Diplomatiyadan praktiki addımlara: Bakı-İrəvan danışıqları hansı məntiqə əsaslanacaq?

2025/07/1752209512.jpg
Oxunub: 809     15:02     11 İyul 2025    
Əbu-Dabidə baş tutan İlham Əliyev-Paşinyan danışıqları yekunlaşıb. Ümumilikdə təxminən beş saat davam edən görüş üç mərhələdən ibarət olub: əvvəlcə nümayəndə heyətlərinin iştirakı ilə, daha sonra liderlərin təkbətək görüşü ilə və sonda yenidən nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilən müzakirələrlə.

Danışıqlar başa çatdıqdan sonra Azərbaycanın prezidenti və Ermənistanın baş naziri jurnalistlər qarşısına çıxmayıblar. Bu da onu göstərir ki, konstruktiv atmosferdə keçdiyi bildirilən görüşün nəticələri, əgər belə demək mümkünsə, hələlik “şərti” xarakter daşıyır.

Məlumata görə, İlham Əliyev və Nikol Paşinyan sülh gündəliyinə aid vacib məsələlər – sərhədlərin müəyyənləşdirilməsi, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin ilkin paraflanması və digər mövzular ətrafında ciddi və məzmunlu müzakirələr aparıblar. Tərəflər həm işçi qruplar, həm də daha yüksək səviyyədə təmas və danışıqları davam etdirmək barədə razılığa gəliblər.

İlk baxışdan ən mühüm detal sülh müqaviləsinin ilkin paraflanmasından bəhs olunmasıdır. Lakin əsas sual budur: gələcək təmaslarda, işçi qruplar və yüksək səviyyəli görüşlərdə hansı məsələ ön plana çıxacaq?

Başqa sözlə desək, tərəflər əvvəlcə sülh müqaviləsinin ilkin paraflanması ilə bağlı məsələlərə fokuslanacaq, sonra digər məsələlərə keçəcəklər? Yoxsa hər bir məsələ – sərhədlər, dəhliz, sülh sənədi – eyni vaxtda paralel şəkildə “texniki baxışdan” keçiriləcək? Yaxud əvvəlcə sərhədin müəyyənləşdirilməsi və dəhlizin açılması istiqamətində razılaşmalar əldə ediləcək, ən sonda isə sülh müqaviləsi gündəmə gələcək?

Əbu-Dabi görüşü ilə bağlı Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirliklərinin yaydığı məlumatların eyni olması bu sualın cavabını vermir, lakin prosesin artıq diplomatik ritorikadan praktik fazaya keçməsi üçün qapı açır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Diplomatiya   Bakı   İrəvan  


Bizi "telegram"da izləyin