Embarqolardan BATU zirehinə: “Altay” tankının Almaniya mühərrik böhranından yerli gücə uzanan tarixi yolu (VİDEO+FOTOLAR)

2026/06/1782137109.jpg
Oxunub: 320     18:03     22 İyun 2026    
Türkiyənin müdafiə sənayesində ən mühüm layihələrdən biri olan “Altay” Əsas Döyüş Tankı (ƏDT) yerli və milli imkanlarla hazırlanmış müasir döyüş tankıdır. Həm texnoloji infrastrukturu, həm də döyüş meydanında təmin edəcəyi üstünlüklərlə diqqət çəkən “Altay” Türkiyə Silahlı Qüvvələrinin zirehli birliklərinə yeni nəfəs gətirir. “Altay” yalnız poladdan hazırlanmış döyüş vasitəsi deyil, mühəndisliyin, səbrin, diplomatiyanın və yerli istehsal iradəsinin vəhdətidir. Onun hekayəsi müasir döyüş texnologiyalarına aparan uzun bir yolun tarixidir.


Çətin başlanğıcdan sonra

“Altay” tankının təməli 2007-ci ildə qoyulub. Türkiyə Müdafiə Sənayesi Komitəsinin (ozamankı adı ilə Müdafiə Sənayesi Müşavirliyi) elan etdiyi layihə çərçivəsində tankın ilkin dizaynı və prototip istehsalı vəzifəsi “Otokar” şirkətinə verilib. Cənubi Koreyadan texnologiya transferi həyata keçirilib və bu, tankın ilkin mərhələdə xarici komponentlərə əsaslanaraq hazırlanmasına imkan verib. İlk prototip 2011-ci ildə təqdim olunub. Lakin işin ən çətin hissəsi bundan sonra başlayıb. Prototip hazırlamaq bir məsələ idi, onu yerli və davamlı istehsal modelinə çevirmək isə tamamilə başqa məsələ idi.

2018-ci ildə seriyalı istehsal vəzifəsi “BMC Savunma” şirkətinə həvalə edilib. Bu mərhələdə tankın yerliləşdirilməsi, xüsusilə mühərrik və transmissiya sistemlərinin milliləşdirilməsi əsas prioritetə çevrilib. Lakin ən böyük problemlərdən biri məhz burada ortaya çıxıb: mühərrik.


Mühərrik böhranı və yerli alternativ axtarışı

“Altay” tankının ilk prototiplərində Almaniya istehsalı olan MTU 883 dizel mühərriki və RENK transmissiya sistemi istifadə olunurdu. Bu sistemlər yüksək performanslı və etibarlı güc qrupu hesab edilsə də, Almaniyanın Türkiyəyə tətbiq etdiyi ixrac məhdudiyyətləri və siyasi səbəbli embarqolar səbəbindən seriyalı istehsal mərhələsində istifadə edilə bilmədi.

Bu hadisələrdən sonra alternativ mühərrik və transmissiya sistemlərinin axtarışına başlanıldı. Müvəqqəti həll kimi Cənubi Koreya istehsalı olan “Doosan Infracore” DV27K mühərriki və “S&T Dynamics” transmissiyası “Altay”ın seriyalı istehsaldan əvvəlki modellərində istifadə edildi.

“Altay” tankının ilk seriyalı istehsalında (T1 konfiqurasiyası) Cənubi Koreya mənşəli güc qrupundan (mühərrik + transmissiya) istifadə olunacaq. Bu mühərrik “Hyundai Doosan” (indiki “HD Hyundai Infracore”) tərəfindən hazırlanmış DV27K, transmissiya isə “SNT Dynamics” şirkətinin EST15K modelidir. Lakin bu da daimi həll hesab olunmurdu. Türkiyənin strateji məqsədi tamamilə yerli güc qrupuna sahib olmaq idi.


Bu çərçivədə “BMC Power” tərəfindən BATU adlı yerli mühərrik layihəsi başladıldı. 1500 at gücünə malik BATU mühərrikinin tanka inteqrasiyası üçün geniş sınaq və inkişaf prosesi həyata keçirildi. Bu proses vaxt apardığından ilkin mərhələdə məhdud sayda “Altay” tankının Koreya mənşəli güc qrupu ilə istehsal ediləcəyi, sonrakı mərhələdə isə BATU mühərriki ilə təchiz edilmiş versiyaların seriyalı istehsala keçəcəyi açıqlanıb.

İlk seriyalı istehsalda T1 konfiqurasiyasında ümumilikdə 85 tankın (2025-ci ildə 3 ədəd, 2026-cı ildə 11 ədəd, 2027-ci ildə 41 ədəd, 2028-ci ildə 30 ədəd) istehsalı planlaşdırılır. Bu məhsulların ilk hissəsi, yəni ilk 40 tank Cənubi Koreya güc qrupu ilə təchiz ediləcək. Sonrakı 45 tankın BATU mühərriki ilə təchiz olunacağı gözlənilir.

Ümumilikdə 250 tanklıq proqram çərçivəsində ilk 85 T1 tankının istehsalından sonra yerli mühərrikli istehsal T2 konfiqurasiyasında başlayacaq. Bu mərhələdə 165 tank istehsal ediləcək və onların böyük ehtimalla BATU mühərriki ilə təchiz olunacağı gözlənilir.


Ümumi məlumatlar

Adı: “Altay”
Sinfi: Əsas Döyüş Tankı (ƏDT)
Hazırlayan: “Otokar” (ilk prototip), “BMC Savunma” (seriyalı istehsal)
Layihənin başlanma tarixi: 2007
İlk prototipin təqdimatı: 2011
İstehsal vəziyyəti: Seriyalı istehsal mərhələsindədir (2023-cü ildən etibarən sınaq təhvil prosesi başlayıb)
İstifadəçi: Türkiyə Silahlı Qüvvələri


Texniki xüsusiyyətlər

Çəkisi: Təxminən 65 ton
Uzunluğu: 10,3 metr (lülə daxil)
Eni: 3,9 metr
Hündürlüyü: 3,1 metr
Ekipaj: 4 nəfər (komandir, sürücü, tuşlayıcı, doldurucu)

Mühərrik və hərəkət qabiliyyəti

Mühərrik: 1500 at gücündə mühərrik (ilk prototiplərdə Cənubi Koreya mənşəli, seriyalı istehsal üçün yerli BATU mühərriki planlaşdırılır)
Maksimal sürət: 65 km/saat
Mənzil: 450 km
Asqı sistemi: Elektron idarə olunan ISU asqı blokları, avtomatik tırtıl gərginliyi tənzimləmə qabiliyyəti
Çətin relyef imkanları: 60 faiz maili yamacı qalxma, 2,2 metrlik xəndəyi keçmə, 1,2 metrlik şaquli maneəni aşma, 30 faiz yan maililikdə hərəkət


Silah sistemləri

Əsas silah: NATO standartına uyğun 120 mm, 55 çaplı yivsiz top
Effektiv mənzil:
Kimyəvi enerjili döyüş sursatları üçün 2000 metr,
Kinetik enerjili döyüş sursatları üçün 3000 metr
Köməkçi silahlar:
7,62 mm koaksial pulemyot,
12,7 mm komandir pulemyotu (UKSS)
Atəş idarəetmə sistemi:
Qabaqcıl hədəf aşkarlama və izləmə sistemi
Lazer məsafəölçən
Avtomatik hədəf izləmə sistemi
Gecə və gündüz termal görüntüləmə sistemi
Hərəkət zamanı dəqiq atəş açmaq imkanı
Elektrikli top və qüllə hərəkət sistemi



Zireh və mühafizə

Zireh: Kompozit və modul zireh (reaktiv zirehin inteqrasiyası da planlaşdırılır)
Aktiv Mühafizə Sistemi:
ASELSAN tərəfindən hazırlanmış AKKOR Aktiv Mühafizə Sistemi ilə 360 dərəcə təhlükə aşkarlama və məhv etmə qabiliyyəti
NBC mühafizəsi:
Nüvə, bioloji və kimyəvi mühafizə sistemi
Yanğınsöndürmə:
İqlimləndirmə və avtomatik yanğın aşkarlama və söndürmə sistemi
Qəlpə mühafizəsi:
Qəlpə sipəri (Spall Liner)
Mina mühafizəsi:
Yüksək mina mühafizəsi (əlavə mina dəsti)


Seçilən xüsusiyyətlər

Milli proqram təminatı və elektron sistemlər:
“Altay”da yerli istehsal elektro-optik sistemlər, rabitə sistemləri və atəş idarəetmə proqram təminatı istifadə olunur.
Modul quruluş:
Müxtəlif tapşırıqlar üçün fərqli variantların hazırlanmasına imkan verir.
Komanda-idarəetmə-rabitə:
C4I inteqrasiya edilmiş sistemi.
Qabaqcıl erqonomika:
Ekipajın rahatlığı və təhlükəsizliyi üçün müasir daxili dizayn.
Pilotsuz uçuş aparatı və komanda inteqrasiyası:
Gələcək versiyalarda pilotsuz uçuş aparatları və şəbəkə əsaslı döyüş sistemləri ilə inteqrasiya edilə biləcək quruluş.



Silah və döyüş sursatı gücü

“Altay”ın ən diqqətçəkən xüsusiyyətlərindən biri onun silah və atəş gücüdür. Əsas silahı 120 mm, 55 çaplı yivsiz topdur. Bu silah NATO standartlı döyüş sursatlarından istifadə edə bilir. Bu da tankın 40 ədəd müxtəlif növ sursatla fəaliyyət göstərməsinə imkan yaradır:

Zirehdələn APFSDS sabot sursatı
HEAT yüksək partlayış qabiliyyətli tank əleyhinə sursat
MP-T çoxməqsədli sursat
İdarəolunan sursat (inkişaf mərhələsindədir)


Əsas topa əlavə olaraq 7,62 mm koaksial pulemyot və komandir üçün 12,7 mm uzaqdan idarə olunan silah sistemi inteqrasiya edilib. Bu da tankın həm piyadalara, həm də yüngül zirehli hədəflərə qarşı effektivliyini artırır. Tank 40 mm qumbaraatanın istifadəsi üçün də uyğundur.


Nə vaxt Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olacaq?

“Altay” tankının Türkiyə Silahlı Qüvvələrinə təhvili 2023-cü ildə iki sınaq tankının Quru Qoşunları Komandanlığına verilməsi ilə başlayıb. Bu sınaqlar tankın sahədə necə fəaliyyət göstərəcəyini müəyyən etmək baxımından kritik əhəmiyyət daşıyırdı. Bu müddətdə həm yerli mühərrikli, həm də Koreya mühərrikli prototiplər sınaqdan keçirildi.

Əsas seriyalı təhvil prosesinin isə 2025-ci ilin sonundan etibarən başlaması və mərhələli şəkildə davam etməsi gözlənilir. Ümumilikdə təxminən 250 “Altay” tankının istehsalı planlaşdırılıb.

İlk seriyalı istehsalda T1 konfiqurasiyasında ümumilikdə 85 tankın (2025-ci ildə 3 ədəd, 2026-cı ildə 11 ədəd, 2027-ci ildə 41 + 30 ədəd) istehsalı planlaşdırılır. Gələcək illərdə bu sayın artırılması və müxtəlif variantlarının hazırlanması da nəzərdə tutulur.


Variantlar

“Altay” T1: Cənubi Koreya güc qrupu ilə təchiz edilmiş əsas seriyalı istehsal variantı.
“Altay” T2: Yerli BATU mühərriki və əlavə təkmilləşdirmələrlə hazırlanmış inkişaf etdirilmiş variant. 2028-ci ildən etibarən istehsal ediləcək.
“Altay” T3: Planlaşdırılan insansız qülləyə malik versiya.
Digər variantlar: Şəhər döyüşləri üçün AHT (istiqamətləndirilən buldozer bıçaqlı), körpüquran, mina təmizləmə və təxliyə vasitələri.


Prototip mərhələsində MTR (Hərəkət Sınaq Qurğusu), FTR (Atəş Gücü Sınaq Qurğusu) və PV (Pilot Vasitə) modellərindən istifadə olunub.


Türkiyənin milli müdafiə sənayesində uzun müddətdir gözlənilən dönüş nöqtəsi nəhayət reallaşıb: “Altay” Əsas Döyüş Tankının seriyalı istehsalına başlanılıb. Ankara Kosmos və Aviasiya İxtisaslaşmış Təşkilatlanmış Sənaye Bölgəsində qurulan BMC istehsal bazasında başlanan seriyalı istehsal Türkiyənin müdafiə sənayesində yerli və milli istehsal hədəfləri baxımından mühüm addım hesab olunur.


“Altay” tankının seriyalı istehsalı yalnız hərbi uğur deyil, eyni zamanda Türkiyənin yüzillik arzusunun reallığa çevrilməsinin simvoludur. Müasir istehsal texnologiyaları və yerli sənaye robotları ilə təchiz olunmuş müəssisə yalnız “Altay”ı deyil, həmçinin ALTUĞ 8x8 kimi yeni nəsil zirehli platformaları da istehsal edəcək.

2025-ci il ərzində Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi planlaşdırılan ilk tanklar eyni zamanda dost və müttəfiq ölkələrə ixrac potensialına da malikdir.

Gələcəkdə “Altay”ın T3 insansız qülləli versiyası kimi yeniliklərlə Türkiyənin müdafiə sənayesindəki iddiası daha da artacaq.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BATU   Altay   Tank   Türkiyə  


Bizi "telegram"da izləyin