Netanyahu və Ərdoğanın Səssiz Rəqabəti: Yaxın Şərqdə Yeni Qütbləşmə

2025/07/thumb-1752152360.jpg
Oxunub: 725     21:34     10 İyul 2025    
2025-ci ilin iyulunda baş verən son geosiyasi hadisələr İsrail və Türkiyə arasında bölgədəki rəqabətin yeni mərhələyə keçdiyini göstərir. Hər iki ölkə Yaxın Şərqdə güc mərkəzi kimi tanınmaq və ABŞ-nin dəstəyini qazanmaq uğrunda səylər göstərir.

İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Prezidenti ilə Ağ Evdə görüşündə əsas gündəm Qəzzadakı müharibənin dayandırılması və İsrail-Ərəb münasibətlərində yeni bir mərhələnin başlanması ilə bağlıdır. Bu zaman Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz növbəsində diplomatik fəallıq nümayiş etdirir. O, iyulun 3-4-də Xankəndidə keçirilən tədbir vasitəsilə öz liderliyini və beynəlxalq nüfuzunu artırmağa çalışırdı.

Bunun fonunda İsrail ordusunun Suriyada, Dəməşqə cəmi 10 kilometr yaxınlıqda keçirdiyi xüsusi əməliyyat xüsusilə diqqət çəkir. Əməliyyat zamanı İsrail komandoları hərbi helikopterlərlə Suriya Milli Qvardiyasının keçmiş bazasına daxil olub, tapşırığı yerinə yetirib və heç bir maneə olmadan geri dönüblər. Bundan əlavə, İsrailin “Qolani” bölməsinin də İrana yaxın diversiya qrupunu zərərsizləşdirdiyi bildirilib.

Bu hərbi fəaliyyətlər bir tərəfdən İsrailin Suriyada təsirini qorumağa çalışdığını, digər tərəfdən isə potensial diplomatik razılaşmalara zəmin hazırladığını göstərir. Belə ki, Netanyahu hökuməti, əgər Suriya Colan təpələrində İsrail suverenliyini tanısa və hava məkanında İsrailin sərbəst uçuşlarına icazə versə, Suriyanın cənubundan qüvvələrini çıxarmağa hazır olduğunu bildirib.

Türkiyə isə bu bölgədə artan təsirini davam etdirir və zaman-zaman Suriya ilə bağlı öz strateji maraqlarını həyata keçirir. Ərdoğanın Xankəndiyə səfəri də, rəmzi mənada, bölgədə öz mövqeyini nümayiş etdirmək addımı kimi qiymətləndirilə bilər.

İsrailin həmin gün Suriyada əməliyyat keçirməsi və bunun eyni zamanda Netanyahunun ABŞ səfərinə təsadüf etməsi, bəzi analitiklərə görə, Ərdoğana dolayı mesaj daşıyır. Bu, həm də Türkiyə və HƏMAS rəsmiləri arasında keçirilmiş görüşlərə reaksiya ola bilər.

Ümumiyyətlə, bu hadisələr Yaxın Şərqdə Türkiyə və İsrailin yalnız diplomatik deyil, eyni zamanda hərbi və strateji səviyyədə rəqabətini nümayiş etdirir. Bu rəqabətin gələcəkdə necə formalaşacağı isə həm regional, həm də beynəlxalq oyunçuların atacağı addımlardan asılı olacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   Ərdoğan   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin