Çin ABŞ-nin 46 müdafiə sənayesi şirkətini dövlət satınalmalarından kənarlaşdırıb

2026/05/1779715722.jpg
Oxunub: 235     19:34     22 İyun 2026    
Çin aralarında müdafiə sənayesində fəaliyyət göstərən “Lockheed Martin”, “Raytheon” və “Boeing” şirkətlərinin törəmə müəssisələrinin də olduğu 46 ABŞ şirkətini dövlət satınalmalarından kənarlaşdırdığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Çin Maliyyə Nazirliyi məlumat yayıb.

Açıqlamada bildirilib ki, 46 ABŞ şirkətinin dövlət satınalmalarında iştirakını məhdudlaşdıran tədbirlərin tətbiqinə qərar verilib.

Qərara əsasən, Çin dövlət satınalma qurumlarına “Lockheed Martin Corp”, “Raytheon Missiles & Defense”, “General Atomics Aeronautical Systems”, “Boeing Defence, Space & Security”, “General Dynamics Land Systems” və “Javelin Joint Venture” daxil olmaqla 46 müdafiə sənayesi şirkətinin məhsullarını satın almaq qadağan edilib.

Bundan əlavə, Çin Ticarət Nazirliyi 10 ABŞ şirkətinə qarşı ixrac qadağası tətbiq olunduğunu da açıqlayıb.

Qadağa nadir torpaq elementləri və maqnit istehsalçıları “MP Materials” və “USA Rare Earth”, mühərrik və elektron enerji sistemləri istehsalçısı “Aveox”, pilotsuz uçuş aparatı və robot istehsalçıları “Red Cat”, “Teal Drones”, “Jaia Robotics”, eləcə də kosmik aparat və müdafiə sistemləri komponentləri istehsalçısı “Ball Aerospace & Technologies” və onların törəmə şirkətlərini əhatə edir.

Açıqlamaya görə, Çin şirkətlərinin həmin firmalara hərbi və ikili təyinatlı məhsullar satması, həmçinin digər ölkələrin fiziki və hüquqi şəxslərinin Çin mənşəli bu tip məhsulları qeyd olunan şirkətlərə ötürməsi qadağan olunub.

Çin tərəfi qərarın ölkənin milli təhlükəsizliyinin və maraqlarının qorunması, silahların yayılmasının qarşısının alınması və beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə qəbul edildiyini bildirib.

Bəyanatda vurğulanıb ki, bu addım ABŞ hökumətinin bəzi Çin şirkətlərini əsassız şəkildə “hərbi şirkətlər” siyahısına daxil etməsinə cavab olaraq atılıb.

Xatırladaq ki, ABŞ Müharibə Nazirliyi (Pentaqon) 2026-cı il iyunun 9-da Çin ordusu ilə əlaqəli olduğunu iddia etdiyi “hərbi şirkətlər” siyahısına “Alibaba” və BYD kimi aparıcı Çin şirkətlərini daxil etmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ABŞ  


Bizi "telegram"da izləyin