Sülh sənədi, yoxsa strateji transformasiya? Azərbaycanın üstün rolu

2025/06/prez2-1751019519.jpg
Oxunub: 694     19:35     27 İyun 2025    
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun bəyanatı, Ermənistan və Azərbaycanın sülh sazişinə heç vaxt olmadığı qədər yaxın olduqları barədə verdiyi fikir regionda gedən geosiyasi proseslər fonunda xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, Əmirbəyovun Azərbaycanın əsas şərtlərini bir daha səsləndirməsi – Ermənistan Konstitusiyasının dəyişdirilməsi, ATƏT-in Minsk qrupunun tam ləğvi və regionda yeni logistik marşrutların – xüsusilə Zəngəzur dəhlizinin açılması, bu sülh prosesinin yalnız rəsmi sənəd deyil, həm də geopolitik yenidənqurma məqsədi daşıdığını açıq şəkildə göstərir.

Azərbaycanın şərtləri beynəlxalq hüquqa və regional təhlükəsizliyə tam uyğundur. Ermənistanın Konstitusiyasında yer alan ərazi iddiaları, sülh danışıqlarının ruhuna zidd olmaqla yanaşı, illərdir regionda sabitliyin əsas əngəllərindən biri kimi çıxış edib. Ermənistan hökuməti öz təxribatçı ritorikası və beynəlxalq mexanizmləri manipulyasiya etmə cəhdləri ilə həm regionda, həm də Qərb dairələrində etimad itirib. Minsk qrupu isə faktiki olaraq fəaliyyətsiz bir struktura çevrilib və onun formal olaraq da ləğv edilməsi Azərbaycanın legitim tələblərindən biridir.

Ermənistanın sülh prosesinə yanaşması da konstruktivlikdən uzaqdır. Zəngəzur dəhlizi məsələsində İrəvanın qeyri-müəyyən və bəzən açıq-aşkar təxribatçı mövqeyi bu marşrutun region üçün nə qədər vacib olduğunu dərk etməməsindən deyil, sadəcə regional inkişafın qarşısını almaq cəhdindən qaynaqlanır. Halbuki həmin 40 kilometrlik dəhlizin açılması Cənubi Qafqazda yeni iqtisadi dövrün başlanğıcı ola bilər. Bu, təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün region üçün əhəmiyyətli logistik və ticarət perspektivləri açır. Əgər Ermənistan bu dəhlizdən imtina edərsə, özü-özünü regiondan təcrid etmiş olacaq.

Türkiyə bu marşrutu strateji prioritet kimi görür və haqlıdır. Bu dəhliz təkcə Naxçıvanla Azərbaycanın quru əlaqəsini bərpa etməklə qalmır, həm də Türkiyədən Orta Asiyaya uzanan yeni bir ticarət xətti yaradır. Avropa İttifaqı üçün də bu dəhliz Orta Dəhlizin əsas halqalarından biri olmaqla, Çin-Avropa yükdaşımalarında Rusiyadan asılılığı azaldacaq alternativ yol kimi çıxış edə bilər. Bu baxımdan, Ermənistanın süni şəkildə bu prosesi ləngitməsi faktiki olaraq həm özünün, həm də regionun iqtisadi rifahına qarşı yönəlmiş addımdır.

Çin Xalq Respublikasının bu marşruta olan marağı da nəzərə alınmalıdır. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Pekinə rəsmi səfəri bu marağın fonunda baş tutsa da, İrəvan bu istiqamətdə konkret və rasional təkliflər irəli sürmək əvəzinə, regional proseslərdə spekulyativ və passiv mövqe tutmağa üstünlük verir. Bu, nə Çin, nə də digər beynəlxalq oyunçular üçün etibarlı tərəfdaş imici formalaşdırmır. Ermənistan sadəcə oyun izləyicisinə çevrilib, halbuki Azərbaycan proseslərin əsas istiqamətləndirici qüvvəsidir.

Rusiyanın bu məsələyə yanaşması da maraqlarını açıq şəkildə ortaya qoyur: Moskva dəhlizin yalnız öz nəzarəti altında fəaliyyət göstərməsini istəyir. Bu isə göstərir ki, Azərbaycanla Ermənistan arasındakı sülh sazişi təkcə iki ölkə arasındakı razılaşma deyil, həm də böyük güclərin Cənubi Qafqazdakı maraqlarının toqquşduğu məqamdır. Qərbin mövqeyi isə əksinə olaraq, Rusiyanı regiondan sıxışdırıb çıxarmaq, yolları nəzarətsiz və sərbəst ticarət axını üçün açıq hala gətirməkdir.

Türkiyə bu iki qüvvənin – Rusiya və Qərbin – rəqabətindən öz milli maraqlarına uyğun şəkildə faydalanmaq istəyir. Bu isə anlaşılandır və Azərbaycanın da maraqlarına uyğundur. Çin isə hələlik konkret mövqe ortaya qoymayıb. Ola bilsin ki, Pekin ya prosesləri müşahidə edir, ya da öz siyasi çəkisini artırmaq üçün doğru anı gözləyir. Lakin real güc balansına nəzər saldıqda, Azərbaycan və Türkiyənin təşəbbüslərinin – xüsusilə Zəngəzur dəhlizi layihəsinin – regionun gələcəyini formalaşdıran əsas konturları müəyyən etdiyi aydın görünür.

ABŞ prezidenti Donald Trampın Çinlə ticarət sazişi imzaladıqlarını bildirməsi, həmçinin Hindistanla da buna hazırlaşmaları bu marşrutların yalnız regional deyil, həm də qlobal əhəmiyyət daşıdığını təsdiqləyir. Əgər ABŞ və Çin arasında yeni ticarət marşrutları formalaşırsa və bu yollar Avropaya uzanırsa, Cənubi Qafqaz bu logistik xəritədə həlledici rola malik olacaq. Bu isə bir daha göstərir ki, Ermənistan əgər bu imkanlara qarşı çıxırsa, təkcə özünü yox, həm də bölgəni gələcəkdən məhrum edir.

Beləliklə, Azərbaycan regionun gələcəyini formalaşdıran əsas aktordur. Ermənistan isə öz destruktiv mövqeyi ilə bu proseslərdə yalnız maneə funksiyası yerinə yetirir. Sülh sazişinin imzalanması regional sabitlik və əməkdaşlığın təməli olmaqla yanaşı, həm də yeni bir iqtisadi sistemin əsasını qoyacaq. Bu reallığı görmək və qəbul etmək isə yalnız rasional siyasət yürüdən aktorların imtiyazıdır.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Sülh   Ermənistan  


Bizi "telegram"da izləyin