Bu, əslində, Bakının uzun müddətdir Rusiyanın imperialist münasibətlərinə verdiyi ilk cavab deyil. Azərbaycanın 2020-ci il Vətən Müharibəsindəki qələbəsindən sonra Rusiya istər Qarabağdakı “sülhməramlılar”ın fəaliyyəti ilə, istərsə də informasiya manipulyasiyaları ilə Bakının suverenliyini gözdən salmağa çalışdı. Lakin bu cəhdlərin hər biri nəticəsiz qaldı. 44 günlük müharibədə atılan addımlar və daha sonra Qarabağda rus sülhməramlılarının səlahiyyətsiz davranışlarına qarşı sərt münasibət göstərilməsi göstərdi ki, Azərbaycan heç bir gücə qarşı öz suverenlik maraqlarından vaz keçməyəcək.
Bugünkü gərginliyin əsasında Yekaterinburqda azərbaycanlılara qarşı təzyiqlərlə başlayan informasiya və hüquqi təxribatlar durur. Azərbaycan sadəcə cavab vermədi – o, cavabın formasını elə seçdi ki, Moskva üçün bu həm siyasi, həm də psixoloji sarsıntı oldu. Həbs edilən şəxslərin “Rusiya vətəndaşı”, üstəlik Kremlin informasiya aparatının əməkdaşları olması təsadüfi deyil, bu, Azərbaycanın Rusiya ilə artıq “təhlükəsizlik baxımından əməkdaş” deyil, “potensial təhdid” kimi davranmağa başladığını göstərir. Rusiyanın Azərbaycanda yeritmək istədiyi yumşaq işğal siyasəti, yəni media, diplomatiya və 5-ci kolon vasitəsilə nüfuz yaratma cəhdləri artıq ifşa olunur və ləğv edilir.
Rusiya üçün ən acı reallıq isə budur: Azərbaycan onunla artıq təkbətək və bərabərhüquqlu mövqedə danışır. Moskva bunu qəbul edə bilmir, çünki özünün istismarçı və hegemon təbiətinə ziddir. Əgər əvvəllər Kremldə Azərbaycanla münasibətləri “idarə olunan müstəqillik” konsepti çərçivəsində görürdülərsə, bu gün Bakının sərgilədiyi siyasi və hüquqi müstəqillik bu illüziyanı tamamilə darmadağın edib.
Üstəlik, Rusiya artıq regionda təkdir. Ermənistanın Qərbə yönəlməsi və Azərbaycana qarşı təzyiqlərdə Moskvadan kömək istəməməsi, eyni zamanda Tehranın Bakıya yaxınlaşması Rusiya üçün strateji iflas deməkdir. İran prezidentinin Xankəndidə keçiriləcək İƏT Zirvə toplantısına qatılması Moskva üçün ikinci diplomatik zərbədir. Azərbaycan indi yalnız Rusiya təsirindən azad deyil, həm də regionda özünə strateji müttəfiqlər tapmaqda uğurludur – Türkiyə, Pakistan, İran və daha geniş mənada Orta Asiya ölkələri ilə.
Rusiya isə Azərbaycanı zəiflətmək üçün informasiya müharibəsinə, daxili təxribatlara və müxtəlif formada çirkin kampaniyalara əl atır. Amma artıq bu üsullar keçərli deyil. Azərbaycan nə 1990-cı illərin zəif dövləti, nə də enerji asılılığı ilə yönlənən ölkədir. Bu gün Bakı gücünü yalnız neftdən deyil, milli birlikdən, strateji düşüncə qabiliyyətindən və diplomatik çeviklikdən alır.
Azərbaycan cəmiyyətində də artıq “Rusiya qorxusu” yoxdur. Xalq və dövlət bir yerdə anlayır ki, Moskvanın yeganə məqsədi regionda dominantlıq etmək, xalqları qarşı-qarşıya qoymaq və öz maraqları naminə sabitliyi pozmaqdır. Məhz bu səbəbdən Rusiya ilə münasibətlərdə güzəşt deyil, prinsipiallıq və soyuqqanlılıq vacibdir və Azərbaycan bunu uğurla həyata keçirir.
Rusiyanın davranışı bir daha sübut edir ki, onunla yalnız sərt və hüquqa əsaslanan mövqe ilə danışmaq mümkündür. Əks təqdirdə, o, qarşı tərəfi zəiflik kimi görəcək və daha dərinə gedəcək. Azərbaycan isə buna imkan verməyəcək. Bu, artıq regional güc balansında yeni dövrün başlanğıcıdır – Azərbaycan üçün qürur, Rusiya üçün isə geri çəkilmə mərhələsi.
Firuz Bağırov
Ordu.az