Tolyatti Hadisəsi: Yeniyetmələr Rusiya Təbliğatına Meydan Oxuyur

2025/07/1752152053.jpg
Oxunub: 474     17:02     10 İyul 2025    
İyun ayının 25-də Rusiya Federasiyasının Tolyatti şəhərindəki bir gimnaziyanın məzunları “son zəng” tədbirindən sonra şəhərin parkında əyləniblər. Daha sonra bəzi "Telegram" kanallarında yayılan görüntülərdə onların Ukraynanın dövlət himnini və “Atamız Banderadır, anamız isə Ukrayna” mahnısını oxuduqları görünüb.

Bu hadisə ilə bağlı Rusiya İstintaq Komitəsinin Saratov vilayəti üzrə idarəsi “nasizmin təriflənməsi” maddəsi ilə cinayət işi açıb. Onlarla yeniyetmə oğlan və qız dindirilib. Cinayət işi hələlik dayandırılmayıb, lakin ilkin istintaq orqanı məlumat yayıb ki, gimnaziyanın məzunları “öz hərəkətlərinə görə dərin peşmanlıq” ifadə ediblər.

Ehtimal etmək olar ki, məsələ həmin qrup yeniyetmənin həbsi ilə nəticələnməyəcək. Lakin mətbuatın yazdıqlarına görə, gimnaziyanın direktoru və bəzi valideynlər inzibati məsuliyyətə cəlb olunacaq.

Gimnaziyanın rəhbərliyi “RIA Novosti”yə bildirib ki, “xüsusi hərbi əməliyyat” başlayandan bəri məktəbin əməkdaşları və şagirdləri “könüllü fəaliyyətlərdə” iştirak ediblər, şagirdlər xəndək üçün şamlar hazırlayıb, hərbçilər üçün maskalanma torları toxuyublar.

Son bir-iki ayda Rusiya İstintaq Komitəsi bir neçə dəfə yeniyetmələrin “planlaşdırılmış, lakin icra olunmamış terror aktları” ilə bağlı məlumat yayıb. Lakin Tolyatti gimnaziyasının məzunlarının Ukraynanın himnini oxuması və Stepan Banderanı tərifləyən mahnı ifa etməsi, bu görüntülərin sosial mediada yayılması, bəlkə də təbliğat baxımından Rusiya dövlət siyasətinə daha ciddi zərbə vurub.

Qeyd olunmalıdır ki, bu cür etiraz hərəkəti elə bir ölkədə baş verib ki, burada nəinki müxalifət, hətta alternativ informasiya da yoxdur, sosial şəbəkələr məhduddur və vahid bir təbliğat hökm sürür: guya Rusiya “neonasizmə və Kiyev faşist rejiminə qarşı mübarizə aparır”. Amma reallıqda görürük ki, böyüməkdə olan nəsil bu təbliğata inanmır. Əksinə, ona qarşı çıxır və Ukraynaya dəstək nümayiş etdirir.

Təbii ki, istintaq zamanı yeniyetmələr “peşman olduqlarını” bildiriblər ki, cinayət məsuliyyətindən yayınsınlar. Lakin görünür, onlar artıq sivilizasiya yönümündə öz seçimlərini ediblər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tolyatti   Rusiya   Yeniyetmə  


Bizi "telegram"da izləyin