Beynəlxalq səhnə izləyir, tərəflər qərar verir

2025/07/1752149974.jpg
Oxunub: 704     17:31     10 İyul 2025    
2025-ci il iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Görüş zamanı Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə olunub. Hər iki tərəfin rəsmi məlumatında qeyd edildiyi kimi, danışıqlar vasitəçisiz, tamamilə ikitərəfli formatda baş tutub və bu formatın sülh prosesində ən səmərəli yol olduğu bir daha vurğulanıb. Tərəflər sərhədin delimitasiyası sahəsində irəliləyişləri nəzərdən keçirərək, aidiyyəti dövlət komissiyalarına əməli fəaliyyətin davam etdirilməsi ilə bağlı tapşırıqlar veriblər. Eyni zamanda, qarşılıqlı etimadın möhkəmləndirilməsi və birbaşa təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.

Əbu-Dabi görüşü öncəsi ABŞ Dövlət katibi Marko Rubio Vaşinqtonda çıxış edərək Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasını Prezident Donald Trampın administrasiyasının yaxın 6 ay ərzində mümkün olan əsas diplomatik uğurlarından biri kimi təqdim etmişdi. Dövlət Departamentinin sözçüsü Temi Brüs isə ehtiyatla bildirib: “Dövlət katibi bu barədə səbəbsiz danışmayıb. Əlavə konkret məlumat olduqda, biz onu paylaşacağıq”.

Bununla belə, Birləşmiş Ştatların sülh prosesində hansısa formal və ya rəsmi vasitəçi kimi çıxış etdiyi barədə heç bir təsdiqlənmiş məlumat yoxdur. Əksinə, ötən ilin sonunda Bakı ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Vaşinqtonda nəzərdə tutulan Mirzoyan-Bayramov görüşünü ləğv etmiş, danışıqların yalnız ikitərəfli formatda davam etdirilməsinin ən uyğun yol olduğunu bildirmişdi. Elə bu yanaşma Əbu-Dabidə baş tutan görüşdə də öz təsdiqini tapdı.

Əlavə olaraq, Rusiya ilə Azərbaycan arasında son dövrlər müşahidə olunan gərgin fon da bu görüşə xüsusi fon verib. Rusiya Fövqəladə Hallar naziri Aleksandr Kurenkovun Bakıya səfəri, onun Prezident Putinlə yaxınlığı və ehtimal olunan şəxsi məktubla gəlməsi barədə yayılan xəbərlərə baxmayaraq, rəsmi Bakı bu mövzuya dair heç bir açıqlama verməyib. Bu isə göstərir ki, Moskva da bu mərhələdə prosesə açıq və aparıcı şəkildə daxil deyil.

Beləliklə, 10 iyul Əbu-Dabi görüşü bir daha göstərdi ki, Ermənistan və Azərbaycan bu mərhələdə sülh sazişinə doğru irəliləməkdə vasitəçisiz – birbaşa təmaslar və danışıqlar yolu ilə irəliləyirlər. Bu, həm regional balanslara, həm də beynəlxalq aktorların maraq və təsir imkanlarına yeni baxış formalaşdırır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan   BƏƏ  


Bizi "telegram"da izləyin