“Transqafqaz Dəhlizi”: Azərbaycan Liderinin Geosiyasi Zəkası

2025/08/1754319848.jpg
Oxunub: 811     12:33     05 Avqust 2025    
Son iki həftə ərzində Ermənistanın siyasi və ekspert çevrələri, görünür, “Berliner Zeitung” qəzetinə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin verdiyi müsahibədə rəsmi Bakının ilk dəfə olaraq gündəmə gətirdiyi “Transqafqaz beynəlxalq nəqliyyat dəhlizi” ifadəsinin əhəmiyyətini yetərincə dərk etməyib. Bu termin Hikmət Hacıyev tərəfindən Zəngəzurdan keçəcək kommunikasiya marşrutları barədə danışarkən istifadə olunub.

Müxtəlif fikirlərə görə, bu termin Zəngəzur dəhlizinin kommunikasiya xətlərini Qars yaxınlığında Ermənistanın qərb sərhədi ilə birləşdirmək kontekstində işlədilib. Elə məhz bu məqam da Prezident İlham Əliyevin Şuşa Media Forumunda vurğuladığı əsas mövzulardan biri olub.

Bu, əslində yeni və ciddi maraq doğuran bir narrativdir. Əgər “Transqafqaz beynəlxalq nəqliyyat dəhlizi” layihəsi Zəngəzurdakı yolların Qars yaxınlığındakı sərhədlərlə birləşdirilməsi çərçivəsində nəzərdə tutulursa, bu, o deməkdir ki, Horadiz-Mehri-Culfa-Arazdəyən-Gümrü xətti üzrə dəmir yolunun bərpası və perspektivdə Qarsla bağlantının təmin olunması planlaşdırılır. Paralel olaraq Gümrü-Qars dəmir yolunun bərpası da müzakirə mövzusu ola bilər.

Eyni zamanda, məqalələrdə “Transqafqaz dəhlizi” ilə “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi”nin inteqrasiyası məsələsini qaldırılır və bunu Rusiya üçün milyonlarla ton yükləri İran limanlarına çatdırmaq imkanı kimi təqdim edirlər.

Əslində söhbət ondan gedir ki, əgər Mehri hissəsində dəmir yolu bərpa olunarsa, Rusiya SSRİ dövründə mövcud olan Culfa üzərindən İranla birbaşa dəmir yolu əlaqəsini yenidən bərpa edə bilər. O zamanlar bu dəmir yolu ilə Tehran-Moskva və əks istiqamətdə sərnişin daşımaları da həyata keçirilirdi.

Müəlliflərin fikrincə, “Transqafqaz beynəlxalq nəqliyyat dəhlizi”nin işə düşməsi üçün Bakıya Rusiya ilə stabil münasibətlər vacibdir. O, hesab edir ki, Bakı Moskvanı bir daha inandırmalıdır ki, “Şimal-Cənub” dəhlizinin dəmir yolu üzrə qərb seqmentinin məhz Azərbaycan üzərindən keçirilməsi ən optimal variantdır.

Bütün bu detallar fonunda belə bir sual ortaya çıxır: Zəngəzurda dəhlizin açılması məsələsi Rusiya, İran və Türkiyə arasında ciddi şəkildə müzakirə olunur, yoxsa bu, sadəcə Bakının diplomatik üstün manevri, regional balansları dəyişən yeniliyidir?

Əgər bu təşəbbüs reallaşarsa, Ermənistandakı radikal ideologiyalara qarşı böyük geosiyasi zərbə endiriləcək. Çünki Ermənistan indiyə qədər Zəngəzur üzərindən keçən kommunikasiyaları bloklamaqla həm özünü təcrid edib, həm də regionda formalaşan yeni ticarət və nəqliyyat düzənindən kənarda qalıb. Bakı isə öz çevik və ağıllı siyasəti ilə Ermənistanın bu dağıdıcı siyasətini region ölkələrinin maraqlarına uyğun alternativ layihə ilə əvəz etməyə çalışır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Transqafqaz-Dəhlizi  


Bizi "telegram"da izləyin