Bu cür həbslər artıq fərdi yox, kütləvi xarakter daşıyır və bir daha sübut edir ki, Rusiya müxtəlif etnik azlıqlara, xüsusən də azərbaycanlılara qarşı səssiz bir “etnik təmizləmə” siyasəti aparır – informasiya, iqtisadi və hüquqi alətlər vasitəsilə. Rusiya dövləti bu yolla öz daxilindəki qeyri-rus vətəndaşları “təhlükə”, “şübhəli element”, “potensial xaos mənbəyi” kimi göstərməyə çalışır. Halbuki bu insanlar illərdir ki, Rusiya iqtisadiyyatının daşıyıcı sütunlarından biri olublar.
Yusif Xəlilov da həmin minlərlə sahibkardan biridir ki, yalnız şəxsi mənfəətini düşünmədən, iş yerləri yaradıb, bazar inkişaf etdirib, dövlətin vergi sisteminə milyonlarla rubl köçürüb. Amma görünür, Kreml üçün artıq bu da yetərli deyil. Rusiyanın yeni siyasəti bunun üzərində qurulub: ya rus kimliyini qəbul edib susmalısan, ya da hədəfə çevriləcəksən. Bu siyasət çərçivəsində Yusif Xəlilov kimi tanınmış azərbaycanlı iş adamlarının hədəfə alınması yalnız hüquqi məsələlərlə izah oluna bilməz. Burada əsas motiv milli və siyasi təcrid siyasətidir.
Kreml yaxşı anlayır ki, iqtisadi cəhətdən güclü olan qeyri-rus sahibkarlar eyni zamanda öz icmaları üçün nümunə və lider fiqurlarına çevrilirlər. Onların gücü yalnız biznesdə deyil, ictimai nüfuzlarında yatır. Məhz bu səbəbdən Rusiya dövləti bu fiqurları sistematik şəkildə sıradan çıxarmağa, qorxutmağa və ya neytrallaşdırmağa çalışır. Bu, açıq-aşkar etnik və iqtisadi terrordur.
Yusif Xəlilovun həbsi həm də Rusiyada yaşayan milyonlarla azərbaycanlıya verilən mesajdır: “Siz burada qonaqsınız və istədiyimiz vaxt sizi bu torpaqdan silə bilərik”. Bu isə bir dövlətin etibarlılığının yoxluğunu göstərir. Artıq Rusiya sahibkarlıq və sərmayə üçün təhlükəsiz ölkə deyil. Orada qanun deyil, qorxu işləyir. Orada vergi ödəmək səni qorumaq əvəzinə daha çox hədəfə çevirir.
Bütün bu tendensiyalar göstərir ki, Rusiya dövləti öz daxilindəki etnik çoxluqlara qarşı təzyiqləri dövlət siyasətinə çevirib. Burada hüquq artıq formaldır – əsas olan güc və hegemonluq instinktidir. Yusif Xəlilov kimi şəxslər bu hegemonluğun ilk qurbanlarıdır. Amma unudulmamalıdır: bu siyasət yalnız azərbaycanlılara yox, bütövlükdə rus olmayan bütün xalqlara qarşı yönəlib. Sabah sırada başqa millətlər olacaq – tacik, özbək, yəhudi, çeçen və ya başqası.
Bu, artıq fərdi hadisə deyil – bu, sistemli repressiyadır. Və bu repressiyanın adı “etnik iqtisadi soyqırım”dır. Bu səbəbdən də Rusiya artıq etibarlı ölkə deyil. Nə sərmayə üçün, nə azad sahibkarlıq üçün, nə də milli kimliyini qorumaq istəyən insanlar üçün. Şahin Şıxlinski kimi diaspor liderlərindən tutmuş, Yusif Xəlilov kimi sahibkarlara qədər uzanan həbslər silsiləsi onu göstərir ki, Kremlə yalnız səssiz və kimliyindən imtina etmiş insan lazımdır. Qalan hər kəs ya təhdid, ya da hədəfdir.
Aqil Məmmədov
Ordu.az