Beş müxtəlif anonim mənbə eyni vaxtda təsdiqləyib ki, bu ilin mart ayında Trampın xüsusi nümayəndəsi Uitkof Bakıda Prezident İlham Əliyevlə bu mövzuda danışıqlar aparıb. Görüşlər onun köməkçisi Arye Laitstoun tərəfindən davam etdirilib.
Məqalədə iddia olunur ki, Azərbaycanın “İbrahim razılaşmaları”na qoşulması üçün əsas şərtlərdən biri Ermənistanla sülh sazişinin imzalanmasıdır. Bu, ABŞ tərəfinin regional sabitlik və geosiyasi tarazlıq yaratmaq məqsədi ilə atdığı addımlardan biri kimi təqdim olunur.
Türkiyə mediası əlavə edir ki, Azərbaycan rəsmiləri bu prosesin regional kontekstdə genişlənməsi üçün Mərkəzi Asiya ölkələri, xüsusilə Qazaxıstanla əlaqə saxlayaraq, onların “İbrahim razılaşmaları”na marağını öyrənməyə çalışıblar.
Hələlik məlum deyil ki, bu yöndə danışıqlar Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstanla da aparılıb, ya yox. Lakin ümumi kontekstdən anlaşıldığına görə, ABŞ-nin təqdim etdiyi bu plan Türkiyə ilə də razılaşdırılmalıdır.
Bu fonda media İsrailin “Israel Hayom” nəşrinin yaydığı bir məqaləyə geniş yer ayırıb. Həmin məqalədə iddia olunur ki, İsrail və Yunanıstanın birgə qüvvələri tərəfindən Kiprin şimalında “xüsusi hərbi əməliyyat”ın keçirilməsi ehtimalı var. KİV-lər qeyd edir ki, bu qəzet İsrailin Baş naziri Benyamin Netanyahunun hökuməti ilə sıx əlaqəlidir.
Məlumata əsasən, “Israel Hayom”un müəllifi bu ehtimal edilən hərbi əməliyyata “Poseydonun qəzəbi” adını verib. Müəllifin iddiasına görə, bu əməliyyat İsrail, Yunanıstan və beynəlxalq ictimaiyyət tərəfindən tanınan Kipr hakimiyyətləri tərəfindən həyata keçirilə bilər. O, əməliyyat ehtimalını belə əsaslandırır ki, guya Kiprin şimalında Türkiyə tərəfindən dəstəklənən iranpərəst silahlı qruplaşmalar və HƏMAS döyüşçüləri yerləşdirilib.
Əlbəttə, bu iddiaları mütləq şəkildə doğru qəbul etmək sadəlövhlük olar. Amma faktdır ki, Yaxın Şərqdə və Şərqi Aralıq dənizi regionunda Türkiyə və İsrail arasında geosiyasi maraqların ciddi ziddiyyətləri mövcuddur.
Bu baxımdan Prezident İlham Əliyevin geosiyasi mövqeyi və seçimi yalnız onun və Türkiyə rəhbərliyinin deyil, bütövlükdə regionun gələcəyi üçün strateji əhəmiyyət daşıyır. Əgər ABŞ Azərbaycanın “İbrahim razılaşmaları”na qoşulmasını Ermənistanla sülh sazişinə bağlayırsa, bu, Bakının regionda sülh prosesində açar oyunçu olduğunu bir daha təsdiqləyir. Bu yanaşma, eyni zamanda, Azərbaycanın artan diplomatik çəkisini və beynəlxalq güc mərkəzləri ilə effektiv dialoq qurmaq bacarığını nümayiş etdirir.
Habelə ABŞ-nin Yaxın Şərq siyasəti qeyri-sabitliklə səciyyələnir və İsrail-Fələstin münaqişəsinin nə zaman və necə həll olunacağı hələ də açıq sual olaraq qalır. Azərbaycan bu çətin balans mühitində həm İsraillə əməkdaşlığını genişləndirir, həm də regionda sülh və əməkdaşlıq imkanlarını artırmaq üçün addımlar atır. Bu isə Azərbaycanın geosiyasi bacarığının və diplomatik çevikliyinin göstəricisidir.
Firuz Bağırov
Ordu.az