göstərməyə davam edəcəkləri təqdirdə hətta vətənlərinə qayıda bilməyəcəkləri ilə hədələməsindən sonra danışıqlar masasını tərk etdiyini” bildirmişdilər.

Buna baxmayaraq, iyunun 22-də Pakistan və Qətərin xarici işlər nazirlərinin adından yayılmış bəyanatda “danışıqların ilk günündə irəliləyiş əldə olunduğu” qeyd edilib. İsrailin “Vesty” nəşri həmin sənədə istinadən yazıb ki, ABŞ və İran Hörmüz boğazında gəmiçiliyin və Livanda atəşkəsin monitorinqi məqsədilə əlaqələndirici qurumların yaradılması barədə razılığa gəliblər.

“Əlaqələndirici qurumlar”ın konkret hansı funksiyaları yerinə yetirəcəyi barədə hələlik heç bir məlumat yoxdur. İranın xarici işlər naziri Abbas Əraqçi, “Tasnim” agentliyinin məlumatına görə, İranın dondurulmuş maliyyə vəsaitlərinin “bir hissəsinin hərəkətə gətirildiyini” bildirib. Əraqçi sərbəst buraxılmış vəsaitlərin həcmini açıqlamayıb. Hörmüz boğazında gəmiçiliyə kimin nəzarət edəcəyi də aydın deyil.

Livanda atəşkəsə nəzarət məsələsi isə daha mürəkkəb görünür. “Vesty”nin məlumatına görə, İsrail və Livanın “Hizbullah” təşkilatı əldə olunmuş razılaşmanın tərəfi deyil.

Faktiki olaraq “Hizbullah” Tehrandan aldığı göstərişləri yerinə yetirməlidir, ABŞ isə İsrailin hərbi əməliyyatları “yenidən başlamayacağına” zəmanət verib.

İsrailin “Ynet” nəşrinin şərhçisinin məlumatına görə, İran tərəfi yalnız atəşkəs deyil, həm də İsrail qoşunlarının Livanın cənubundan çıxarılmasını tələb edir. İsrailin müdafiə naziri İsrael Kats bəyan edib ki, “qoşunlar yəhudi dövlətinin şimal bölgələrinin əhalisinin təhlükəsizliyinin təmin olunması tələb etdiyi müddətdə tutduqları mövqelərdə qalacaqlar”.

Hələlik Bürgenştok danışıqlarında əldə olunan “irəliləyiş”in İsrailin baş naziri Benyamin Netanyahu ilə müzakirə olunub-olunmadığı barədə hər hansı məlumat yoxdur. Türkiyənin hakimiyyətə yaxın nəşrlərindən birinin qiymətləndirməsinə görə, İran “Hizbullah”ın statusunu Yaxın Şərq nizamlanmasının tərəfi kimi yüksəltməyə nail olub.

Nəzərə alsaq ki, ABŞ və İsrail əvvəlcədən İranın bundan sonra “proksi qruplaşmalara dəstəyi dayandırmalı olduğu” mövqeyində israr edirdilər, Livanda “Hizbullah”ın tərksilah olunması şərti olmadan atəşkəsin əldə edilməsi həqiqətən də İran diplomatiyasının uğuru sayıla bilər. Belə təəssürat yaranır ki, tərəflər danışıqların “texniki qruplar” səviyyəsində davam etdirilməsi, yüksək səviyyəli nümayəndələrin isə Pakistan və Qətərin vasitəçiliyi ilə “zərurət yarandıqca” görüşməsi barədə razılığa gəliblər.

Lakin bu, olduqca nikbin ehtimaldır. İran-ABŞ danışıqlarının “sahəsi minalanıb” və bu vəziyyət yalnız İsrailin və ya “Hizbullah”ın maksimalist mövqeyi ilə bağlı deyil. Problem həm də İranın nüvə və raket proqramı ilə bağlı tərəflərin bir-birinə zidd mövqelərindən qaynaqlanır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bürgenştok   Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin