Ordu.az xəbər verir ki, bu barədə Demokratiya və Təhlükəsizlik üzrə Regional Mərkəzin Avropa İttifaqı və ABŞ Alman Marşall Fondunun (GMF TF) maliyyə dəstəyi ilə hazırladığı yeni monitorinq hesabatında qeyd olunub.
Hesabat müəlliflərinin məlumatına görə, may ayında bu cür ritorikanın əsas yayıcıları hakim “Vətəndaş Müqaviləsi” partiyasının nümayəndələri və tərəfdarları olub. Sənəddə bu ritorikanın əsas mənbəyi kimi Baş nazir Nikol Paşinyanın adı göstərilib.
Hesabatda mayın 18-də İrəvanın Arabkir inzibati rayonunda keçirilən təşviqat tədbiri zamanı baş vermiş hadisələr ətraflı təsvir olunub. Bildirilir ki, “Qarabağ ləhcəsi”ndə danışan maskalı şəxslərin Paşinyanı Qarabağı təhvil verməkdə ittiham etdiyi videoya münasibət bildirən baş nazir ittihamları konkret şəxslərdən bütün Qarabağdan köç etmiş şəxslərə yönəldib.
“Paşinyan onların “Ferrari” avtomobilləri ilə döyüş meydanından qaçdıqlarını və əsgərləri səngərlərdə qoyduqlarını iddia edib”, - deyə sənəddə qeyd olunur.
Araşdırmada həmin gün Paşinyanla həkim Arpine Soğoyan arasında baş vermiş mübahisəyə də toxunulub. Bildirilir ki, 2020-ci il müharibəsində itkin düşmüş qardaşını xatırladan və baş naziri ölkəni dağıtmaqda ittiham edən erməni qadının Qarabağla heç bir əlaqəsi olmasa da, Paşinyan yenidən Qarabağ mövzusuna qayıdaraq onu Qarabağ vasitəsilə talançılıq etməkdə günahlandırıb.
Hesabat müəllifləri günün ən diqqətçəkən hadisəsi kimi erməni fəal Artur Osipyanla baş nazir arasında yaşanan qarşıdurmanı göstəriblər. Məlumata görə, Osipyan hakimiyyəti “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) “korrupsiyada ittiham olunan keçmiş rəsmiləri”ni himayə etməkdə tənqid edib.
“Buna cavab olaraq Paşinyan “Qarabağın psevdoelitaları” ifadəsini işlədib və Osipyandan təxminən beş min nəfərin öldüyü halda onun niyə sağ qaldığını soruşub”, - deyə hesabatda qeyd eidlib.
Hesabat müəllifləri bu ifadəni damğalama nümunəsi kimi qiymətləndirərək bildiriblər ki, bu yanaşma müharibədən sağ çıxmış şəxslərin yalnız sağ qaldıqları üçün fərari və ya xəyanətkar kimi təqdim edilməsinə xidmət edir.
Qeyd olunur ki, sonradan üç maddə üzrə ittiham olunan Osipyan həbs edilib və baş nazirdən ictimai üzr tələb edərək aclıq aksiyasına başlayıb. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri aksiyanın 24-cü günündə ləğv edilib.
“Osipyanla insidentdən sonra bir sıra hakimiyyətyönlü blogerlər sosial şəbəkələrdə “anti-Qarabağ ritorikası”nı gücləndiriblər”, - deyə hesabatda vurğulanıb.
Sənəddə erməni bloger Roman Bağdasaryanın Qarabağdan köç etmiş şəxsləri qorxaqlıqda və silah tutmağı bacarmamaqda ittiham etdiyi paylaşımına, eləcə də fəal Anita Harutyunyanın Osipyanın ölməli olduğunu iddia etdiyi videomüraciətinə istinad olunub. Bundan başqa, hakim partiyanın tərəfdarı Tatul Asilyanın Qarabağdan köç etmiş şəxslərin ölkədən çıxarılmasına çağırış etdiyi qeyd edilib.
Araşdırma müəllifləri Bağdasaryanın daha əvvəl də oxşar bəyanatlarla çıxış etdiyini vurğulayaraq onun hüquq-mühafizə orqanlarının himayəsindən yararlandığını iddia ediblər. Hesabatda qeyd olunur ki, hüquq-mühafizə orqanları bu cür hallara qarşı hərəkətsizlik nümayiş etdirməkdə davam edir.
Sənəddə Talin şəhərində baş verdiyi bildirilən ayrıca hadisəyə də yer verilib. İddia olunur ki, yerli administrasiyanın rəhbəri Tavros Sapeyan Qarabağdan köç etmiş bir qadının evinə gedərək hakim partiyanın təşviqat materiallarını təqdim edib. Erməni qadın siyasətlə maraqlanmadığını dedikdən sonra məmurun ona dövlət yardımını xatırlatdığı, bu davranışla Ermənistanda uzun müddət yaşaya bilməyəcəyini söylədiyi və hətta ona Rusiya bileti almağı təklif etdiyi qeyd olunub. Hesabat müəlliflərinin yazdığına görə, erməni qadın “ləyaqətlə ölməyə üstünlük verəcəyini” dedikdə, erməni məmur onun Qarabağda ölməli olduğunu bildirib.
Hesabat müəllifləri bu hadisəni Qarabağdan kpç etmiş şəxslərə göstərilən dövlət yardımının siyasi təzyiq və loyallıq tələbi aləti kimi istifadə olunmasının nümunəsi kimi qiymətləndiriblər.
Hesabatın yekun hissəsində müəlliflər belə nəticəyə gəliblər ki, may ayında Qarabağdan köç etmiş şəxslərə qarşı nifrət ritorikasının yayılmasına görə əsas məsuliyyət hakimiyyət nümayəndələrinin, xüsusilə də Baş nazir Nikol Paşinyanın üzərinə düşür. Onların fikrincə, Paşinyan sistemli şəkildə Qarabağdan kpç etmiş şəxsləri fərari kimi təqdim edən və müharibənin nəticələrinə görə məsuliyyəti onların üzərinə yönəldən narrativləri təkrarlayır.
Müəlliflər, həmçinin Ermənistanın hüquq-mühafizə orqanlarının bu cür hallara adekvat reaksiya vermədiyini vurğulayıblar.
Alpər Mövludoğlu
Ordu.az