Şərqi Aralıq dənizində axtarış-xilasetmə təlimi başlayıb

2026/06/1782156189.jpg
Oxunub: 321     23:25     22 İyun 2026    
Şərqi Aralıq dənizində keçirilən “Şəhid leytenant Caner Gönyeli-2026” Axtarış-Xilasetmə Dəvət Təlimi bu gün başlayıb.

Ordu.az xəbər verir ki, iyunun 26-dək davam edəcək təlim Şərqi Aralıq dənizi, Şimali Kipr Türk Respublikasının hava məkanı, ərazi suları və quru əraziləri ilə yanaşı, Türkiyənin axtarış-xilasetmə bölgəsinə daxil olan beynəlxalq sularda keçiriləcək.

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, təlimə Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Jandarma Baş Komandanlığı, Sahil Mühafizəsi Komandanlığı, Təhlükəsizlik Qüvvələri Komandanlığı, həmçinin müxtəlif mülki qurum və təşkilatlar qatılır.

Təlim 1974-cü il Kipr Sülh Əməliyyatı zamanı TCG “Kocatepe” esminesində şəhid olmuş kiprli türk dəniz zabiti leytenant Caner Gönyelinin xatirəsinə həsr olunur.

Təlimin quru mərhələsi 2026-cı il iyunun 23-də Girnənin 101 Evlər (Sent Hilarion) bölgəsində keçiriləcək. Bu mərhələdə dağlıq və mürəkkəb ərazidə axtarış-xilasetmə əməliyyatları hava vasitələrinin dəstəyi ilə icra olunacaq.

Dəniz mərhələsi isə 2026-cı il iyunun 24-də Qazimağusa sahillərində baş tutacaq. Təlim Şərqi Aralıq dənizi, Şimali Kipr Türk Respublikasının ərazi suları və Türkiyənin axtarış-xilasetmə bölgəsini əhatə edəcək.

Axtarış-xilasetmə əməliyyatlarının və təlimin bütün mərhələlərində helikopterlər və digər hava vasitələri fəal iştirak edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şərqi-Aralıq-dənizi   Təlim  


Bizi "telegram"da izləyin