Məqalədə guya İran Prezidentinin Azərbaycan Prezidentinə “İsrailin İran əleyhinə fəaliyyətlərdə Azərbaycan ərazisindən istifadə etməsi” ilə bağlı rəsmi irad bildirdiyi, Azərbaycanın isə bunu “anlamsızlıq” adlandıraraq münasibətləri gərginləşdirdiyi iddia edilir. Əslində isə reallıq tamamilə fərqlidir.
İlham Əliyev və Məsud Pəzəşkiyan arasında keçirilmiş telefon danışığı zamanı İran tərəfinin bəzi iddialarla bağlı narahatlığını ifadə etməsi diplomatik etika və qarşılıqlı etimad prinsipləri çərçivəsində qarşılanıb. Prezident İlham Əliyev öz çıxışında “Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələr və yalanlara əsaslanan məlumatlar yayılır” deyə vurğulayıb. O, İranla dostluq münasibətlərinə daim xüsusi önəm verdiyini dəfələrlə bəyan edib və Azərbaycanın ərazisinin heç bir dövlətə qarşı istifadə edilməsinə yol verilmədiyini açıq şəkildə bildirib.
Əgər hansısa iddialar varsa, İran bu məsələləri Azərbaycanla ikitərəfli mexanizmlər vasitəsilə və konstruktiv şəkildə müzakirə edir və etməlidir. Prezident Pezəşkianın yeni dönəmdə rəsmi Bakı ilə münasibətləri daha da inkişaf etdirmək arzusunu ifadə etməsi isə bu dialoqun sağlam zəmin üzərində davam etdirildiyini göstərir.
İsrailin İranla müharibədə Azərbaycan ərazisindən istifadə etməsi iddiası, ilk növbədə, Ermənistanın informasiya mənbələri və bəzi Qərb yönümlü ekspert şəbəkələrinin yaydığı yalan məlumatlara əsaslanır. Ermənistan bu iddiaları dəstəkləyərək, özünü İranın regiondakı “təhlükəsizlik tərəfdaşı” kimi təqdim etməyə və Tehranla Bakı arasında inamsızlıq yaratmağa çalışır. Lakin İranın rəsmi mövqeyi bu cür manipulyativ yanaşmaları dəstəkləmir.
Qeyd edilməlidir ki, Ermənistan özü uzun illər boyu Qərb və İsrail xüsusi xidmət orqanlarının regiondakı “arxa platforması” kimi fəaliyyət göstərib. Məhz İrəvanın İsrailə qarşı ritorikasına baxmayaraq, bu ölkədə illər ərzində MOSSAD və digər qərbyönlü strukturların fəaliyyəti üçün açıq imkanlar yaradılıb. Bunun fonunda Azərbaycanın İranla münasibətləri daim strateji qarşılıqlı hörmət və prinsipiallıq əsasında qurulub.
İlham Əliyevin “şayiələr və yalanlara əsaslanan məlumatlar yayılır” açıqlaması, əslində, Ermənistanın dezinformasiya siyasətinə birbaşa cavabdır və İrana qarşı yönəlməyib. Azərbaycan Prezidentinin sözləri əslində Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitini pozmaq istəyən dairələrə ünvanlanıb.
Bu cür təxribatçı media yazılarının məqsədi yalnız İranla Azərbaycan arasında münasibətləri zədələmək deyil, eyni zamanda bölgədə Türk-İslam əməkdaşlığını, Azərbaycan-Türkiyə-İran formatını zəiflətməkdir. Ermənistanın belə yazılar vasitəsilə İranı aldatmaq cəhdləri Tehran tərəfindən aydın şəkildə dəyərləndirilməli və rədd edilməlidir.
İranın yeni rəhbərliyi ilə qurulan dialoq xətti Azərbaycanla münasibətlərin inkişafı üçün geniş imkanlar yaradır. Regionda yeni geosiyasi düzən formalaşarkən, Azərbaycan və İran bu proseslərdə bir-birinin suverenliyinə və təhlükəsizlik maraqlarına hörmət prinsipi əsasında əməkdaşlıq etməlidir.
Aqil Məmmədov
Ordu.az