Siyasi ekstremizmin mərkəzinə çevrilmiş Ermənistan: Təhlükə bütün Cənubi Qafqazı təhdid edir

2019/12/00-30-1575976183.jpg
Oxunub: 946     17:21     27 İyun 2025    
2025-ci ilin iyununda Ermənistan siyasi səhnəsində baş verən hadisələr bu ölkədə qeyri-konstitusion rejim dəyişikliyinə yönəlmiş təhlükəli planların artıq açıq-aşkar müzakirə edildiyini göstərir. Hələ 2020-ci ilin kapitulyasiyasından sonra siyasi avantürizmə yuvarlanan erməni cəmiyyətində indi daha ciddi bir təhlükə – silahlı çevriliş və qanunsuz rejim qurmaq niyyəti – açıq şəkildə səsləndirilir.

Ermənistan parlamentindəki “Hayastan” fraksiyasının üzvü Lilit Qalstyanın sosial şəbəkədə etdiyi paylaşım, əslində, son günlərdə ölkədə baş verən təhlükəli prosesləri adi hal kimi təqdim etməyə yönəlib. O, hüquq-mühafizə orqanlarının qanuni tədbirlərini “maskalı şou”, qanunsuz silah və partlayıcıları isə “uşaq oyuncağı” adlandırır. Bu, Ermənistan müxalifətinin hansı səviyyədə reallıqdan uzaq düşdüyünün və radikal ideologiyanı müdafiə etdiyinin göstəricisidir.

Ən ciddi təhlükə isə “Müqəddəs Hərəkat” adlandırılan və faktiki olaraq silahlı müqavimətə çağırış edən qrupun rəhbərinin açıq bəyanatında ifadə olunub: “Biz onları tezliklə məhv edəcəyik və 2026-cı il seçkiləri artıq VM (Nikol Paşinyanın rəhbəri olduğu partiya) olmadan keçiriləcək”. Belə bəyanatlar Ermənistanda siyasi rəqabəti məhv etməyə, legitim siyasi qüvvəni qadağan etməyə və konstitusiya quruluşunu zorla dəyişməyə yönəlib.

Bu təhdidlərin fonunda diqqətçəkən daha bir hadisə isə “YouTube” platformasında yayımlanan gizli videodur. Burada Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapahyanın müxalif siyasətçilərlə keçirdiyi görüş ifşa olunur. Videoda arxiyepiskop açıq şəkildə etiraf edir ki, 44 günlük müharibə zamanı sabiq prezident Robert Köçəryanı hərbi çevrilişə çağırıb. Üstəlik, o, siyasi texnologiya dərsi keçərək Ermənistan vətəndaşlarına bildirir ki, hakimiyyətə gəlməyin üç yolu var: seçkilərdə qalib gəlmək, kütləvi xalq üsyanı və ya silahlı çevriliş.

Daha dəhşətlisi odur ki, erməni arxiyepiskop bu yollar arasında yalnız sonuncusunun – zorakılığın mümkün olduğunu etiraf edir və bildirir ki, seçki ilə Paşinyanı məğlub etmək mümkün deyil, xalq da üsyana qalxmayacaq. Bu etiraf Ermənistan kilsəsinin və radikal müxalifətin ideoloji və praktiki cəhətdən terror meyilli düşüncəyə sahib olduğunu ortaya qoyur. Yəni burada söhbət artıq siyasi fikir mübarizəsindən yox, silah gücünə dövlətə qarşı çıxmaq niyyətindən gedir.

Təəssüf ki, Ermənistan cəmiyyətində belə radikal və qanunsuz çağırışlar hələ də cəzasız qalır. Hüquq-mühafizə orqanlarının qanuni əməliyyatları isə “şou” kimi təqdim olunur. Halbuki istənilən ölkədə bu cür bəyanatlar, xüsusilə kilsə və siyasətçi əməkdaşlığı fonunda səsləndikdə, milli təhlükəsizlik üçün “qırmızı xətlər”in keçilməsi deməkdir.

Bu gün Ermənistanda gedən ideoloji savaşın mərkəzində Paşinyan hökumətinə qarşı “nikolizmə qarşı mübarizə” adı altında həyata keçirilən və açıq şəkildə “Vətəndaş Müqaviləsi” partiyasını siyasi sistemdən çıxarmağa yönələn təhlükəli tendensiya dayanır. Bu isə siyasi rəqabətin yox edilməsi və totalitar meyillərin təşviqi deməkdir.

Təcrübə göstərir ki, belə ritorika yalnız daxili gərginliyi artırmaqla kifayətlənmir, həm də regionda yeni silahlı qarşıdurmalar üçün zəmin yaradır. Bu, Qarabağ müharibəsinin nəticələrini qəbul edə bilməyən radikal qüvvələrin yeni “Artsax” ssenarisini Ermənistanda tətbiq etmək niyyətini xatırladır. Bu dəfə məqsəd Azərbaycan yox, Ermənistan daxilində zorakılıq yolu ilə hakimiyyətə gəlməkdir.

Ermənistanda “Artsax” presedenti indi bu ölkənin daxilində silahlandırılmış kilsə-müxalifət blokunun timsalında yenidən canlandırılır. Əgər beynəlxalq ictimaiyyət, eləcə də Ermənistanın sivil toplum təbəqələri bu təhlükəni vaxtında neytrallaşdıra bilməsə, nəticələri təkcə Ermənistana deyil, Cənubi Qafqaz regionuna ciddi təsir edə bilər.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Siyasi-ekstremizm  


Bizi "telegram"da izləyin