Niyə koqnitiv müharibə Pekinin ən böyük silahıdır? – ANALİZ

2025/09/2025--1756886415.jpg
Oxunub: 1794     15:17     03 Sentyabr 2025    
Çin böyüyən nüvə silahları arsenalından ABŞ-nin və daha dəqiq desək, onun müttəfiqlərinin düşüncəsini və risk hesablamalarını dəyişmək üçün istifadə edir.

Çin 2030-cu illərin əvvəlləri və ortalarında ABŞ ilə nüvə gücü baxımından rəqabətə çıxacaq. Yalnız strateji silah kimi istifadə olunacaq yüksək güclü nüvə raketləri deyil, Çin Xalq Azadlıq Ordusu döyüş meydanında istifadə üçün müxtəlif taktiki nüvə silahları da inkişaf etdirir. Bu arsenal quruda, dənizdə və havada yerləşdirilən üçtərəfli nüvə qüvvələri strukturunun tərkib hissəsidir və çoxsaylı platformalardan buraxıla bilir.

Bu, digər dövlətin ona qarşı kütləvi qırğın silahından istifadə etməsinin qarşısını almaq üçün lazım olandan qat-qat artıqdır. Lakin Çin Kommunist Partiyasının nüvə mübadiləsini qazanmaq niyyətində olduğuna dair sübut yoxdur.

Bəs niyə Çin 2019-cu ildən bəri nüvə supergücü olmağa bu qədər maraq göstərir? Niyə Pekin bu qüvvələri bilərəkdən qeyri-şəffaf şəkildə – konvensional və nüvə silahlarını bir yerdə yerləşdirərək, nüvə doktrinasını açıqlamaqdan imtina edərək, amma “ilk istifadə etməmə” siyasətində israr edərək qurur? Və böyüyən nüvə arsenalının digər ölkələrə təsiri nədir?

Müharibələr beyinlərdə qazanılır və uduzulur

Çin Kommunist Partiyası və Xalq Azadlıq Ordusu siyasi və ya psixoloji müharibəni kinetik müharibə qədər ciddi qəbul edir. PLA ABŞ və onun müttəfiqlərinə qarşı psixoloji müharibəni nüvə silahlarına artan marağı ilə birləşdirərək bir neçə komponentdən istifadə edir. Məqsəd rəqibin qərarverməsini zəiflətmək, mübarizə əzmini sarsıtmaq, müharibəyə dəstəyi azaltmaq, daxildən hökumətin iradəsini zəiflətmək və Çinin potensial düşmənləri qorxutma qabiliyyətini artırmaqdır.

Nüvə silahları Çinin iradəsini potensial rəqiblərə sındırmaq üçün getdikcə daha vacib strateji vasitə kimi görülür. Amma bu, Rusiya prezidenti Vladimir Putinin və ya keçmiş Sovet İttifaqının sərt ritorikasından fərqlənir.

Çin nüvə silahlarını psixoloji mühitə təsir göstərmək üçün üç yolla istifadə edir və bu, real strateji nəticələr yaradır.

Birincisi strateji narrativlərdir. Bu sadə görünmür, amma Çin buna son dərəcə ciddi yanaşır.

Çin təkcə qarışıqlıq yaratmaq yox, böyük narrativləri formalaşdırmaq və idarə etmək istəyir. Bu isə çox təsirlidir, çünki bu narrativlər informasiya və situasiyaları necə şərh etdiyimizi, nəyi mümkün gördüyümüzü, hansı hərəkətləri ehtiyatlı, yoxsa riskli hesab etdiyimizi və uzunmüddətli maraqlarımıza uyğun olanı müəyyənləşdirir. Çin tərəfindən yaradılan əsas narrativlər bunlardır:

Çin hökmranlığı tarixi normadır və qaçılmazdır.
Çin Kommunist Partiyasının məqsədləri daimi və dəyişməzdir.
CCP və PLA əsas hədəflərinə çatmaq üçün hər hansı qiyməti ödəməyə hazırdır və çəkindirilə bilməz.
ABŞ getdikcə zəif, qeyri-müəyyən və etibarsız müttəfiqdir.


Çinin nüvə modernləşməsi bu narrativlərin təsirini daha da gücləndirir.

Eskalasiya və məcburetmə

Çinin nüvə arsenalının ikinci strateji effekti çəkindirmə, eskalasiya və müttəfiqlərin məcburedilməsidir.

Çin ABŞ və müttəfiqlərin həm obyektiv, həm də subyektiv risk hesablamalarını manipulyasiya etməyə çalışır. Nüvə supergücü olmaq bu məqsədə çox kömək edir. PLA konvensional və nüvə qabiliyyətlərini birləşdirir, ikili məqsədli raketlərə sərmayə yatırır, nüvə silahları ilə bağlı hər hansı müqaviləyə qoşulmur və doktrinasını açıqlamır. Bu qeyri-şəffaflıq isə rəqibləri çaşdırmaq, qorxutmaq və təzyiq etmək üçündür.

2022-ci ilin avqustunda ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvana səfər edəndə Çin Tayvan sularına bir neçə nüvə qabiliyyətli raket atdı. Bu, eskalasiya zamanı niyyətin göstəricisi idi. Çin bölgədə yüzlərlə taktiki nüvə raketi yerləşdirir, ABŞ isə yox.

Beləliklə, Pekin “ilk istifadə etməmə” siyasətini rəsmən tərk etmədən belə çəkindirmə qabiliyyətini gücləndirir.

Məsələn, prezident Co Bayden ABŞ-nin “Minuteman III” qitələrarası ballistik raketinin testini Çinin təzyiqləri fonunda təxirə saldı. Eyni addımı 2022-ci ilin aprelində Ukrayna müharibəsi zamanı Rusiya ilə nüvə gərginliyini azaltmaq üçün atmışdı.

Pekin bunu müşahidə edərək başa düşdü ki, ABŞ nüvə gücünə sahib rəqiblərlə qarşıdurmada son dərəcə ehtiyatlıdır.

Genişlənmiş nüvə çəkindirməsini zəiflətmək

Üçüncü strateji təsir ABŞ-nin genişlənmiş nüvə çəkindirməsi ilə bağlıdır. Yəni ABŞ müttəfiqinə qarşı nüvə hücumunu ona kütləvi qırğın silahı ilə cavab verəcəyini vəd etməklə önləyir.

Çinin üstünlüyü eskalasiyaya daha hazır görünməsidir. ABŞ isə çox vaxt eskalasiyadan çəkinir. Bu, müttəfiqlərə siqnal verir ki, ABŞ kiçik məsələlərdə belə sərt addım atmırsa, böyük məsələlərdə – nüvə eskalasiyasında – heç atmayacaq.

Döyüşmədən qalib gəlmək

Sun Tszyunun “Müharibə Sənəti” əsərində məşhur bir ifadə var: “Yüz döyüşdə yüz qələbə qazanmaq ən böyük bacarıq deyil. Ən böyük bacarıq düşməni döyüşmədən məğlub etməkdir”.

Çin böyüyən nüvə arsenalından ABŞ və onun müttəfiqlərinin düşüncə və risk hesablamalarını dəyişdirmək üçün istifadə edir. İradəli və cəsarətli müttəfiqlər olmadan ABŞ Asiyada gücünü davam etdirə bilməz. Çinin məqsədi isə regional dövlətləri sülh dövründə belə məhdudlaşdırmaq, çəkindirmək, məcbur etmək və itaət etdirməkdir. Bu yolla Çin döyüşmədən qalib gəlir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Pekin   Silah  


Bizi "telegram"da izləyin