ABŞ və İran arasında buna baxmayaraq, diplomatik əlaqələr və təmaslar mövcuddur. Hətta İsrailin başladığı müharibə dövründə də bu cür təmasların olduğu barədə ciddi işarələr var. Lakin bu təmasların ictimaiyyətə açıq şəkildə təşkili müəyyən çətinliklərlə üzləşəcək.
Əsas məqam ondan ibarətdir ki, İran-ABŞ təmaslarının bərpası, çox güman ki, ABŞ-Rusiya kommunikasiya kanallarının bərpasından asılı olacaq. Bu əlaqələr də uzun müddətdir kəsilib və daha çox “kulisarxası” səviyyəyə keçib. Kulisarxası danışıqlar isə daha yavaş temp və aşağı intensivlik deməkdir, bu isə effektivlik baxımından tamamilə fərqli səviyyə yaradır.
Üstəlik, İran-ABŞ prosesi təkcə ABŞ-Rusiya prosesindən sonra başlamayıb, eyni zamanda onunla paralel şəkildə əlaqələndirilmiş şəkildə inkişaf edib. Bunu sübut edən faktlardan biri də İran-ABŞ görüşlərindən dərhal əvvəl ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Uittkoffun və ya İran tərəfdən Əraqçinin Rusiya tərəfi ilə əlaqəyə keçməsi olub.
Bu isə tamamilə məntiqli və orqanik bir haldır, çünki bir sıra vacib amilləri nəzərə almaq lazımdır. O cümlədən Donald Trampın prezidentliyə başlamasından üç gün əvvəl İran və Rusiya arasında böyük strateji müqavilə imzalanmışdı ki, bu da nüvə texnologiyaları sahəsində əməkdaşlığa ciddi təsir edir.
Cənubi Qafqaz üçün isə bu iki prosesin sabit şəkildə bərpası olduqca önəmlidir. Şübhəsiz ki, bu proseslər məzmun baxımından bir-biri ilə tam uyğun deyil. Lakin onların sabit şəkildə mövcudluğu təhlükəsizlik mühitini daha idarəolunan edir və bu idarəolunanlıq üçün lazım olan “qiymətləndirmə” risklərini əhəmiyyətli dərəcədə azaldır.
Asif Cəfərov
Ordu.az