Qarabağla bağlı Azərbaycanın mövqeyi beynəlxalq hüquqa tam əsaslanır. Qarabağ münaqişəsi artıq beynəlxalq səviyyədə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapıb. BMT Təhlükəsizlik Şurasının 1990-cı illərdə qəbul etdiyi qətnamələrdə də açıq şəkildə Ermənistanın işğalçı olduğu vurğulanıb və bu fakt heç zaman dəyişməyib. Bütün dünya dövlətləri, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri belə, Azərbaycanın suverenliyini tanıyır. Belə olan halda, hər hansı şəxsin bu ərazilərdə “ermənilərin öz evlərinə qayıtmaq hüququ” adı altında siyasi iddialar irəli sürməsi nə hüquqi, nə də praktiki əsaslara söykənir.
Oskanyanın istinad etdiyi BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il qərarı isə məqsədli şəkildə kontekstdən çıxarılır. Həmin qərar Azərbaycanın suverenliyini şübhə altına almadan, yalnız əhalinin hüquqlarının təmin edilməsinə dair çağırışdan ibarətdir. Lakin bu çağırışlar heç bir halda Azərbaycanda separatçı qurumun yenidən formalaşmasını, yaxud keçmiş status-kvonun bərpasını nəzərdə tutmur. Azərbaycan dövləti müvafiq hüquqi çərçivədə Qarabağ bölgəsində reinteqrasiya siyasətini həyata keçirir və bu proses beynəlxalq ictimaiyyət tərəfindən də anlayışla qarşılanır.
Qarabağ məsələsinin “yenidən danışıqlar masasına gətirilməsi” çağırışı Ermənistan daxilində revanşist qüvvələrin sülhə qarşı apardığı kampaniyanın bir hissəsidir. Bu, Ermənistanı yeni qarşıdurmalara, iqtisadi izolyasiyaya və daxili böhrana sürükləyə bilər. Ermənistan cəmiyyəti artıq anlamalıdır ki, keçmişdəki səhvləri təkrarlamaq region üçün təhlükə mənbəyidir və heç bir halda nəticə verməyəcək. Hərbi və ya siyasi yolla bu məsələni yenidən gündəmə gətirməyə çalışmaq, yalnız Ermənistanı daha da zəiflədəcək.
Hazırkı Paşinyan hökuməti bütün çətinliklərə baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünü tanımaqla real sülh gündəliyinə sadiqlik nümayiş etdirib. Bu, Ermənistana regional əməkdaşlıq imkanlarını açır, iqtisadi dividentlər və kommunikasiyaların açılması perspektivini təqdim edir. Əgər Ermənistan siyasi qüvvələri yenidən “əski status” iddiasına düşərsə, bu, nəinki Azərbaycanla münasibətlərin pozulmasına, həm də beynəlxalq aləmdə Ermənistanın imicinin ciddi şəkildə zədələnməsinə səbəb olacaq.
Oskanyanın çağırış etdiyi “siyasi, hüquqi və institusional baza” yalnız ritorikadır. Beynəlxalq təşkilatların bəyanatları hüquqi baxımdan məcburi deyil və siyasi ritorika səviyyəsində qalır. Qarabağın gələcəyi artıq müəyyən olunub və bu gələcək Azərbaycanın tərkibindədir. İndi əsas məsələ bölgədə yaşayan insanların rifahıdır. Buna mane olmaq istəyən hər kəs isə regionda sabitliyi pozacaq.
Ermənistan hökuməti bu kimi ritorikaların qarşısını almalı, revanşist çağırışlara birdəfəlik son qoymalı və gələcəyini sülh və əməkdaşlıq üzərində qurmalıdır. Əks halda, Ermənistan təcridə məhkum olacaq və inkişafdan daha da geri qalacaq.
Aqil Məmmədov
Ordu.az