Xankəndidə Zirvə: İran Cənubi Qafqazda mövqeyini yenidən qurur

2025/07/1751382741.jpg
Oxunub: 902     20:00     01 İyul 2025    
İran prezidenti Məsud Pezeşkianın Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə görüşünə qatılması yalnızca diplomatik jest və ya regional koordinasiya çərçivəsində atılan bir addım deyil. Bu, həm də Tehranın Cənubi Qafqazda formalaşan yeni güc balansında yerini açıq şəkildə müəyyənləşdirməsi və Ermənistanın, eyni zamanda Rusiyanın regiondakı manipulyativ siyasətinə qarşı simvolik və strateji cavabıdır. İranın bu qərarı Bakı ilə Tehran arasında artan qarşılıqlı anlaşmanın və əməkdaşlığın göstəricisi kimi dəyərləndirilməlidir.

Əvvəla, Xankəndidə İƏT Zirvə toplantısının keçirilməsi Azərbaycanın beynəlxalq müstəvidə suverenliyini tanıtmaq üçün mühüm addımdır. Bu, faktiki olaraq Azərbaycanın Qarabağ bölgəsinə tam siyasi və inzibati nəzarətini qəbul edən dövlətlərin artmaqda olduğunu göstərir. İranın bu zirvəyə qatılması isə yalnız bu reallığı qəbul etdiyini yox, həm də onu dəstəklədiyini nümayiş etdirir. Tehran artıq keçmişdə olduğu kimi Ermənistanın arxasında dayanaraq regional tarazlığa təhdid yaratmaq əvəzinə, bölgədə davamlı sülh və əməkdaşlığa əsaslanan siyasətə üstünlük verir.

Pezeşkianın İƏT Zirvəsində iştirakı, eyni zamanda Türkiyə və Pakistanla üçtərəfli siyasi, iqtisadi və potensial olaraq təhlükəsizlik əməkdaşlığının formalaşmasının xəbərçisi ola bilər. İranın İsrail və ABŞ tərəfindən hücuma məruz qaldığı bir dövrdə Azərbaycanla münasibətləri gücləndirməsi və regionda özünü təcrid olunmuş vəziyyətdən çıxarmağa çalışması tamamilə rasional və strateji addımdır. Tehran rəhbərliyi anlayır ki, Ermənistan artıq Cənubi Qafqazda sülh və sabitlik üçün etibarlı tərəfdaş deyil və rəsmi İrəvanın Qərbə yönəlmiş siyasəti bölgədə gərginliyin əsas səbəblərindən birinə çevrilib.

İranın bu yeni kursu eyni zamanda Rusiyaya da ciddi mesajdır. Moskvanın Azərbaycanla münasibətlərində artan gərginlik – xüsusilə Yekaterinburqda azərbaycanlılara qarşı həyata keçirilmiş siyasi motivli əməliyyat və FSB vasitəsilə daxili təzyiqlər – Azərbaycanı Kremlə qarşı açıq və prinsipial mövqe sərgiləməyə vadar edib. İranın da bu yeni dövrdə Bakıya yaxınlaşması əslində post-sovet məkanında yaranan yeni regional düzənin təsdiqidir: suveren, müstəqil və öz maraqlarını müdafiə edən dövlətlər birliyi formalaşır.

Buna qarşılıq olaraq Ermənistan Rusiya ilə siyasi qarşıdurmaya girsə də, alternativ güc mərkəzi olaraq Qərbə üz tutur. Lakin Ermənistan nə iqtisadi baxımdan, nə də hərbi-strateji baxımdan bu istiqamətdə güclü tərəfdaş deyil. Fransa və Aİ-nin rəsmi İrəvana verdiyi dəstək simvolik səviyyədə qalır və bölgədə real təsir gücünə malik deyil. Rusiya bu kontekstdə bölgədəki mövqeyini sürətlə itirir. Azərbaycanla münasibətlərdə sərgilədiyi aqressiv və imperialist davranış, Ermənistanla isə baş verən siyasi böhranlar fonunda Moskva Cənubi Qafqazda balanslı siyasət yürütmək imkanını itirib. İranın Azərbaycanla birgə Xankəndidə keçiriləcək beynəlxalq tədbirə qatılması Moskva üçün təkcə diplomatik uğursuzluq deyil, həm də onun regional nüfuzunun sarsılmasının göstəricisidir. Əgər Rusiya əvvəllər Ermənistanı və qismən də İranı öz siyasi orbitində saxlayırdısa, indi bu qüvvələrin bir-birinin ardınca Kremlə qarşı mövqe sərgiləməsi regionda yeni bir güc balansı yaratmaqdadır.

İranın Zəngəzur dəhlizi layihəsinə münasibəti də bu yeni reallıq fonunda dəyərləndirilməlidir. Tehran əvvəllər Zəngəzur dəhlizinin təhlükəsizlik və suverenlik baxımından riskli olduğunu vurğulayırdı. Lakin hazırda bu layihənin Azərbaycan, Türkiyə və İran arasında qarşılıqlı koordinasiya və regional nəqliyyat imkanlarının inkişafı kimi təqdim olunması İranın da bu dəhlizdən faydalanacağı reallığını gündəmə gətirir. Tehran üçün dəhlizin geosiyasi təhdid yox, iqtisadi fürsət kimi təqdim olunması Bakının diplomatik çevikliyinin və inamının nəticəsidir. Bu baxımdan, İranın dəhliz layihəsinə ilkin şərtlərlə razılıq verməsi ehtimalı artır.

Azərbaycan regionda yalnız enerji və nəqliyyat düyünü deyil, həm də strateji güc mərkəzinə çevrilir. Tehran isə bu dəyişiklikləri düzgün oxuyaraq İrəvanın boş geosiyasi ritorikasına deyil, Bakının real gücünə və müstəqil siyasətinə üstünlük verir. Bu həm də İranın beynəlxalq təzyiqlərə qarşı özünü sığortalamaq üçün etibarlı regional tərəfdaşlara yönəlməsinin göstəricisidir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xankəndi   İran   Cənubi-Qafqaz  


Bizi "telegram"da izləyin