Regionun gələcəyi: İran da Zəngəzur dəhlizi reallığını qəbul edəcək

2025/07/1753974746.jpg
Oxunub: 1230     14:39     01 Avqust 2025    
İran uzun illərdir Ermənistanı bölgədə strateji tərəfdaş kimi dəstəkləyib, ona iqtisadi, siyasi və diplomatik dəstək verib. Bu, Tehran üçün həm geosiyasi balans, həm də Cənubi Qafqazda Qərbin təsirini zəiflətmək vasitəsi idi. İran hesab edirdi ki, Ermənistan blokadada olduğu üçün onun üçün etibarlı müttəfiq olacaq və Azərbaycan-Türkiyə birliyinin bölgədə mövqelərinin güclənməsinin qarşısını almaqda mühüm rol oynayacaq. Lakin 44 günlük müharibədən sonra hadisələr göstərdi ki, Ermənistan heç də İrana sadiq müttəfiq deyil. İrəvan Qərbin təsirinə açıq şəkildə qapı açaraq ABŞ və Avropa İttifaqı ilə hərbi-siyasi əməkdaşlığı sürətləndirdi. Zəngəzurda Avropa müşahidə missiyalarının yerləşdirilməsi, ABŞ ilə birgə hərbi təlimlərin keçirilməsi, Qərbin Ermənistanda təsirini artıran proseslər İrana aydın mesaj verdi ki, onun illərlə göstərdiyi dəstək faktiki olaraq xəyanətlə cavablandırılıb.

Ermənistan rəhbərliyi son aylarda açıq şəkildə ABŞ-nin bölgədəki mövqelərini gücləndirmək istiqamətində addımlar atır. Bu isə Tehranın strateji maraqlarına ziddir. Ermənistan indi bölgədə Qərbin forpostuna çevrilib və İranın ona göstərdiyi dəstəyi öz maraqları üçün istifadə edir. Tehran isə uzun müddət bu xəyanəti görməzdən gəldi, lakin indi artıq vəziyyətin fərqindədir və anlayır ki, Ermənistan heç vaxt onun üçün etibarlı tərəfdaş olmayıb.

Azərbaycan və Türkiyə isə bölgədə tamamilə fərqli bir xətt yürüdürlər. Onlar real gücə əsaslanan siyasət aparır, iqtisadi və geosiyasi layihələri ardıcıl şəkildə həyata keçirirlər. Bu siyasətin ən mühüm elementlərindən biri də Zəngəzur dəhlizidir. Bakı və Ankara bu layihəni strateji hədəf kimi müəyyən ediblər və bu məsələdə qəti iradə nümayiş etdirirlər. Zəngəzur dəhlizi yalnız Azərbaycan və Türkiyənin deyil, bütün Avrasiya regionunun iqtisadi xəritəsini dəyişdirəcək. Çin və Mərkəzi Asiyadan Avropaya uzanan yeni ticarət marşrutları məhz bu dəhliz üzərindən formalaşacaq.

İran əvvəllər bu layihəyə ehtiyatla yanaşırdı, çünki Ermənistanı itirmək istəmirdi və Zəngəzur dəhlizinin açılmasının onun maraqlarına zidd ola biləcəyini düşünürdü. Lakin artıq Tehran da başa düşür ki, Ermənistan ona sadiq deyil və ABŞ-nin bölgədəki əsas dayağına çevrilib. Ermənistan İran üçün sadəcə vasitə idi, amma indi Qərbin təsirinə tam təslim olub. Buna görə də İran üçün tək çıxış yolu yeni reallığı qəbul etmək və Azərbaycanla Türkiyə ilə əməkdaşlığı gücləndirməkdir.

Zəngəzur dəhlizi açıldıqdan sonra İranın bu layihədən ciddi iqtisadi faydalar əldə edəcəyi də aydındır. Çünki bu yol Tehranın Avrasiya bazarlarına çıxışını genişləndirəcək, İranı yeni iqtisadi və logistik şəbəkələrə bağlayacaq. İranın bundan kənarda qalması onun özünü regional iqtisadi inteqrasiyadan təcrid etməsi demək olardı. Buna görə də Tehran gec-tez bu reallığı qəbul edəcək və Bakı-Ankara tandemi ilə razılaşmaq məcburiyyətində qalacaq.

Ermənistan isə öz seçimi ilə həm İranın etimadını itirdi, həm də bölgədə özünü təcrid vəziyyətinə saldı. İrəvanın Qərbə meyillənməsi nəticəsində İran artıq başa düşür ki, uzun illər Ermənistana göstərdiyi dəstək böyük strateji səhv olub. Ermənistan bu etimaddan yalnız öz maraqları üçün istifadə edib və indi ABŞ-nin bölgədəki əlində oyuncağa çevrilib.

Regionda yeni siyasi və iqtisadi reallıq formalaşır. Azərbaycanın və Türkiyənin təşəbbüsləri əsasında Zəngəzur dəhlizi gerçəkləşəcək və bu, təkcə Bakı və Ankara üçün deyil, həm də bütün region üçün mühüm iqtisadi dividendlər yaradacaq. İran da bu prosesin kənarında qala bilməyəcək və nəticədə bu reallığı qəbul edəcək. Ermənistan isə öz yanlış siyasətinin nəticəsində həm regional layihələrdən kənarda qalacaq, həm də illərlə ona dəstək verən İranın etimadını tamamilə itirmiş olacaq.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Azərbaycan   Ermənistan   Zəngəzur  


Bizi "telegram"da izləyin