Ermənistan-Azərbaycan prosesi ABŞ-nin diqqətindən yayınır? Qəzza siyasətindən paralellər

2025/07/1753894765.jpg
Oxunub: 1320     10:32     31 İyul 2025    
ABŞ prezidenti Donald Tramp Şotlandiyada beş günlük qeyri-rəsmi səfərdə olarkən Avropa İttifaqı ilə “uğurlu sazişə” nail olunduğunu bəyan etdi. O, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə görüş keçirdi. Mətbuatın məlumatına görə, ABŞ prezidentinə Avropa Komissiyasının müqavimətini qırmaq mümkün olub, Amerika məhsulları Aİ bazarına sıfır gömrük rüsumu ilə daxil olacaq, Avropa İttifaqı 700 milyard dollarlıq Amerika enerji daşıyıcıları alacaq, habelə ABŞ iqtisadiyyatına 600 milyard dollarlıq investisiya yatıracaq.

Ayrı-ayrılıqda Avropa İttifaqının Amerika istehsalı olan iri miqdarda silahların alınması məsələsi də müzakirə edilib, “zəmanətli razılaşmalar” əldə olunub. Lakin hələlik hansı silah növləri və hansı həcmdə alışdan söhbət getdiyi açıqlanmır. Bu zəmanətlərin sənədləşdirildiyi, yoxsa hələlik yalnız şifahi razılaşmalar olduğu da bəlli deyil. Avropa Komissiyasının sədri “təcrübi dialoqun başlanmasını” mühüm hesab edib. Bu ifadədən belə nəticə çıxır ki, “ticarət müharibəsinə” son qoymaq üçün tərəflərin qarşısında hələ uzun yol dayanır.

Trampın Şotlandiya səfərinin ən vacib və eyni zamanda ən xoşagəlməz sürprizi, yəqin ki, Qəzza ilə bağlı bəyanatı olub. O, etiraf edib ki, “mübadilə sazişi”nin hansı aqibət gözlədiyini və ümumiyyətlə, İsrail-Fələstin münaqişəsinin necə həll olunacağını bilmir. “Qoy İsrail özü qərar versin. Mən bu vəziyyətdə özüm nə edəcəyimi deyə bilərdim, amma bunu deməyim məqsədəuyğun deyil”, - deyə Tramp bildirib və mövzunu bağlayıb.

Bundan əvvəl Tramp bəyan etmişdi ki, HƏMAS saziş istəmir, ölümlə maraqlanır və onlar məhv edilməlidir. Qəzza məsələsində son qərarı İsrailə həvalə etməklə ABŞ prezidenti əslində müharibənin davam etməli olduğu və fələstinli qruplaşmanın tamamilə darmadağın edilməli olduğu mesajını verir. Görünür, hadisələr məhz bu ssenari üzrə davam edəcək. Baş nazir Netanyahu Qəzzaya humanitar yardımın miqyasının genişləndirilməsinə icazə verib. O, bunu belə izah edib ki, “spekulyasiyaların qarşısını almaq” lazımdır.

Yaxın Şərqdə hansı proseslərin baş verəcəyi özlüyündə mühüm məsələdir, çünki bu bölgədəki geosiyasi dəyişikliklər həm Cənubi Qafqaza, həm də İrana təsirsiz ötüşə bilməz. Xüsusilə maraqlı məqam odur ki, son iki-üç həftə ərzində həm prezident Tramp, həm də administrasiyasının nümayəndələri, o cümlədən ABŞ-nin Türkiyədəki səfiri Ermənistan-Azərbaycan nizamlanmasını da Vaşinqtonun xarici siyasətinin bir hissəsi kimi dəyərləndiriblər.

Qəzza və İsrail-Fələstin nizamlanması ilə bağlı Trampın nümayiş etdirdiyi açıq “əlini çəkmiş” mövqe olduqca narahatedici siqnaldır. ABŞ Ermənistan-Azərbaycan nizamlanmasında rəsmi vasitəçilik missiyası daşımır. Ermənistanın baş naziri ilə Azərbaycanın prezidentinin son görüşü Birləşmiş Ərəb Əmirliklərində baş tutub və beş saat davam edib. Qeyd edək ki, BƏƏ HƏMAS-la İsrail arasında aparılan danışıqlarda iştirak edir və Qəzzanın fələstinlilərə məxsusluğunun zəmanətçisi kimi çıxış edir.

BƏƏ-nin Ermənistan-Azərbaycan danışıqlarında nə dərəcədə iştirak etdiyi, İlham Əliyev-Paşinyan görüşünün ABŞ ilə razılaşdırılıb-razılaşdırılmadığı, Zəngəzur dəhlizi ilə bağlı informasiya sızmasının niyə ABŞ-nin Türkiyədəki səfiri Barak tərəfindən kifayət qədər uğursuz ifadələrlə səsləndirildiyi kimi suallar dərin və diqqətli təhlil tələb edir. Çünki həmin “qeyri-proqnozlaşdırılan” Tramp bir gün Ermənistan-Azərbaycan nizamlanmasından da “əlini çəkə” bilər. Ən vacib məsələ isə odur ki, görəsən Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Trampla görüşdə Cənubi Qafqaz və Qara dəniz-Xəzər regionunun nəqliyyat dəhlizlərini müzakirə edib?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan   ABŞ  


Bizi "telegram"da izləyin