İran-Azərbaycan münasibətləri kontekstində erməni dezinformasiyası: “Sarı vərəqə” təxribatı

2025/06/baku-1751019271.jpg
Oxunub: 926     16:22     27 İyun 2025    
Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkian arasında baş tutmuş son telefon danışığı bəzi erməni və İran mənbələri tərəfindən təhrif edilərək ictimaiyyətə təqdim olunmağa çalışılıb. Xüsusilə Ermənistanın “1in.am” portalında yayımlanan bir məqalədə Pezeşkianın bu söhbət zamanı guya Azərbaycanın İsrailin İrana qarşı fəaliyyəti üçün hava məkanından istifadə etməsi ilə bağlı “açıq xəbərdarlıq” etdiyi və bunun “sarı vərəqə” xarakteri daşıdığı iddia olunur. Həmin məqalədə əlavə olaraq vurğulanır ki, bu, sadəcə diplomatik narahatlıq deyil, həm də konkret sübutların Tehranın əlində olduğu bir şəraitdə irəli sürülmüş ittihamdır. Lakin bu iddialar heç bir rəsmi mənbə ilə təsdiqlənmir və açıq şəkildə informasiya manipulyasiyası məqsədi daşıyır.

Rəsmi İran xəbər agentliyi IRNA-nın yaydığı xəbərə əsasən, Pezeşkian yalnız bəzi məlumatların – yəni İsrailin Azərbaycan ərazisindən istifadə etmə ehtimalına dair yayılan xəbərlərin – araşdırılmasını istəyib. Bu isə birbaşa ittiham və ya xəbərdarlıq deyil, ehtiyatlı diplomatik müraciət xarakteri daşıyır. Əgər İran Prezidentinin əlində real və sübuta yetərli dəlillər olsaydı, bu məsələ nəinki telefon danışığında bu qədər yumşaq formada qaldırılardı, eyni zamanda Tehran onu daha sərt tonla və beynəlxalq platformalarda qaldırmaqdan çəkinməzdi. Bundan əlavə, Prezident İlham Əliyevin həmin danışıqda Azərbaycan hava məkanının heç vaxt və heç bir dövlət tərəfindən İrana qarşı istifadə edilmədiyini vurğulaması ölkəmizin bu məsələdəki prinsipial mövqeyinin və suverenlik hüququnun göstəricisidir.

Telefon danışığının Azərbaycan tərəfi tərəfindən yayımlanan məzmununda bu məsələ ümumiyyətlə qeyd olunmur. Bu da onu göstərir ki, həmin “müzakirə” yalnız İran tərəfinin media vasitəsilə ictimailəşdirdiyi, öz kontekstində şərh etdiyi və sonradan bəzi dairələr tərəfindən manipulyasiya edilən bir epizoddur. Əgər bu, qarşılıqlı narazılıq və ya təhlükəli gərginlik doğuracaq bir məsələ olsaydı, Azərbaycan tərəfi də bu barədə bəyanat verərdi. Lakin bu baş verməyib. Deməli, real və gərgin bir diplomatik qarşıdurma yoxdur.

Erməni mediasının – xüsusən “1in.am” saytının – bu kimi iddiaları dövriyyəyə buraxması təsadüfi deyil. Ermənistan istər regiondakı siyasi dinamikanı öz maraqları çərçivəsində formalaşdırmaq, istərsə də Azərbaycanla İran arasında gərginlik görüntüsü yaratmaq üçün zaman-zaman bu kimi informasiya kampaniyalarına əl atır. Lakin bu cəhdlər nə ilkdir, nə də sonuncu olacaq. Gerçək odur ki, İran və Azərbaycan arasında münasibətlər mürəkkəb, lakin sabit diplomatik çərçivədə inkişaf edir. Tərəflər müxtəlif mövzularda fikir ayrılığı yaşasa da, dialoq və qarşılıqlı hörmət çərçivəsində irəliləyirlər.

İranın bəzi dairələrinin İsrailin regiondakı fəaliyyəti ilə bağlı narahatlıq keçirməsi başadüşüləndir. Lakin bu narahatlığın Azərbaycana yönəlməsi əsassızdır. Azərbaycan müstəqil və balanslı xarici siyasət yürüdür, heç bir üçüncü tərəfin maraqları naminə qonşu dövlətlərə qarşı öz ərazisindən istifadə olunmasına imkan vermir. Azərbaycan ərazisindən İrana qarşı İsrailin hərbi əməliyyatlar həyata keçirməsi ilə bağlı iddialar əvvəllər də müxtəlif kanallarla yayılıb və bunların heç biri sübut olunmayıb. Həmin məlumatların böyük əksəriyyəti anonim, qeyri-rəsmi və məqsədli mənbələrdən gəlirdi. İndi isə eyni cəhd daha rəsmi ritorikaya büründürülməyə çalışılır.

Bununla yanaşı, İranın IRNA vasitəsilə bu məlumatı ictimailəşdirməsi də daxili siyasi mülahizələr baxımından anlaşılandır. Yeni seçilmiş prezidentin regional sabitlik və təhlükəsizlik məsələlərində qətiyyət göstərdiyini nümayiş etdirmək cəhdi olaraq, bu xəbər ictimaiyyətə təqdim oluna bilər. Lakin bu, Azərbaycanın siyasi mövqeyinə qarşı real bir təzyiq vasitəsi kimi şərh edilə bilməz. İranın regiondakı siyasətində balansın qorunması və qonşularla münasibətlərin saxlanması Tehranın da maraqlarına uyğundur. Buna görə də belə bir telefon danışığını “sarı vərəqə” kimi təqdim etmək qeyri-ciddidir.

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, ölkə ərazisi heç bir halda başqa bir dövlətə qarşı istifadə olunmur. Bu prinsip, Azərbaycanın beynəlxalq nüfuzunu və tərəfdaşlıqlara sadiqliyini göstərir. Ermənistanın və onun təsirində olan mediaların bu kimi iddiaları tirajlaması isə daha çox regionda Azərbaycanı təcrid etməyə yönəlik informativ təxribatın bir hissəsidir. Ancaq reallıqda bu, Azərbaycanın maraqlarını və diplomatik müstəqilliyini zərrə qədər də zəiflədə bilməz.

Bu baxımdan, son telefon danışığından çıxarılan “sarı vərəqə” kimi nəticələr tamamilə subyektiv, sübutdan məhrum və siyasi məqsədlərlə şişirdilmiş şərhlərdir. Azərbaycan və İran münasibətlərində hər hansı yeni mərhələdən danışmaq üçün real, rəsmi və konkret addımlar olmalıdır. Hazırda isə belə bir vəziyyət müşahidə olunmur.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Azərbaycan  


Bizi "telegram"da izləyin