Tokayev-Ərdoğan görüşü: Türk birliyi strateji dərinlik qazanır

2025/07/1753894947.jpg
Oxunub: 749     21:48     30 İyul 2025    
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ankaraya səfəri və onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüş bir sıra geosiyasi və diplomatik aspektlərdən olduqca əhəmiyyətli hesab edilə bilər. Hər nə qədər Qərb mətbuatında Tokayevin Kipr məsələsində Ankara ilə tam eyni ritorikanı paylaşmaması önə çıxarılsa da, hadisələrin inkişaf trayektoriyası Qazaxıstanın Türkiyə ilə strateji tərəfdaşlığı möhkəmləndirmək əzmində olduğunu açıq şəkildə göstərir. Tokayevin ehtiyatlı ritorikası, əslində, diplomatik balansı qorumaqla yanaşı, bu münasibətlərdə dərinləşmənin qarşısını almır – əksinə, onu daha çox strukturlaşdırır və sabitləşdirir.

Əvvəla, Tokayevin Ankaraya səfərinin rəsmi gündəliyində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması, müdafiə sənayesi sahəsində əməkdaşlıq, təhlükəsizlik və birgə texnologiya inkişafı məsələləri konkret və reallaşdırıla bilən hədəflər kimi müəyyənləşdirildi. Bu, Türkiyənin Mərkəzi Asiyada artan nüfuzu fonunda Qazaxıstanın regional partnyor kimi ona verdiyi önəmin təsdiqidir.

Tokayevin Kipr məsələsində “bütün dövlətlərin ərazi bütövlüyünün qorunması” prinsipinə sadiqliyini vurğulaması isə Ərdoğanın çıxışındakı “Kiprli türklərin bərabər hüquqları” fikri ilə ziddiyyət təşkil etmir. Çünki bu formulasiya beynəlxalq hüquqa uyğun olaraq Kipr probleminin ədalətli həlli üçün danışıqlar çərçivəsində kiprli türklərin statusuna dair çağırış kimi başa düşülə bilər. Tokayevin açıq şəkildə Şimali Kipri tanımaması isə daha çox Qazaxıstanın Avropa İttifaqı ilə strateji münasibətlərini və balanslaşdırılmış xarici siyasət kursunu qorumağa yönəlib. Bu, Türkiyəyə qarşı deyil, Qazaxıstanın öz diplomatik çevikliyidir.

Bununla belə, Tokayevin çıxışında Türk Dövlətləri Təşkilatının inkişafına xüsusi diqqət ayrılması, Qazaxıstanın bu təşkilatda lider ölkələrdən biri kimi mövqeyini qoruyub saxladığını göstərir. Ərdoğan-Tokayev görüşündə təşkilatın gələcəyi ilə bağlı müzakirələr, Qazaxıstanın təşkilat daxilində institusional mövqelərinin gücləndirilməsi üçün atdığı addımlar – məsələn, Astananın təşkilatın maliyyə-iqtisadi mərkəzinə çevrilməsi təşəbbüsü – bu əməkdaşlığın dərinləşdiyinə sübutdur.

Tokayevin etnik və mədəni kimlik məsələsində daha milliləşdirilmiş bir xətt yürütməsi – məsələn, öz ölkəsini “Türk kimliyinin beşiyi” adlandırması və Anadolunu “ikinci vətən” kimi qəbul etməməsi – tarixi perspektivdən çıxış etsək, Türkiyə üçün heç bir təhdid təşkil etmir. Əksinə, bu yanaşma Mərkəzi Asiya türklərinin öz mədəni və siyasi subyektivliyini daha aydın ifadə etməsinə imkan verir. Türkiyənin regionda güclənməsi isə yalnız siyasi nüfuzla deyil, iqtisadi inteqrasiya, ortaq təhlükəsizlik və hərbi-texnoloji əməkdaşlıq vasitəsilə reallaşır.

Son olaraq qeyd edilməlidir ki, Qazaxıstanın Rusiyaya yaxın sərhədlərində demoqrafik həssaslıq və Moskvadan gələn bəzi separatçı ritorikalar Tokayev administrasiyasını daha ehtiyatlı dilə məcbur edir. Lakin bu, Türkiyə ilə münasibətlərdə məsafə saxlamaq anlamına gəlmir. Əksinə, Türkiyə Qazaxıstanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsində mühüm rol oynayan strateji müttəfiqdir. Hərbi sənaye sahəsində Türkiyənin təcrübəsi və texnoloji nailiyyətləri Qazaxıstan üçün yalnız təchizatçı olaraq deyil, həm də yerli istehsal və texnologiya transferi baxımından böyük önəm daşıyır.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tokayev   Ərdoğan  


Bizi "telegram"da izləyin