Ermənistanın “əlcək” siyasətinə son: Aİ reallığı nə vaxt qəbul edəcək?

2025/07/1751383179.jpg
Oxunub: 741     19:18     01 İyul 2025    
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın son İrəvan səfəri və orada səsləndirdiyi fikirlər göstərir ki, Aİ Ermənistanı bölgədə inteqrasiya olunmuş əməkdaşlıq platformasına cəlb etmək istəyir, lakin bu prosesdə real problemləri və geosiyasi dinamikanı ya düzgün başa düşmür, ya da bilərəkdən gözardı edir. Kallas Aİ-nin Ermənistan-Azərbaycan sülh sazişini dəstəkləməsinin arxasında əsas motivin Cənubi Qafqazdan keçən nəqliyyat və enerji kommunikasiya marşrutlarının açılması olduğunu gizlətmədən dilə gətirdi. Lakin bu yol təkcə coğrafi deyil, siyasi və təhlükəsizlik baxımından da “batan tikanlarla” doludur və bu tikanların çoxu Ermənistanın destruktiv mövqeyindən qaynaqlanır.

Kallas açıq şəkildə bildirir ki, Aİ-nin regiondakı əsas marağı Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək marşrutların formalaşmasıdır. Bu kontekstdə Ermənistan-Azərbaycan sülh sazişi sadəcə bu marşrutun açılmasının hüquqi və siyasi əsasını təşkil etməlidir. Lakin Ermənistan bu sazişə heç də iqtisadi və regional inkişaf kontekstində baxmır, əksinə, o, sülh danışıqlarını uzunmüddətli siyasi manipulyasiya alətinə çevirməyə çalışır. Aİ isə hələ də qərar verə bilmir: bu “tikanlı yolda” Ermənistana sadəcə “əlcək” verəcək, yoxsa real təzyiq və təşviq mexanizmləri ilə onu məsuliyyətli mövqe tutmağa məcbur edəcək?

İrəvanın son aylardakı siyasəti göstərir ki, o, marşrutların açılmasına razı olmağa yalnız bir şərtlə hazırdır: proses bütünlüklə onun nəzarətində olsun və Azərbaycanın geosiyasi maraqları minimuma endirilsin. Bu isə təbii ki, mümkün deyil. Ermənistan həm Rusiya, həm də Aİ ilə eyni vaxtda “ikili oyun” oynamağa çalışır, lakin bu oyun artıq iflasa uğrayır. Azərbaycanın təklif etdiyi nəqliyyat marşrutları – xüsusilə Zəngəzur dəhlizi – təkcə Bakının deyil, həm də Brüsselin və Pekinin maraqlarına xidmət edir. Ermənistan bu layihələrə süni maneələr törətməklə yalnız özünü deyil, həm də bölgə əməkdaşlığını sabotaj edir.

Kallasın metaforik ifadəsi – “Ermənistana xüsusi əlcək verək ki, tikanları hiss etməsin” – əslində Aİ-nin Ermənistanın qeyri-konstruktiv və təhlükəli davranışına bəraət qazandırmaq cəhdidir. Halbuki Aİ artıq dəfələrlə şahid olub ki, Ermənistan yalnız təzyiq altında rasional qərarlar qəbul edir. Azərbaycan isə bölgədə təkcə hərbi deyil, həm də diplomatik cəhətdən dominant gücə çevrilib. Bakı öz suverenliyini tam bərpa edib, bölgədə sabitlik üçün real plan təklif edir və bunu təkcə Türkiyə deyil, Çin və Mərkəzi Asiya ölkələri də dəstəkləyir.

Aİ-nin maraqları Ermənistanın xülyaları ilə deyil, Azərbaycanın reallıqları ilə uzlaşır. Bu gün Ermənistan Aİ üçün “xüsusi münasibət tələb edən zəif ölkə” kimi yox, proseslərin gedişinə əngəl törədən “qəsdən ləngidici aktor” kimi çıxış edir. Aİ artıq bu reallığı etiraf etməlidir. Aİ-nin Ermənistanı “qoruma siyasəti” Pekin üçün heç bir əhəmiyyət daşımır. Çin xarici işlər naziri ilə görüşdən sonra Ermənistanın Avrasiya regionundakı mövqeyi dəyişmir. Çünki Çin üçün real logistik və nəqliyyat infrastrukturu Azərbaycandan keçir – Bakı-Tbilisi-Qars xətti, Ələt limanı, Zəngəzur dəhlizi və Mərkəzi Asiya ilə birləşmə nöqtəsi məhz Azərbaycandır. Ermənistan bu mənzərədə ya tamamilə önəmsiz, ya da maneə olaraq görünür.

Nəticə

Avropa İttifaqı nə qədər tez Ermənistanın kaprizlərinə və keçmişin revanşist illüziyalarına bəraət qazandırmaqdan imtina etsə, bir o qədər tez regionda sabitlik və əməkdaşlıq bərpa olunacaq. Ermənistanın “tikanlı siyasəti” artıq bölgənin inkişafına zərər verir. Aİ əgər həqiqətən də regionda dayanıqlı sülh və iqtisadi tərəqqi istəyirsə, o zaman “əlcək” siyasətini bir kənara qoyub, “tikanları təmizləmək” üçün İrəvana ciddi siyasi mesajlar verməlidir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin