Bakının bu hadisəyə etirazı rəsmi şəkildə verilib. Rusiya diplomatına nota təqdim olunub, hadisənin ciddi şəkildə araşdırılması və günahkarların cəzalandırılması tələb edilib. Amma Rusiya tərəfi bu tələbləri qulaqardına vurmaqda davam edir. Bu, təkcə Azərbaycan dövlətinə yox, bütün azərbaycanlılara qarşı açıq-aşkar hörmətsizlikdir. Rusiyanın münasibəti bir daha sübut edir ki, bu ölkə Azərbaycana heç vaxt dost olmayıb və heç vaxt da olmayacaq. Özünü “strateji tərəfdaş”, “müttəfiq”, “regionda sabitliyin təminatçısı” kimi təqdim edən Rusiya əslində bölgədə gərginlik yaradan, müstəqil dövlətlərə qarşı imperialist siyasət yürüdən bir gücdür.
Rusiyanın davranışları bununla bitmir. Hələ 2023-cü ilin dekabrında Azərbaycanın mülki təyyarəsi Çeçenistan üzərində vurulmuşdu. O zaman da Rusiya tərəfi məsuliyyəti boynuna almaqdan imtina etmişdi. Azərbaycan bu məsələdə dəfələrlə izahat tələb etsə də, Moskva susqunluqla cavab verib. Belə çıxır ki, Rusiya üçün azərbaycanlıların həyatının heç bir dəyəri yoxdur. Öz maraqları naminə kimliyindən və statusundan asılı olmayaraq azərbaycanlılara qarşı istənilən zorakılığı haqlı çıxarmağa hazırdır.
Bundan əlavə, mayın 6-da, yəni Qələbə günü tədbirindən cəmi üç gün əvvəl Rusiyanın hava limanında Azərbaycanın hakim partiyasından olan deputatın ölkəyə girişinə qadağa qoyulması da təsadüfi deyil. Rusiya belə davranışlarla açıq-aşkar təhqir siyasəti yürüdür və Azərbaycanın dövlət rəsmilərinə qarşı qərəzli mövqe nümayiş etdirir. Bütün bunların fonunda Prezident İlham Əliyevin 9 May Qələbə paradına qatılmaması tamamilə haqlı və prinsipial qərar idi. Bu, artıq təhqirə təhəmmül etməyən, öz dövlətinin və xalqının ləyaqətini qoruyan rəhbərin addımı idi.
Rusiya açıq şəkildə Azərbaycanı cəzalandırmağa çalışır. Bunun səbəbi sadədir: Azərbaycan öz milli maraqları naminə müstəqil siyasət aparır, regionda balanslı və prinsipial mövqe tutur. Bu isə Kremlin imperialist maraqları ilə ziddiyyət təşkil edir. Moskva hələ də keçmiş SSRİ dövrünün ruhu ilə yaşayır və düşünür ki, Azərbaycan da daxil olmaqla keçmiş müttəfiqləri onun təsiri altında qalmalıdır. Amma artıq bu dövrlər keçmişdə qalıb. Azərbaycan öz dövlət suverenliyini və milli maraqlarını müdafiə etməyə qadir, beynəlxalq müstəvidə nüfuzlu bir dövlətdir.
Rusiya isə bu reallığı qəbul edə bilmir. Ona görə də hər fürsətdə Azərbaycanı aşağılamağa, təhdid etməyə, təzyiq göstərməyə çalışır. Bu siyasət həm də daxili auditoriyaya yönəlib – Rusiyada azərbaycanlılara qarşı nifrət hissi artırılır, etnik ayrı-seçkilik təbliğ olunur, cəmiyyət azərbaycanlılara qarşı qızışdırılır. Bu isə təkcə siyasi yox, həm də humanitar fəlakətə gətirib çıxara bilər.
Azərbaycan dövləti bu məsələdə son dərəcə sərt və prinsipial mövqe tutur. Moskva Azərbaycanın etimadını yerlə bir edib. Bu ölkə nə müttəfiqdir, nə tərəfdaş, nə də qonşu məsuliyyəti daşıyan bir dövlətdir. Rusiya sadəcə olaraq, öz maraqları naminə kimliyindən asılı olmayaraq hər kəsi qurban verməyə hazır olan bir rejimdir.
Firuz Bağırov
Ordu.az