Erməni müəllif regiondakı prosesləri “ideoloji dövlətlərin süqutu” və “aparıcı güclərin yeni dünya düzəni”ndə “gəmirici gücləri” zəiflətmək cəhdi kimi təqdim edir. Bu baxış formal olaraq hər nə qədər düzgün səslənsə də, onun fonunda Ermənistanın məhz ideoloji manipulyasiya və tarixi miflər üzərində qurduğu dövlətçiliyi unudur. Yəni əgər ABŞ-nin, Rusiyanın və ya Çinin strategiyası ideoloji dövlətləri dağıtmaq və reallıqlar üzərində qurulmuş iqtisadi layihələri önə çəkməkdirsə, o zaman bu gedişatın ilk “qurbanı” elə Ermənistanın özü olmalıdır. Çünki Ermənistan “qondarma soyqırım”, “miatsum”, “artsax”, “erməni sivilizasiyası” kimi mifoloji konsepsiyalarla özünü həm regionda, həm də beynəlxalq aləmdə mövqeləndirməyə çalışır. Bu mifoloji təməllər isə artıq XXI əsrin real güc siyasətində yer almır.
Məqalədə Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbənin yalnız “daha güclünün diktəsi” ilə izah olunması da erməni tərəfinin reallığı qəbul etmək istəmədiyini göstərir. Ermənistan ictimai fikri hələ də anlamır ki, həmin müharibə təkcə Azərbaycan ordusunun hərbi və texnoloji üstünlüyünün deyil, həm də Azərbaycanın diplomatik və informasiya səviyyəsində apardığı ağıllı və məqsədyönlü siyasətin nəticəsi idi. Ən önəmlisi isə odur ki, Azərbaycan Cənubi Qafqazda öz suverenliyini tam bərpa etməklə regionda sabitliyin və inkişafın əsas sütunlarından birinə çevrildi.
Erməni müəllifin “Ermənistan yenə də tək qalacaq, çünki dünya gücləri yalnız öz maraqlarını düşünür” qənaəti, bir tərəfdən obyektiv reallığın qəbuludur, digər tərəfdən isə Ermənistanın geosiyasi adaptasiya qabiliyyətinin zəifliyinə işarədir. Belə ki, Ermənistan bu gün də regionda əməkdaşlıq platformalarında iştirak etmək əvəzinə, özünü daima ya Rusiyaya, ya Qərbə, ya da İrana “bağlamaq” dilemması ilə üz-üzə qoyur. Halbuki, yeni geosiyasi düzən əməkdaşlığa açıq, çoxtərəfli siyasət yürüdən və ideoloji deyil, praqmatik mövqe tutan dövlətləri irəli aparır.
Məqalədə İran-İsrail-ABŞ qarşıdurmasından danışılaraq Ermənistan üçün “zəng təhlükəsi” və “zənglərin kimə çalındığı” kimi qeyri-müəyyən simvolik ifadələr işlədilir. Lakin əslində bu gün zənglər Ermənistanın öz siyasi və dini strukturlarındakı xaos, korrupsiya və suverenlik böhranına görə çalınır. Rusiya mediasında Samvel Karapetyan ətrafında aparılan kampaniya Ermənistanın daxili sabitliyinin zəifliyini və onun Rusiyadan asılılığının necə təhlükəli vəziyyətə gəlib çatdığını sübut edir.
Ermənistan rəhbərliyinə düşən əsas vəzifə ideoloji miflərə söykənən siyasət yerinə, iqtisadi və diplomatik baxımdan güclü dövlətlərlə realist münasibətlər qurmaq və Cənubi Qafqazın yeni düzəninə uyğunlaşmaqdır. Əks halda, Ermənistanın “ideoloji romantizmi” onu tamamilə kənarda qoyacaq – necə ki 44 günlük müharibədə və sonrakı proseslərdə kənarda qaldı.
Ermənistanın “zənglərin kimin üçün çalındığını” düşünmək yerinə, real zəngin səsini eşidib ayılmağa və regionda sabitlik üçün praktik addımlar atmağa ehtiyacı var.
Aqil Məmmədov
Ordu.az