"Ruslara Ümid Etmək" Paradoksu: Ermənistan Xarici Siyasətinin Uğursuzluqları

2025/07/1752152282.jpg
Oxunub: 595     20:21     10 İyul 2025    
Cari ayın əvvəlində "1in.am" nəşrində yayımlanan bir məqalədə Ermənistanın keçmiş dövlət rəhbərlərinin beynəlxalq vasitəçilərlə apardıqları danışıqlarda formalaşmış geosiyasi düşüncə və diplomatik uğursuzluqlarına tənqidi və introspektiv bir baxış təqdim edilir. Mətndə xüsusilə 2010-cu ildə baş verən hadisələr və o dövrün reallıqları analiz olunur. Məqalə Ermənistanın xarici siyasətinin əsas dayaqlarından biri olan Rusiya ilə münasibətlərə və beynəlxalq vasitəçilərə olan inamın sərt şəkildə sual altına alınması ilə seçilir.

2010-cu il martın 10-da Ermənistanın o zamankı prezidenti Serj Sarkisyanın Fransanın prezidenti Nikola Sarkozi ilə dialoqundan bir sitat paylaşılır. Serj Sarkisyan, "əgər Azərbaycan güc tətbiq etməməklə bağlı razılaşma imzalasa və Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu tanısa, o zaman Ermənistanın Qarabağ ətrafındakı bütün əraziləri Azərbaycana qaytarmağa hazır olduğunu bildirir". Təbii ki, bu açıqlama manipulyasiyadan başqa bir şey deyildi və apreldə əməliyyatlara başlayan Ermənistan özü tərəfindən ifşa edildi. Bu, Ermənistanın beynəlxalq hüquqa əsaslanan sülh prinsiplərinə yaxınlaşmaqdan uzaq olduğunu göstərdi və nəticədə danışıqlar yenə uğursuzluqla başa çatdı.

Maraqlı məqam Sarkozinin cavabıdır: “İndi sizin ümidiniz ruslardadır?” Bu ifadə, əslində beynəlxalq səviyyədə Ermənistanın Rusiya ilə münasibətlərə həddindən artıq arxalanmasının tənqididir. Məqalə müəllifi bu sualı "acı və sarkastik" adlandırır və sonrakı analizdə bu münasibətin Ermənistana siyasi və hərbi baxımdan ciddi nəticələr doğurduğunu vurğulayır. Fransa və Rusiyanın açıq şəkildə “biz hərbi müdaxilə etməyəcəyik” mövqeyində olduqları göstərilir və bu, Ermənistanın beynəlxalq dəstək gözləntilərinin nə qədər reallıqdan uzaq olduğunu ortaya qoyur.

2011-ci ildə baş tutmuş Kazan danışıqları da diqqətə çatdırılır. Rusiya vasitəçiliyi ilə təşkil olunan bu görüşdə Ermənistan və Azərbaycan prezidentləri münaqişənin həlli üzrə sənədi imzalamağa yaxın olsalar da, danışıqlar nəticəsiz qalır. Kazan sənədində qondarma "müvəqqəti status", “öz müqəddəratını təyinetmə hüququ”, “sülhməramlıların yerləşdirilməsi” kimi qəbuledilməz anlayışlar yer alırdı və bu terminlərin məzmunu qeyri-müəyyən qalırdı. Azərbaycanın bu qeyri-müəyyənliklərə qarşı çıxması və dəyişiklik təklif etməsi haqlı idi və nəticədə sənəd rədd edildi. Məqalə qeyd edir ki, bu məqamda ya vasitəçilərin siyasi iradəsi çatmayıb, ya da məqsədli şəkildə Ermənistanın təklif etdiyi variantlar təzyiq vasitəsi kimi istifadə olunmayıb.

Bu retrospektiv baxış əslində Ermənistanın onilliklər boyunca yürütdüyü xarici siyasətin səmərəsizliyini və əsaslı strateji səhvlərini vurğulayır. Ermənistan tərəfi illər ərzində Rusiyanın siyasi və hərbi dəstəyinə arxalanaraq, müstəqil və balanslı diplomatiya formalaşdıra bilməyib. Regionda dəyişən geosiyasi reallıqlar və Qərb ölkələrinin, xüsusilə də Fransa və ABŞ-nin Ermənistan üçün hərbi risk almaması artıq 2010-cu ildən etibarən aydın görünməkdəydi. Lakin bu siqnalların düzgün təhlil edilməməsi və xarici siyasətin yalnız emosional-simvolik xətlərlə idarə olunması nəticə etibarilə Ermənistanı hazırkı təkliyə və strateji zəifliyə sürükləyib.

Məqalənin sonunda Türkiyə Prezidentinin Xankəndiyə planlaşdırılan səfəri xatırladılır və bu, Ermənistanın bölgədə nə qədər təcrid olunduğunun simvolik göstəricisi kimi təqdim olunur. Bu səfər fonunda bəzi erməni deputatların Rusiyadan kömək gözləməsi isə müəllif tərəfindən "qeyri-real və təhlükəli illüziya" kimi qiymətləndirilir.

Məqalə əslində Ermənistan cəmiyyətinə və siyasi elitaya ünvanlanan bir xəbərdarlıqdır: artıq “ruslara ümid etmək” dövrü bitib, strateji planlaşdırma və real güc balansına əsaslanan siyasət yürütmək zamanıdır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Sarkozi   Sarkisyan  


Bizi "telegram"da izləyin