Türkiyənin hərbi dənizçilikdə sistemli transformasiyası: MİLGEM proqramı

2026/06/thumb-1782146323.jpg
Oxunub: 262     20:37     22 İyun 2026    
1980-ci illərə qədər ABŞ istehsalı olan, İkinci Dünya müharibəsi dövründə inşa edilmiş və ikinci əl olaraq əldə edilmiş döyüş gəmiləri ilə təchiz olunmuş Hərbi Dəniz Qüvvələri Komandanlığı 1970-ci illərdə “Berk” və “Peyk” freqatları ilə döyüş gəmilərinin layihələndirilməsi və inşası sahəsində ilk addımlarını atdı.

Bunun ardınca 1980-ci illərin ikinci yarısından 2000-ci illərin əvvəllərinədək Almaniya ilə həyata keçirilən MEKO 200 “Track I” və “Track II” layihələri çərçivəsində ölkə daxilində ümumilikdə 8 ədəd “Yavuz” və “Barbaros” sinfinə məxsus freqat inşa edildi. Paralel olaraq 1990-cı illərdə ABŞ-dən ikinci əl olaraq alınan səkkiz ədəd “Knox” (Tepe) və səkkiz ədəd “Oliver Hazard Perry” (Gabya) sinfinə məxsus freqatlarla suüstü döyüş gücü gücləndirildi.

Hərbi Dəniz Qüvvələri Komandanlığının komanda-idarəetmə sistemlərinin inkişafı işləri çərçivəsində əvvəlcə “Tepe” sinfinə məxsus freqatlar üçün “Kalyon-5”, daha sonra isə “Gabya” sinfinə məxsus freqatlar üçün daha genişmiqyaslı Gəmi İnteqrasiya Edilmiş Döyüş İdarəetmə Sistemi (GENESİS) modernizasiya layihələri həyata keçirildi. Bu prosesdə qazanılan təcrübə MİLGEM proqramı üçün həm infrastruktur, həm də daha vacibi özünəinam yaratdı.

Milli gəmi prosesi

MİLGEM proqramının ilk mərhələsində sualtı qayıqlara qarşı mübarizə və patrul tapşırıqlarında istifadə olunmaq üçün Ada sinfinə məxsus korvet tipli döyüş gəmisi layihələndirildi. Layihə yalnız Hərbi Dəniz Qüvvələri Komandanlığı üçün müasir suüstü döyüş gəmisinin yerli imkan və qabiliyyətlərlə inşa edilməsini deyil, eyni zamanda hərbi gəmiqayrma zavodu ekosisteminin formalaşdırılmasını və səriştələrinin dərinləşdirilməsini hədəfləyirdi.

TCG F-511 “Heybeliada”nın 2008-ci il sentyabrın 27-də suya buraxılması ilə mühüm dönüş nöqtəsini keçən layihə çərçivəsində 4 ədəd Ada sinfinə məxsus gəmi 2011-2019-cu illərdə xidmətə qəbul edildi.

Proqramın ikinci mərhələsi hesab edilə biləcək İstif sinfinə məxsus çoxməqsədli freqatlar silah və avadanlıq baxımından Ada sinfindən daha inkişaf etmiş, tonnaj və ölçü baxımından isə daha böyük gəmilərdir.

MİLGEM proqramının hər biri 4 gəmidən ibarət olmaqla iki qrupda ümumilikdə 8 gəmini əhatə edən bu növbəti layihəsində hava hücumundan müdafiə, sualtı qayıqlara qarşı mübarizə və suüstü döyüş tapşırıqları üçün nəzərdə tutulmuş bütün silah və sensor sistemləri milli müdafiə sənayesi tərəfindən hazırlanır və istehsal edilir.

“Ada” və “İstif” siniflərindən əlavə, MİLGEM layihəsi daha iki fərqli gəmi sinfi üçün əsas rolunu oynayıb. Bunlardan biri TCG A-591 “Ufuk”, digəri isə “Hisar” sinfinə məxsus Açıq Dəniz Patrul Gəmisidir (ADPG).

2019-cu il fevralda suya buraxılan və 2022-ci il yanvarda xidmətə qəbul edilən TCG “Ufuk”, ASELSAN istehsalı olan müxtəlif növ və təyinatlı çoxsaylı elektron kəşfiyyat sistemləri ilə təchiz edilmiş müasir platforma kimi Hərbi Dəniz Qüvvələri Komandanlığının elektromaqnit müşahidə və dinləmə imkanlarını dəfələrlə artırıb.

Ümumilikdə 10 ədəd inşa edilməsi planlaşdırılan “Hisar” sinfinə məxsus Açıq Dəniz Patrul Gəmiləri layihəsi çərçivəsində isə patrul, dəniz ticarət marşrutlarının mühafizəsi, axtarış-xilasetmə kimi tapşırıqlarda istifadə ediləcək gəmi sinfi yaradılıb.

Bu dörd layihə ilə əldə edilən təcrübə və infrastruktur Türkiyənin hərbi dənizçilik sahəsində əməliyyat konsepsiyasının müəyyən edilməsindən layihələndirməyə, inşadan təchizata, sınaq proseslərindən ömür dövrünün idarə olunmasına qədər bütün mərhələlər üzrə tam səriştə qazanmasına imkan verdi.

Məhz bu təməl üzərində qurulan daha iddialı layihələr hazırda davam edir. TF2000 “Tepe” sinfinə məxsus hava hücumundan müdafiə esminesi və Milli Aviadaşıyıcı (MUGEM) layihələri buna nümunə göstərilə bilər.

İxrac uğuru

Bu sənaye potensialı və orijinal konsepsiyalar hazırlamaq qabiliyyəti Türkiyənin hərbi dənizçilik sektorunda artıq ayrı-ayrı platforma satışları ilə izah edilə bilməyəcək qədər böyük sistemli transformasiyanın mərkəzində dayanır.

Bu transformasiyanın əsasını isə MİLGEM layihə ailəsi təşkil edir. 2018-ci ildə Pakistanla imzalanan PN MİLGEM/Babur sinfinə məxsus dörd korveti əhatə edən müqavilə bu baxımdan dönüş nöqtəsi hesab olunur.

Türkiyə bu layihələrlə yalnız döyüş gəmisi satmayıb, həm də iki gəminin Türkiyədə, iki gəminin isə Pakistanda inşa edilməsini nəzərdə tutan texnologiya transferi və sənaye potensialının paylaşılması modelini təqdim edib.

2020-ci ildə Ukrayna ilə iki “Ada” sinfinə məxsus korvet üçün imzalanan müqavilə MİLGEM-i birbaşa Qara dəniz təhlükəsizlik arxitekturasının tərkib hissəsinə çevirdi.

2024-cü ildə Malayziyaya Ada sinfi əsaslı üç LMS “Batch-2” korvetinin satılması isə layihənin Cənub-Şərqi Asiya bazarında da maraq doğurduğunu göstərdi. 2025-ci ildə Rumıniyaya “Hisar” sinfinə məxsus açıq dəniz patrul gəmisinin ixracı MİLGEM mənşəli layihə ailəsinin NATO və Avropa İttifaqına üzv ölkəyə daxil olmasını təmin etdi.

Beləliklə, MİLGEM Pakistan, Ukrayna, Malayziya və Rumıniyanı əhatə edən geniş coğrafiyada Türkiyənin dəniz platformaları ixracındakı əsas istinad brendinə çevrildi. MİLGEM-in ixrac uğurunun əsas əhəmiyyəti bu layihənin müxtəlif ölkələrin fərqli strateji ehtiyaclarına uyğunlaşdırıla bilməsindədir.

Pakistan üçün 2018-ci ildə imzalanmış dörd gəmini əhatə edən paket yalnız donanmanın modernləşdirilməsi deyil, həm də yerli gəmi inşa qabiliyyətinin gücləndirilməsi demək idi. Ukrayna üçün 2020-ci ildə sifariş edilən iki korvet Rusiya ilə müharibənin kölgəsində Qara dənizdə dəniz gücünü yenidən formalaşdırmaq iradəsinin simvollarından birinə çevrildi.

Malayziya üçün 2024-cü ildə alınan üç gəmi sahil təhlükəsizliyi, müstəsna iqtisadi zonaya nəzarət və regional dəniz rəqabəti arasında daha balanslı qabiliyyət arxitekturası qurmaq istəyinə cavab verdi. Rumıniya üçün 2025-ci ildə gündəmə gələn bir ədəd Hisar sinfinə məxsus gəmi isə Qara dənizdə artan risk qavrayışı ilə birbaşa əlaqəli idi.

Bu mənzərə göstərir ki, MİLGEM artıq tək bir korvet sinfi olmaqdan çıxaraq korvet, yüngül freqat, açıq dəniz patrul gəmisi və xüsusi təyinatlı platformalara qədər uzanan çevik mühəndislik ailəsinə çevrilib. Türkiyənin əsas qazancı da müştəriyə hazır məhsul təqdim etməkdə deyil, tapşırığa, büdcəyə, əməliyyat sahəsinə və sənaye gözləntilərinə uyğunlaşdırıla bilən dəniz gücü həlli təklif etmək qabiliyyətindədir.

Daha geniş mənzərəyə baxdıqda MİLGEM Türkiyənin hərbi dənizçilik ixracında yeganə uğur hekayəsi deyil. Lakin bu uğurun əsas vitrini hesab oluna bilər.

2016-cı ildə Pakistanın üç “Agosta 90B” sualtı qayığının modernləşdirilməsi üçün STM şirkətinin qazandığı müqavilə Türkiyənin sualtı qayıq texnologiyaları sahəsində də etibarlı modernizasiya tərəfdaşı ola biləcəyini göstərdi.

Bu layihənin ən diqqətçəkən cəhətlərindən biri Türkiyənin başqa ölkə tərəfindən istehsal edilmiş və özünün istifadə etmədiyi sualtı qayıq platformasını modernləşdirməsi, üstəlik həmin sualtı qayığın istehsalçısı olan ölkənin təklifini geridə qoyaraq tenderi qazanması idi. 2018-ci ildə Qətərə iki təlim gəmisi və müxtəlif siniflərə məxsus patrul və xüsusi əməliyyat katerlərinin satışı həyata keçirildi. 2020-ci ildə isə yenidən Qətər üçün desant vasitələri gündəmə gəldi.

2021-ci ildə Nigeriyaya iki OPV-76 açıq dəniz patrul gəmisinin satılması, 2023-cü ildə Nigeriyanın NNS “Aradu” freqatının modernləşdirilməsi, 2024-cü ildə Portuqaliyaya iki logistika dəstək/təchizat gəmisinin ixracı və eyni dövrdə Qətərə ULAQ insansız dəniz platformasının satılması bu mənzərəni tamamladı.

Lakin MİLGEM-i bütün bu layihələrdən fərqləndirən cəhət onun Türkiyənin öz ehtiyaclarından doğulması, Türkiyə Hərbi Dəniz Qüvvələrində sınaqdan keçirilməsi və sonradan müxtəlif ölkələrə uyğunlaşdırılaraq ixrac edilməsi ilə bağlıdır. Başqa sözlə, MİLGEM Türkiyənin dənizlərdə “layihələndir, istehsal et, istifadə et, inkişaf etdir və ixrac et” dövrünün ən konkret məhsuludur.

Bu səbəbdən MİLGEM ixracı yalnız müdafiə sənayesinin dövriyyəsinə daxil olan müqavilələr deyil, həm də Türkiyənin dəniz gücü diplomatiyası, müttəfiqlik münasibətləri və yüksək texnologiya ixracı baxımından yeni strateji alət qazandığının göstəricisidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MİLGEM   Gəmi  


Bizi "telegram"da izləyin