“12 Günlük Müharibə”də İsrailin raketdən müdafiə sistemi nə dərəcədə effektiv oldu?

2025/07/1751470829.jpg
Oxunub: 1048     14:38     12 İyul 2025    
İsrail 12 iyun gecəsi “Yüksələn Aslan” adlı genişmiqyaslı hava əməliyyatına başladı. Bu əməliyyatın hədəfində İranın nüvə obyektləri, ballistik raket istehsalı infrastrukturu, İnqilab Keşikçiləri Komandanlıq Mərkəzləri, yüksək rütbəli hərbi personal və nüvə alimləri yer alırdı. İran isə cavab olaraq İsrailə ballistik raketlər və Pilotsuz Uçuş Aparatları (PUA) ilə intensiv hücumlar təşkil etdi. Bu hücumlarda 28 israilli həyatını itirdi, təxminən 1400 nəfər yaralandı.

22 iyun tarixində ABŞ da İranın nüvə obyektlərinə hücumlarla prosesə müdaxilə etdi. Ardınca, 24 iyun tarixində ABŞ-nin vasitəçiliyi ilə kövrək bir atəşkəs əldə olundu. Bu 12 günlük toqquşma artıq “12 Günlük Müharibə” olaraq xatırlanır.

İsrailin Çoxtəbəqəli Müdafiə Sistemi

İsrailin hava hücumundan müdafiə sistemi təhdidlərin zərərsizləşdirilməsi üçün üçtəbəqəli quruluşa malikdir:

Aşağı təbəqə: Qısa mənzilli raket və minaatan mərmilərinə qarşı “Iron Dome” sistemi.
Orta təbəqə: “David’s Sling” sistemi aşağı hündürlükdə uçan PUA-lar və 300 km-ə qədər mənzilli ballistik raketlərin qarşısını almağa uyğunlaşdırılıb.
Yuxarı təbəqə: “Arrow 2” və “Arrow 3” sistemləri atmosfer xaricindən gələn uzun mənzilli ballistik raketləri vurmaq üçün nəzərdə tutulub.


Əvvəlki məlumatlara əsasən “Arrow” sistemlərinin təkbaşına ələ keçirmə uğur faizi təxminən 80-90% civarındadır. Hədəfə bir neçə raket atıldıqda bu göstərici 96%-ə, üç raketlə isə demək olar ki, 100%-ə yaxınlaşır. Lakin bu strategiya raket ehtiyatlarının məhdudluğu səbəbindən hər zaman tətbiq oluna bilmir.

Gerçək Rəqəmlər: İlkin Aşkarlamalar

İran müharibə ərzində təxminən 550 orta mənzilli ballistik raket atdı. Bunlardan:

Ən azı 31-i strateji və ya mülki hədəflərə dəyib.
25-40 ədədi açıq sahələrə düşərək zərər verməyib.
Qalan raketlərin bir qismi sistem nasazlığı səbəbindən havada uğursuzluğa düçar olub.


İsrailin radar sistemlərinin boş ərazilərə düşəcək raketləri əvvəlcədən müəyyən edib müdaxilə etməməsi raketdən müdafiə doktrinasının tələbidir. Bundan əlavə, İran raketlərinin təxminən 10-15%-nin texniki səbəblərlə hədəfə çatmadığı güman olunur.

Ümumilikdə 420-475 raketin aktiv təhdid kimi təsnif edildiyi və bunların təxminən 6,5-7,4%-nin (31 ədəd raket) qarşısının alına bilmədiyi hesablanır. Bu isə ümumi olaraq 92,6%-93,5% arasında bir uğur göstəricisi deməkdir.

Bu uğur becə əldə edildi?

Proqram Təminatının Yenilənməsi və Verilənlər Bazası Təkmilləşdirilməsi: IAI, əvvəlki hücumlardan əldə olunan məlumatlarla “Arrow” sisteminin alqoritmlərini təkmilləşdirdi.
ABŞ Dəstəyi: ABŞ, THAAD sistemləri və donanmadakı sistemlərlə dəstək verdi. Ən azı 36 THAAD raketinin istifadə edildiyi bildirilib.
“Atəş Aç, İzlə, Yenidən Atəş Aç” Yanaşması: “Arrow” sistemi uğursuz olduqda, “David’s Sling” və lazım gəldikdə “Iron Dome” işə düşdü. Xüsusilə “David’s Sling”in “Stunner” raketləri ilə etdiyi qarşılamalar sistemin gücünü aşdığını göstərdi. Hətta “Iron Dome”un “Tamir” raketləri ilə ballistik döyüş başlıqlarını vurması müşahidə olundu, bu isə sistemin nominal limitlərindən kənara çıxdığını ortaya qoydu.


NATO üçün nə anlam daşıyır?

Bu müharibə raket müdafiə sistemlərinin mütləq təhlükəsizlik təmin etmədiyini ortaya qoydu. İsrail kimi bu sistemlərə böyük sərmayələr qoymuş bir ölkə belə 100% uğura nail ola bilməyib. Bu da o deməkdir ki, Rusiya kimi dövlətlərin təhdid yarada biləcəyi ssenaridə Avropadakı NATO üzvlərinin oxşar uğur faizinə çatması çətin ola bilər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin