Azərbaycan-Ermənistan sülh prosesində Ankara faktoru: Yeni görüşün moderatoru kim olacaq?

2025/05/1747476405.jpg
Oxunub: 871     18:34     27 İyun 2025    
Ermənistanın xarici işlər nazirinin müavini bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi üzrə danışıqlar dalana dirənməyib, lakin irəliləyiş üçün yeni görüşə ehtiyac var və rəsmi İrəvan belə bir görüşün təşkil olunacağına ümid edir. Kostanyan dəqiq açıqlamayıb ki, söhbət xarici işlər nazirləri səviyyəsində, yoxsa dövlət başçıları arasında görüşdən gedir. O, sadəcə, bu görüşün təşkili üçün müəyyən hazırlıqların görüldüyünü qeyri-rəsmi şəkildə etiraf edib.

Əgər belə hazırlıq varsa, deməli, ən azı qeyri-formal vasitəçilik səviyyəsində təşəbbüskar bir tərəf də mövcuddur. Bu halda sual yaranır: bu vasitəçi kim ola bilər? Azərbaycan-Ermənistan görüşünün ideyası çox güman ki, iyunun 19-da Azərbaycanın Prezidenti İlham Əliyevin, iyunun 20-də isə Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyədə olarkən Prezident Rəcəb Tayyib Ərdoğanla ayrı-ayrılıqda keçirdikləri görüşlərdə gündəmə gəlib. İstisna edilə bilməz ki, bu görüşlər təkcə ümumi mövzuları deyil, həm də bir-birini tamamlayan məzmunu əhatə edib.

Əgər Azərbaycan-Ermənistan görüşü ilə bağlı ilkin müzakirələr Türkiyədə aparılıbsa və Ankara bu prosesin qeyri-formal moderatorudur, o zaman ehtimal ki, bu görüşün baş tutması üçün dördüncü tərəfin, yəni bir üçüncü ölkənin ev sahibliyinə də ehtiyac olacaq. Çünki bu cür görüşlər adətən neytral və qəbulolunan bir məkanda baş tutur. Azərbaycan-Ermənistan görüşünün Türkiyədə keçirilməsi ehtimalı, geosiyasi səbəblərdən real görünmür. Buna görə də, görüş üçün uyğun bir ölkənin texniki və diplomatik baxımdan əlaqələndirilməsi də vacibdir. Bu mənada görüşün məkanı ayrı-ayrı dövlətlərlə koordinasiya tələb edir, amma əsas məsələ məkan deyil, məzmundur.

Əgər doğrudan da yeni görüş müzakirə olunursa, bu, o deməkdir ki, Türkiyədə keçirilən danışıqların rəsmi bəyanatlarla açıqlanmayan hissəsində ciddi və məzmunlu mövzular müzakirə olunub. Ermənistanın XİN rəhbərinin müavini tərəfindən ifadə edilən ümid də məhz bu prosesin davamı olaraq formalaşıb.

Digər tərəfdən, prosesə Çin tərəfinin də müəyyən mənada maraq göstərə biləcəyi istisna deyil. Belə ki, bu günlərdə Ermənistanın xarici işlər naziri Çində rəsmi səfərdədir. Pekinin həm də Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə malik olması Çinin müəyyən texniki və ya diplomatik dəstək imkanlarını gündəmə gətirə bilər. Lakin bu ehtimal yalnız tamamlayıcı element ola bilər. Əsas moderator və təşəbbüskar aktor isə həm regional güc, həm NATO üzvü, həm də Azərbaycanla strateji müttəfiq olan bir dövlət olaraq açıq şəkildə Türkiyədir.

Beləliklə, istər məkan baxımından, istərsə də məzmun baxımından yeni Azərbaycan-Ermənistan danışıqlarının koordinasiyasında Türkiyənin rolu danılmazdır. Ermənistan tərəfi isə prosesin əsas mahiyyətindən yayınaraq ümid bəyanatları ilə məsələni uzatmağa çalışır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan   Türkiyə  


Bizi "telegram"da izləyin