Əslində isə məsələnin texniki standartlarla bağlı olmadığı açıq şəkildə görünür. Ortaya çıxarılan bu narahatlıq daha çox xəbərdarlığa bənzəyir. Ermənistan daxilində elə bir miqyasda və sürətdə standartlaşdırma prosesi getmir ki, bu, AİB miqyasında ciddi təhlükə sayılsın. Rusiya tərəfinin bu mövzunu gündəmə gətirməsinin arxasında daha dərin və strateji motivlərin dayandığı aydındır.
İlk növbədə qeyd edilməlidir ki, Ermənistanın Avropa İttifaqına inteqrasiya prosesi yalnız deklarativ bəyanatlardan ibarətdir. İndiyədək bu istiqamətdə qəbul edilən qanun və qərarlar real və praktik nəticələr doğurmayıb. Hətta bu gün üçün Avropa İttifaqı özü belə Ermənistanın tamhüquqlu üzvlüyündən danışmır. O halda sual yaranır: Moskva niyə məhz indi bu məsələni gündəmə gətirdi?
Cavab aydındır. Rusiya Ermənistandakı daxili prosesləri, xüsusilə qarşıdan gələn seçki dövrünü, həmçinin İrəvanın Türkiyə və Azərbaycanla apardığı münasibətlərin fonunu yaxından izləyir. Bu səbəbdən də Moskva texniki məsələləri əsas gətirib İrəvana siyasi mesaj göndərir. Bu, həm də Ermənistanın bir müddətdir Qərbə meyilli siyasət yürütməsinə qarşı Kremlin narazılığının açıq ifadəsidir.
Rusiya bu məktubla İrəvana xəbərdarlıq edir: Ermənistan tərəfi AİB öhdəliklərini unutmasın, iqtisadi inteqrasiya məsələlərində qeyri-sabit və qeyri-səmimi addımlar atmasın. Bu xəbərdarlıq, eyni zamanda, Ermənistanın regiondakı proseslərdə özünü birtərəfli şəkildə təqdim etməsinə qarşı siyasi balansın bərpa cəhdidir.
Üstəlik, bu cür diplomatik bəyanatlar Kremlin daxilində də müəyyən qarşıdurmaların və müxtəlif dairələrin Ermənistanla bağlı fərqli yanaşmalarının göstəricisi ola bilər. Overçukun açıqlaması bu mənada yalnız texniki məsələ deyil, həm də Rusiya hakimiyyətində İrəvanla münasibətlərə dair mövqelərin sərtləşdiyini göstərir.
Nikol Paşinyanın Valentina Matviyenkoya “Putin-Paşinyan xətti vasitəsilə sabit mexanizm qurulub” bəyanatı isə bu proseslərin fonunda reallıqdan uzaq görünür. Belə görünür ki, bu “mexanizm”in nə dərəcədə effektiv olub-olmayacağı, yalnız qarşıdakı mərhələdə İrəvanın hansı tonda danışacağından və hansı real addımları atacağından asılı olacaq.
Aqil Məmmədov
Ordu.az